10 Yanvar 2019 16:30
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənənyarlı cavablandırıb. Müsahibəni təqdim edirik:

– Səadət xanım, yanvarın 8-də İctimai Komitənin üzvləri olaraq Bakı İstintaq Təcridxanasında bir sıra təqsirləndirilən şəxslərin, o cümlədən Mehman Hüseynovun saxlanma şəraiti ilə tanış olmusunuz. Başçəkmənin təşəbbüskarı kim idi?

– Biz Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri olaraq, vaxtaşırı cəzaçəkmə müəssisələrinə baş çəkirik. Hadisə baş verəndən dərhal sonra bunu izləməyə başladıq. Həm Mehman Hüseynovun vəkilləri, həm vətəndaş cəmiyyətinin üzvləri ilə əlaqə saxlayırdıq. Onlar narahatlıqlarını bildirirdilər. Hadisələrin gedişatını izlədikcə belə qərara gəldik ki, təcridxanaya getməyimizə ehtiyac var. Əslində, bunun üçün müəyyən vaxt lazım idi. Bizim istintaq təcridxanalarına daxil olmağımız üçün xüsusi icazə lazımdır. O icazəni almağa bir qədər vaxtımız getdi. İcazə alıb elə həmin gün orada başçəkmə həyata keçirdik. Onlar istintaq altında olan insanlardır. Hələlik məhkum deyillər. Bir sıra məhkumların saxlanma şəraiti ilə tanış olduq, kameralarına baxış keçirdik, o cümlədən Mehman Hüseynovun.

– Ümumilikdə neçə nəfərin kamerasına baxış həyata keçirildi?

– Bir neçə nəfərin kamerasına baxdıq, onlarla görüşdük. Mehman Hüseynovla da görüşüb xeyli söhbət etdik.

– Söhbətin məğzi barədə nələri qeyd edə bilərsiniz?

– Biz başçəkmə həyata keçirərəkən Mehman kamerada deyildi. O əvvəlcə atası ilə görüşmüşdü, sonra isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə idi. Sonra isə biz onunla görüşdük. Onun saxlanma şəraitindən şikayəti yox idi. Əsasən barəsində açılan cinayət işinə etiraz edirdi. O özünü bu cinayətdə təqsirkar bilmir. Hazırda istintaq gedir. Biz də bu işi nəzarətdə saxlayırıq.

– Onun aclıq aksiyasını dayandırması, qidalanması barədə danışmağınızı istərdik...

– Qidalanması məsələsi ilə maraqlandıq. Hətta ona gətirilən sovqata da baxdıq. Özündən də soruşduq. Duru qida qəbul edir. Yəni, süd və süd məhsulları – kəsmik, qatıq, yoqurt kimi məhsullar qəbul edir. Biz onunla səhhətini yavaş-yavaş qaydaya salması barədə də söhbət etdik.

– Başçəkməyə verilən reaksiyalarla bağlı nə deyə bilərsiniz?

– Hər kəsin subyektiv fikri ola bilər. Bir çox insanlar bizə zəng etdilər, təşəkkürlərini bildirdilər. Çünki Mehmanın səhhətindən çox narahat idilər. Hətta onun çox pis vəziyyətdə olduğunu düşünürdülər. Onunla fotolar çəkdirdik, sonra isə özünün razılığı ilə o fotoları yaydıq. Bundan sonra insanlar bir qədər arxayınlaşdılar. Gördülər ki, onun sağlamlığına doğrudan da ciddi təhlükə yoxdur. Bilirsiniz ki, o həmişə nəzarətdədir. İndi də səhhəti ilə bağlı olaraq həkim nəzarətindədir.

– Görüşdən sonra görüşün nəticələri barədə təcridxana rəhbərliyi ilə danışdınızmı?

– Əlbəttə. Biz həm onun səhhətinin nəzarətdə saxlanmasını, həm də vəkilləri və ailə üzvləri ilə görüşlərinin keçirilməsi, telefon zənglərinin təmin edilməsini, bir sözlə, hüquqlarının qorunmasını xahiş etdik. Yəni, bu məsələlərdə heç bir maneə yox idi.

– Növbəti başçəkmənin nə vaxt keçirləcəyi məlumdurmu?

– Ehtiyac olarsa, görüş keçirilə bilər. Ancaq məncə, ehtiyac olmayacaq. Əsas məsələ odur, biz istərdik ki, martın 2-dək, yəni Mehmanın birinci cinayət işi üzrə barəsində çıxarılmış 2 illik hökmün başa satacağı günədək bu istintaq işi başa çatsın. Onu da deyim ki, Mehman Hüseynovun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılmasının səbəbi yeni cinayət işi ilə əlaqədardır. Onu narahat edən də budur.

Həmçinin qeyd etmək istərdim ki, aclıq aksiyası əslində problemin həlli üçün təsiredici addım deyil. Özü də bu quru aclıqdır. Məncə, bu, çıxış yolu deyil. Əks təqdirdə bütün təqsirləndirilən şəxslər və ya məhkumlar hamısı aclıq aksiyası keçirərdi. Bununla azadlığa çıxmaq mümkün deyil. Əslində, istintaqın tam obyektiv aparılması və məhkəmənin qərarının ədalətli olması lazımdır. Biz bunu istəyirik.

– Bəs bu aclıq aksiyası istintaqa təzyiq xarakteri daşıya bilərmi?

– Məncə, yox. Bu aclıq aksiyası onun etirazıdır. O, özünü təqsirli bilmir və aclıq aksiyası ilə bağlı bunu deyir.

– Cinayət işinin gedişi ilə bağlı istintaq orqanına hansısa müraciət etməyi düşünürsünüzmü?

– İctimai Komitədə belə bir fikir var ki, Respublika Prokurorluğuna həm bu işin sürətləndirilməsi, həm də nəzarətin artırılması üçün müraciət edilsin.

– Bu məsələdən istifadə edib Azərbaycana olan təzyiqlərlə bağlı nə deyə bilərsiniz?

– Mən bu cür hadisələrdən Azərbaycana qarşı istifadə olunmasının tam əleyhinəyəm. Ölkədə insan hüquqlarının qorunması məsələsində biz hamımız maraqlıyıq. Azərbaycanı istəməyən qüvvələr bu vəziyyətdən istifadə edə bilərlər.

– Görüşdüyünüz, kameralarına baxış həyata keçirdiyiniz digər təqsirləndirilən şəxslər kimlər idi? Onlar hansı məsələlərə görə təqsirli bilinirlər?

– Müxtəlif məsələlərə görə ittiham olunurlar. Avtomobil qəzasına, başqa məsələlərə görə təqsirləndirilənlər var idi. Bir daha qeyd etmək istəyirəm ki, onlar hələlik təqsirləndirilən şəxslərdir. Barələrində məhkəmə qərarları yoxdur.


Müəllif: Səxavət Həmid