12 Yanvar 11:55
4 639

Teleqraf.com nakam şair Mikayıl Müşfiqin dillər əzbəri məhəbbəti olmuş Dilbər xanımın qızı Leyla Axundzadə ilə müsahibəni təqdim edir.

- Son zamanlar görkəmli şair Mikayıl Müşfiqin tərcümeyi-halı, həyatı, ölüm səbəbi ilə bağlı bir sıra məsələlər aktuallaşıb. İstərdik söhbətimizə Dilbər xanımla başlayaq. Müşfiqlə onun tanışlığı necə olub?

- Dilbər xanım 1914-cü ildə Gəncədə anadan olub. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir.

Dilbər xanımın anası atasından ayrılmışdı deyə analığıyla qalırdı. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir.

Anamın o zaman təxminən 5 yaşı varmış, atasının vəziyyəti nisbətən yaxşı olduğuna görə anasıyla getməmişdi, atasının yanında qalmışdı.

İdris Axundzadə elə adam idi ki, evinə həmişə tanınmışlar yığışarmış, məclislər keçirər, ədəbiyyatdan söhbət edərmişlər. Dilbəri Bakıda qızlar məktəbinə qoyurlar, bitirəndən sonra Pedaqoji Texnikumda oxuyur. Pedaqoji İnstitutda oxuyan İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım buraxılış gecəsinə Dilbəri də aparır. Tədbir başlamazdan əvvəl qonaqlar foyedə gözləyirmiş, bir tərəfdə gənc oğlanlar dayanıbmış, onlardan biri yaxınlaşır...

Müşfiq İdris Axundzadəni tanıyırdı, onların məclisində olardı, şeirlərini dinləyərdilər. Fəramuş xanımla salamlaşır, o da qızlara Müşfiqi təqdim edir. Həmçinin Dilbər xanımı göstərib deyir ki, İdris əfəndinin qardaşı qızıdır.

Buraxılış gecəsi başlayanda Müşfiq bilərəkdənmi, yoxsa təsadüfənmi Dilbər xanımdan arxa cərgədə, düz onun tuşunda oturur. Dilbər xanımın uzun hörükləri varmış, onu arxaya atanda Müşfiqin üzünə toxunur. Müşfiqin Dilbər xanıma həsr etdiyi ilk şeiri elə hörüklərlə bağlı olub:

Xayır, hörüklər deyildi ilan,

Əski şairlər söyləmiş yalan...

- Fəramuş xanımı görmüşdünüz?

- Bəli, onu da, onların evində Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanımı da görürdüm, Əhməd Cavadın həyat yoldaşı Şükrüyyə xanımgillə münasibətlərimiz çox yaxın idi.

Onlarda bir adət vardı, həmişə dekabrın 29-da Əhməd Cavadın, Hüseyn Cavidin və İdris Axundzadənin ailəsi bir yerə yığışardı. İdris Axundzadənin oğlu Sabutay indiki Sabunçu rayonunda maarif şöbəsinin müdiri işlədi, onun ad gününə toplaşardılar. Bir dəfə Bülbül də gəlmişdi.

Müşkünaz xanımı kiçik yaşlarımda görmüşdüm, alicənab xanım idi, az danışardı. Onu, sözün düzü, bir dəfə görmüşdüm, amma qızı Turan xanımla tez-tez görüşərdik. Fəramuş xanımgilə də gəlib-gedərdi.

- Dilbər xanımla Müşfiqin münasibətləri o şeirdən sonra başlayır?

- Bəli.

- Belə çıxır ki, Müşfiq Dilbəri görən kimi vurulub...

- Hörüklərə şeir yazmağından belə anlamaq olar... Amma Müşfiq anama Pedaqoji texnikumda da dərs deyirdi. Əvvəl rəfiqələrindən Dilbərə xəbər, yaxud məktub göndərib əlaqə saxlayırdı.

Dilbər xanım Əli Nəzminin qızı Piraya xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Piraya xanım da deyir ki, yatmağa hazrlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.

- Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirini Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazdığı iddia olunur...

- Birincisi, Ənvər Məmmədxanlı Müşfiqin dostu idi, Arifə xanım da dostunun bacısıydı. İkincisi, Müşfiq həmin vaxt evli idi. Mən əlbəttə, dəqiq bir söz deyə bilmərəm, amma Müşfiqşünasların bir neçəsi bu barədə öz fikirlərini söyləyiblər və bununla razı deyillər.

- Cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də Dilbər xanımın ikinci dəfə ailə qurmasıdır. Təbii, danışan dillər çox olur. Bəs Dilbər xanım özü bu haqda nə deyirdi?

- Düzdü, bu haqda mən də eşidirəm... Deyirlər, 37 qurbanlarından başqalarının arvadı niyə ailə qurmadı, Dilbər ikinci dəfə ərə getdi?

Əvvəla, Dilbər onların hamısından gənc idi. Onun cəmi 24 yaşı vardı, bir xanım bu yaşdan sonra ailə qurmasın, ana olmasın, dünyaya uşaq gətirməsin? Bu, nə dərəcədə doğrudur? Müşfiqin bacısı Balacaxanım ərə getmədi, taleyi necə oldu? Psixi xəstəliyi yenidən baş qaldırdı və dünyasını dəyişdi. O hal yaxşıdır, yoxsa yaşayıb övlad böyüdüb, daim Müşfiqin xatirələrini yaşatmaq?

Dilbərə həkim məhz sağlamlığına görə qəti məsləhət bilmişdi ki, mütləq ailə qurmalısan, yoxsa xəstəliyin təzədən qayıdacaq. İkincisi, gənc qadın idi, övlad sahibi olmaq istəyirdi.

Mən onun qızı kimi yox, bir qadın və insan kimi düşünürəm ki, Dilbər xanım ikinci dəfə ailə qurmaqla düz edib. Bir şeyi də qeyd edim, o, ikinci həyat yoldaşı ilə rəsmən nikaha girməyib, dini kəbinləri olub.

- Müşfiqlə neçə il ailəli olub?

- 3 il nişanlı, 4 il ailəli...

- Bir övladları, deyəsən, xəstəlikdən dünyasını dəyişib.

- Bəli, adı da Yalçın imiş.

- Dilbər xanım öz həbsindən nə danışırdı?

- Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs ediblər. Əvvəl qadınlar saxlanılan ümumi kamerada saxlanılıb.

Dilbər xanım komsomolçu idi, aktividi, güclü idi, hamını sakitləşdirirmiş ki, narahat olmayın, görəcəksiniz, həqiqət öz yerini tapacaq, biz günahkar deyilik, biz müraciət edəcəyik, yazacağıq, hər şey yaxşı olacaq.

Amma istintaqın gedişində ona qarşı aqressiv münasibət göstəriblər, məcbur edirmişlər ki, Müşfiqin günahkar olduğunu söyləsin. Kamerada olan xanımlar sonralar öz xatirələrində yazırdılar ki, bir gün gördük, Dilbər gəldi, öz halında deyildi, onu qadınlarla bir yerdə saxlamaq mümkün olmadı, təkadamlıq kameraya saldılar.

Kameradan qışqırırdı ki, deyirlər, mən dəli olmuşam, amma elə deyil, mən Müşfiqi istəyirəm, Müşfiq gəlsin, ondan heç vaxt imtina etmərəm.

Təkadamlıq kamerada vəziyyəti daha da ağırlaşır və orada da saxlamaq mümkün olmur, onda onu həbsxananın xəstəxanasına yatırırlar. 2 ilə yaxın orada müalicə alır. Oradan buraxmaq üçün akt lazım idi ki, xəstəliyi qorxulu deyil, buraxmaq olar. Elə akt tərtib olunuri, 1939-cu ildə Dilbər xanımı həbsxana xəstəxanasından çıxarırlar. Tibb Universitetində oxumuşdu deyə onu bəzi həkimlər tanıyırdı...

- Həkimlərin ona müsbət münasibəti olub, elə deyilmi?

- Bəli. Anam deyirdi, orada tanış həkimlər vardı, kömək edirdilər. Akt tərtib olunandan sonra buraxılır, anası gəlib özü ilə Gəncəyə aparır.

- Öz anası?

- Öz anası, bəli.

- İdris Axundzadənin taleyi necə oldu?

- Onu da Hüseyn Cavid, Əhməd Cavadla bir yerdə sürgün ediblər. Ancaq ölümü haqda bir xəbər yoxdur.

- Leyla xanım, ananızın Müşfiqə olan ilk sevgisinə hörmət edirsiniz və indi də yaşadırsınız. Bəs gənc yaşlarda sizdə bir qısqanclıq hissi olurdumu? Axı, evinizi atanızın yox, bir başqasının fotoları bəzəyib...

- Dilbər xanım atamla 4 il bir yerdə yaşayıb, birgə həyatları az sürüb. Mənim atam isə mən 1 yaşımda olanda adünyasını dəyişib. Əlbəttə, atamı bir insan kimi istəyirəm, amma ata məhəbbətini mən də görə bilməmişəm.

Dilbər xanımla bir yerdə yaşamışam, evimizdə elə mühit olub ki, ancaq Müşfiqdən danışılıb. Dilbər xanım Müşfiqə olan sevgisi ilə yaşayırdı. Anamla bir otaqda yatırdıq, səhər tez oyananda deyirdi, nə yaxşı oyandın, bir şeir yazmışam, gözləyirdim oyanasan, sənə oxuyum.

“Müşfiqli günlərim” adlı xatirə kitabı nəşr olunandan sonra nə qədər şeirlər yazdı, hətta şeirlərinə musiqi də bəstələndi. Tofiq Bakıxanıv, Nəriman Məmmədov Dilbər xanımın sözlərinə musiqi yazdı. O, yalnız Müşfiqin xatirələri ilə yaşayırdı.

Müşfiqlə bağlı tədbirlər olsun, onunla bağlı söhbətlər olsun... O mühitdə böyüyən insanın Müşfiq sevgisi yaranmalı idi.

- Bəs ananız atanızla necə tanış olmuşdu?

- Bu haqda heç nə danışmaq istəmirəm.

- Hər halda Dilbər xanımın psixoloji reabilitasiyası bir müddət sonra başa çatdı...

- Ömürlük I qrup əlil idi, son vaxtlar vəziyyəti pis olanda həkimlər dedilər ki, biz məəttəl qalmışıq, elə bil, bütün xəstəliklər buket kimi Dilbər xanımdadır. Ağır həyat keçirmişdi, çətin zamanlarda qohumların bəziləri ondan uzaq dururdu. Həbsdən çıxandan sonra analığı onu ata evinə qoymamışdı. Deyirdi, xalq düşməninin arvadıdır, olmaz.

- Bəs necə yaşadı?

- Bacılar yer verdilər, şərait yaratdılar. Hər işə onu götürmürdülər. Amma Gəncədə məktəbə işə düzələ bildi.

- Deməli, Müşfiqdən sonra Gəncədə yaşadı?

- Bəli. Bəraət veriləndən sonra isə Müşfiqin qohumları onu Bakıya çağırdılar. Bir müddət Dağlı məhəlləsində ev tapdılar, orada qaldıq.

- Müşfiqin qohumlarının Dilbər xanıma münasibəti necəydi?

- Ailə qurmasına münasibət birmənalı deyil. Yenə deyirəm, məsələn, Şükriyyə xanımın övladları vardı, onlara görə yaşayırdı, neyləyirdi ailə qursun... Dilbər xanımın da övladları olsaydı, ailə qurmayacaqdı.

Anamı ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Can verə bilmirdi, Müşfiqin şəklini qucaqlamışdı, gecə gəlib Dilbər xanımı apardılar, mən də getmişdim, anamı görən kimi rahatlanıb gözlərini yumdu.

- Dilbər xanım məşum 37-ci il repressiyaları, onuları günahlandıranlarla bağlı nə danışırdı?

- O barədə danışmağı sevmirdi. Yadımdadır ki, Şükriyyə xanımgillə yığışanda ancaq yaxşı xatirələri yad edirdilər.

- Bəziləri deyir, Mircəfər Bağırov Müşfiqlə bağlı sonralar peşman olduğunu bildirib. Dilbər xanım həqiqətlərin açılması baxımından nələrsə söyləyibmi?

- Ad çəkməzdi. Kimlərin günahkar olduğunu özünüz də bilirsiniz... Arxivlər açılıb, yazılıb...

- Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Müşfiqin Mircəfər Bağırov tərəfindən güllələndiyini söyləyir. Tarixçi Ədalət Tahirzadə isə onun diri-diri divara hörüldüyünü iddia edir və sair.

- Anamın arxivində arayış var. Müşfiq Şamaxının Mərəzə kəndində, indiki Qobustan rayonunda vəfat edib. Ədliyyə Nazirliyindən verilən ərizə bizdə durur.

- Güllələnib?

- Yox, güllələməyiblər, sadəcə Şamaxıda dünyasını dəyişib.

- Bəs tapılan qalıqlar?

- İndi araşdırma gedir, görək cavab nə olacaq... Bəlkə də Mərəzədə ölüb, amma orda basdırmayıblar, Puta qəsəbəsinə gətiriblər? Yaxud bizə verilən arayış düzgün tərtib olunmayıb.

- Güllələnməyibsə, bəs hansı şəraitdə ölüb?

- Anama öz əcəli ilə öldüyü bildirilib. Bilirsiniz, o vaxtlar məhbusları elə yerə göndərirdilər ki, bilirdilər oradan sağ çıxmayacaq. Bu mənada fikirləşirəm ki, yəqin Şamaxıda ağır işlərə dözə bilməyib, vəfat edib.

- Xəlil Rza Ulutürkün ananızı həbsxanaya məhbuslarla görüşə apardığı barədə qeydiniz var.

- O hadisə belə oldu. 80-ci illərin axırları idi. Bir gün Xəlil Rza Ulutürk anama zəng elədi ki, Müşfiqlə bağlı məktəbdə tədbir var. Dilbər xanım da uşaqlarla, gənclərlə görüşməyi çox sevirdi. Hazırlaşdı, getdi.

Maşınla yol gedəndə görüb, ətraf şəhərə oxşamır, soruşub ki, haraya gedirik? Xəlil Rza Ulutürk də söyləyib ki, görüş həbsxanadadır, fikrinizi dəyişsəniz, evə qaytara bilərik. Anam razılaşıb, həbsxanaya gedib. Həbsxanada nə qədər stress keçirmişdi, yenə həmin kameralar, həbsxana divarlarını görmüşdü.

O hadisə mənə çox təsir eləmişdi, anam ona necə dözmüşdü, heç bilmirəm.

Amma anam danışırdı ki, çox maraqlı görüş keçdi, məhbuslar Müşfiqi çox sevirmiş. Dilbər xanıma müxtəlif əlişi olan suvenirlər, qələmlər bağışlamışdılar. Orada çıxış da edibmiş. Elə o görüşdən sonra vəziyyəti pisləşdi. Əvvəl özü hiss eləmirdi, sonra gördüm halı yaxşı deyil.

- Kimlər Dilbər xanımın ziyarətinə gəlirdi?

- O vaxt gənc şairlər Dilbər xanımın ətrafında həddən çox olurdular. Gəlirdilər, xatirələrini bölüşməsini xahiş edirdilər. Nəriman Həsənzadəni çoxdan tanıyırdı, Zəlimxan Yaqub, Tofiq Bayram və başqa şairlər gəlirdilər. İnanmazsınız, nə qədər məktublar yollayırdılar. Təkcə Azərbaycandan yox, Moskvadan da məktublar gəlirdi.

Mir Cəlal Paşayevin sonuncu yazısı Müşfiqə həsr olunmuşdu, yarımçıq qaldı. Anam Mir Cəlalın həyat yoldaşı ilə yaxın idi, görüşürdülər.

- Yazdığınıza görə, heç vaxt Dilbər xanımın göz yaşını görməmisiniz...

- Bəli, o cür ağır xəstəlikləri vardı, bir dəfə də göz yaşı axıtmadı. Müşfiqin 80 illik yubileyi Akademik Milli Dram Teatrında qeyd olunurdu. Gecəni Yazıçılar Birliyinin sədri Anar aparırdı, qəflətən anama söz verdi. Biz gözləmirdik, çıxış eləməməli idi, vəziyyəti yaxşı deyildi. Arxayın oturmuşdu, birdən elan etdilər ki, söz verilir Dilbər xanıma.

İnanırsınız, elə bil bütün xəstəlikləri yaddan çıxardı. Düşünürdüm, elə bil bu dəqiqə yıxılacaq, Allaha yalvarırdım ki, yıxılmasın.

Səhnəyə yaxınlaşdı, mikrofonun qarşısında hər şeyi yaddan çıxardı, xatirələr, şeirlər bir-birinin dalınca gəlirdi, sanki Müşfiqli günlərə uçmuşdu. Onun xəstəliyinin ağırlığını ən yaxşı mən bilirdim, qoluna girib gətirmişdim. Sanki həmin gecə hamı ilə vidalaşırdı. Zalda hamı sanki nəfəsini saxlayıb onu dinləyirdi. Sonra konsert proqramı başladı, Zeynəb Xanlarova çıxış elədi, anam kövrəldi, əlinin arxasıyla yanağına düşmüş göz yaşını sildi.

Əslində, anam dözümlü qadın idi, bu illər ərzində bilirdim ki, ağır həyat yaşayıb, amma ilk dəfə idi anamın gözündə yaş görürdüm.

Zeynəb Xanlarova bizimlə üzbəüz binada yaşayırdı. Tez-tez anam onlara gedirdi, anası ilə də yaxın idilər, sonra buradan köçdü. Anam Zeynəb xanıma da şeir yazıb, səhv etmirəmsə, həmin tədbirdə söylədi. Şeiri deyəndə əlləri əsirdi, Zeynəb xanım əllərini tutdu. Xəstəlik onu çox incidirdi.

- Son dövrlərini necə xatırlayırsınız?

- Anam daim xəstəxanada müalicə alırdı. Mərdəkanda Yaşıl bağ vardı, ora tez-tez gedirdi. Nəriman Həsənzadə orada bir görüş də təşkil etmişdi. Hətta Nəriman müəllim anama şeir də yazıb:

Həkim, o Dilbərdi, ona yaxşı bax,

Müşfiqdən yadigar qalandı, həkim.

Könlünü alan yox, "Dilbərim! - deyən.

Qalan xəstəliyi yalandı, həkim.

Müşfiq həsrətiydi bir gülüşünə,

İndi gələn yoxdu heç görüşünə.

Nə özünə baxır, nə yerişinə,

Evi yox, dünyası talandı, həkim.

- Əsas xəstəliyi nə idi?

- Əsəb pozğunluğu, şəkər... İnfarkt keçirmişdi, böyrəkləri incidirdi. Hamısı da ağır xəstəliklərdi.

- Haradasa işləmədi?

- Gəncədə məktəbdə işləmişdi, Bakıya gələndən əlillik pensiyası alırdı. Sonra dövlət ona fərdi təqaüd kəsdi.

- Dilbər xanım xaraktercə necə insan idi?

- Əsl müəllim idi.

- Hərçənd həkimlik ixtisasına da yiyələnmişdi...

- Həkimlik ixtisasını başa vura bilməmişdi, Tibb İnstitutunun 2-ci kursda oxuyanda apardılar... Müşfiqin bacısı Balacaxanım da, anam da gözəl müəllim idi. Balacaxanım özü universal adam idi, həm rəsm çəkirdi, həm gözəl paltarlar tikirdi. Anama, mənə bayramlarda təzə paltar tikib hədiyyə edərdi.

Anam heç vaxt sərt davranmazdı, bir baxışı bizə kifayət edirdi, bilirdik ki, hansısa hərəkətimiz xoşuna gəlmir. İdris Axundzadənin evindəki tərbiyə almışdı, ünsiyyətin ona böyük təsiri olmuşdu. Mən də uşaqlıqdan o insanları bir az görmüşdüm, mənə də təsiri vardı, amma anam qədər ola bilmərəm. Ona görə də deyirəm Dilbər xanım gözəl ana və müəllim idi.

- Sizinlə bağlı arzuları nə idi? Təhsil verə bildimi, arzularını reallaşdırdınızmı?

- Demək olar ki, hə. Gəncliyində özü çox aktivmiş, komsomolçuymuş, kəndlərə gedib maarifçilik hərəkatı aparırmış. Mənim də fəal olmağımı istəyirdi. Elə mən də cavanlıqda komsomol katibi, raykom üzvü, qurultay nümayəndəsi olmuşam. Məndən demək olar ki, razı idi.

- Dilbər xanımın xatirələrini yenidən nəşr etdirməyi də qərara aldınız...

- Kitabın bir hissəsi anamın özünün yazdığı xatirələridir. Dilbər xanımın vəfatından sonra xatirələrinin bəzisini əlavə elədim, özü xəstəliyinə görə yazmağı çatdırmamışdı. Bəzi xatirələr də var ki, hələ işıq üzü görməyib, Allah qoysa, hazırlayıb çap etdirməyi düşünürəm.

- Əlyazma şəklindədir?

- Bəli, anam kiril qrafikasında yazıb, gərək latınca yığıla, baxıla, sonra çap edək.

- Özü kitabını gördü, elə deyilmi?

- Bəli, sağlığında iki dəfə “Müşfiqli günlərim”, bir dəfə də balaca kitabçası rusca çap olundu. Anam ancaq Müşfiqlə bağlı məşğul olurdu. Ev muzeyi arzusu vardı, onu reallaşdıra bilmədi. Amma başqa nə planlaşdırmışdısa, yerinə yetirildi. Müşfiqin külliyyat çıxdı, ona heykəl qoyuldu, küçəyə, məktəblərə adı verildi, hətta gəmiyə də Müşfiqin adı qoyuldu.

Dövlət tərəfindən bizə qayğı vardı, Rəsul Rza Yazıçılar İttifaqının sədri olanda hər yanda “yaşıl işıq” idi, Anar özü də diqqətli yanaşır. Müşfiqin 110 illik yubileyi Yazıçılar Birliyi tərəfindən yüksək səviyyədə keçirildi.

- İndi Müşfiqi sevmək asandır, sovet dönəmində, xalq düşməni elan olunanda soyuq yanaşma, təzyiqlər, maneələr vardı?

- Xatirimdədir ki, heç kəs bizə “yox” demirdi. Yuxarıda oturanların hamısı kömək edirdi. Yadımdadır, Nazirlər Kabinetinin sədri Həsən Həsənov Müşfiqin xatirəsini əziz tuturdu, evə zəng edirdi, Dilbər xanımla maraqlanırdı. Bircə arzusu ev muzeyi idi, o da alınmadı.

- Niyə alınmadı?

- Ev elə yerdə yerləşirdi ki, alınmadı, Nizami metrosunun yaxınlığında yol keçir. Elə oradan 18 nömrəli məktəbə dərs deməyə gedirdi.

- Dilbər xanımın yazdığı “Müşfiqli günlərim” kitabını vərəqlədikdə Səməd Vurğunla Mikayıl Müşfiqin yanaşı fotosu diqqətimizi çəkdi. Yazılanlara, danışılanlara münasibətiniz necədir? Dilbər xanım deyirdimi kimsə bizim əleyhimizə nəsə yazdı, ifadə verdi?

- O barədə danışmırdı, çünki hamı hər şeyi bilir, deməyə ehtiyac yoxdur. 1988-ci ildə Müşfiqin 80 illiyində şairlər Süleyman Rüstəm və digərləri yığışmışdı, anam da onlarla söhbət edirdi. Müşfiqin bir dostu vardı, pərdənin arxasından Süleyman Rüstəmə dedi ki, sən eləmisən!.. Amma anam heç nə demirdi.

- Kim idi həmin şəxs?

- Bilmədim, pərdənin arxasından dedi.

- Süleyman Rüstəm Dilbər xanımla əlaqə saxlayırdı?

- Bəli, Süleyman Rüstəm anama çox yaxşı münasibət bəsləyirdi. Ona görə də inanmıram ki, belə şey etsin.

- Hər halda Süleyman Rüstəm “Oxuma tar”, Müşfiq isə “Oxu tar” yazmışdı...

- Ona söz yox, amma Müşfiqə qarşı nəsə edəcəyinə inanmıram.

- Belə çıxır, Dilbər xanım kimisə özünə düşmən hesab etmirdi.

- 37-ci ildə gördüyünü görmüşdü, ona görə çox şeyi bizə də danışmağa qorxurdu. 1988-89-cu ildə dəyişiklik olanda gördüm yenə vəziyyəti korlanır, yenə qorxurdu ki, tutulacaq. Anamın canında qorxu vardı... Az sonra, 1990-cı ildə dünyasını dəyişdi.

- 20 Yanvar hadisələrindən sonra?..

- Hə. Onda da qorxurdu...

- Dilbər xanımın ikinci evliliyi də uğursuz oldu, yəni həyat yoldaşı erkən vəfat etdi. Bəs üçüncü dəfə ailə qurmaq barədə söhbət olmuşdu?

- Xeyr. Bu barədə qətiyyən söhbət ola bilməzdi. Artıq övladları vardı. Həmişə deyirdi, yaxşı ki, iki övlad anasıyam. Düzdü, biz balaca olanda əlillik pensiyası ilə iki övlada baxmaq çətin idi. Biz böyüyəndə işlədik. Bir dəfə ağır xəstə olanda dedi ki, ay Leyla, əvvəl fikirləşirdim sizə necə baxacam, niyə ailə qurdum, çətinliklə böyüdürəm, amma indi görürəm nə yaxşı ki, siz varsınız.

- Qardaşınız nə zaman dünyasını dəyişdi?

- 60 yaşında. Qardaşım sağlığında da mediadan uzaq qaçırdı. Kişidir də, hisslərini bildirməz, az danışardı, amma həssas insan idi.

- Maddi yardım olmayıb, indi söhbətləşdiyimiz Dilbər xanımın yaşadığı ev o qədər də geniş deyil...

- Yox, kömək ediblər. Bizim evlə üzbəüz psixo-nevroloji dispanser var, hər dəfə Dilbər xanım onun qarşısından keçəndə halı pisləşirdi.

- İndi sizinlə söhbət etdiyimiz bu evdə Dilbər xanım neçənci ildən yaşamağa başlamışdı?

- 1960-cı ildən. İdris Axudzadənin oğlu Sabutay məktəb direktoru idi. Keçmiş sosial təminat naziri Lidiya Rəsulovanın ilk iş fəaliyyəti Sabutay Axundzadənin məktəbində olmuşdu. Sabutay çox təmiz işləyən, savadlı, mədəni insan idi. Lidiya Rəsulova Sabutaya hörmət edirdi, ona etimad göstərirdi, vəzifədə olanda da Sabutaya eyni münasibət bəsləyirdi. Sabutay Dilbər xanımın həyatından ona danışmışdı, vəziyyəti izah etmişdi, demişdi ki, o binada yaşamaq çətindir, dispanserin yaxınlığındadı.

Lidiya xanım da təşkil elədi, Xəqani küçəsində yazıçılar evi ilə üzbəüz binada bizə bir otaqlı ev verdilər. Anam orada yaşadı, sonra da qardaşım qaldı.

- Sizin həyatınız necə keçdi? Çətin olmadı ki?

- Yox, heç bir çətinlik olmadı. Anam sağ olanda ümumiyyətlə çətin deyildi. Çünki anam vardı. Düzdür, uşaqlıqda bəlkə yaxşı geyimlərim, oyuncaqlarım olmayıb, amma anam vardı, sevgi, məhəbbət, hörmətlə böyümüşəm. Ona görə də özümü xoşbəxt hiss edirəm. Bir qızım, bir nəvəm var.

- Nənənizin adını daşıyırsınız?

- Bəli. Dilbər xanım deyərdi, kaş anam yanımda olaydı. Bizim evimizin ilk körpəsinə Dilbər xanımın adı verilib. Mənim qızımın adını isə o, Nigar Rəfibəylinin şərəfinə qoyub. Anam nəvələrini az da olsa, gördü...


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı
loading...