10 Yanvar 20:08
930

Gündəlik həyatımızın bir hissəsini keçirdiyimiz sosial şəbəkələrin müsbət tərəflərinin olduğu qədər zərərli tərəfləri də var. Məsələn, sosial şəbəkələrin yeni tanışılqlar yaratmaq, dünyagörüşümüzü formalaşdırmaq, maraqlı məlumatlar əldə etmək, ölkə və dünyada baş verənlərdən xəbərdar olmaq kimi müsbət tərəfləri mövcuddur. Lakin bura göründüyü qədər “məsumlar məskəni” də deyil. İndi intiharlar burada həyata keçirilir, ölümə hazırlıq burada görülür, insanlar burada depressiya düşürlər və burada cinayətlər törədirlər…

Bəs, sosial şəbəkələr sizin üçün hansı problemləri yaradır?

Teleqraf.com bu sual ətrafında sorğu keçirib.

Sorğunu təqdim edirik:

“Onları izləmədən çıxarmışam”

Yazıçı Çinarə Ömray: “Sosial şəbəkələr lazımdır, ancaq baxır necə istifadə edirsən. “Ağıllı” görünmək məqsədilə istifadə etmək doğru deyil, bu, yalan danışmaqdır. Vaxtımı alsa da, başımı qatmaq üçün istifadə edirəm. Düzdür, millətin yarısı ədəbiyyat, yarısı şeir, yarısı da digər şeylər üstündə ağlaşma qurmaqla məşğuldur, amma onları da mənfi enerji yükləməsinlər deyə, izləmədən çıxarmışam. 3-5 nəfər pozitiv enerjili adamı izləyirəm. Sıxıldığım an öz-özümü bir müddət sosial şəbəkələrdən uzaqlaşdırıram, lazım olanda yenidən istifadə edirəm. Yəni, çox da ciddiyə almıram”.

“O qədər alüdə olublar ki…”

Jurnalist Süleyman İsmayılbəyli: “Bu gün sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib, desək yanılmarıq. Demək olar ki, günümüzün böyük hissəsini burada keçiririk. Bu, müəyyən mənada biz media əhlinin işinə yarayır. Ölkədə və dünyada baş verənlər barədə daha tez məlumat əldə etmək imkanı verir. Ancaq sosial şəbəkələrin mənfi fəsadları da var. Məsələn, hansısa dəqiqləşdirilməmiş bir məlumatın burada yayılması, ciddi problemlərə yol aça bilər. Yaxud, fiziki zorakılıq halları ilə bağlı məlumatların yayılması dəb halını alıb ki, bu da arzuedilən hal deyil. Bəzi insanlar isə sosial şəbəkələrə o qədər alüdə olublar ki, uzun illər bir-birinin üzünü görməyən iki dost, yaxud rəfiqə qarşı-qarşıya gəldikdə yalnız qısa müddətdə bir-biri ilə açıq ünsiyyətdə olur. Çünki hər ikisinin başı telefona, sosial şəbəkəyə qarışır”.

“İkisi də mənim üstümə gəlir”

Bloqqer Günel Fərhadqızı: “İlk növbədə, vaxtımı alır. Dəilsiz, qısa mətn və sözlərlə ifadə olunacaq adi bir məsələnin uzanmasına və həll edilməməsinə gətirib çıxarır. Dəxilsiz və mənfi yüklü xəbər, bu xəbərlərə eyni yüklü münasibətin bildirilməsi, insanı mənfi enerji ilə yükləyir, bəzən də əsəbləşdirir. İki nəfər bir-biri ilə dost deyilsə, amma məni tanıyırsa, sonra dostlaşıb ayrılırsa, günahkar mən oluram, ikisi də mənim üzərimə gəlir. Yəni, özlərindəki günah və məsuliyyəti mənim üzərimə atırlar. Bundan heç xoşum gəlmir. İki nəfərin bir-birindən xoşu gəlmirsə, hər iksini tanıyıramsa, mənim paylaşımlarımda mübahisə etmələri, intriqaları xoşuma gəlmir. Belə olanda, hər iki tərəfə xəbərdarlıq edirəm. Təsiri olmazsa, hər yerdə bloklayıram, o adamlardan uzaqlaşıram. Skrinlərin, yazılmış status və şərhlərin silinməsini sevmirəm. Tüpürdüyünü yalayır və ya yalatdırırlar. Sosial şəbəkədə fikrini azad şəkildə bildirənə sağlam münasibət bəslənilmir, daha çox susub müşahidə etməli oluram. Çoxluq düşünür ki, hamı o çoxluq kimi düşünməli və davranmalıdır, onlar kimi olmayana düşməndir”.

“Düzünü desəm…”

Jurnalist Məmmədsan Həsənov: “Düzünü desəm, sosial şəbəkələrdəki fəaliyyətim mənə heç bir problem yaratmır. Əksinə bu, mənim gördüyüm işi asanlaşdırır. Demək olar ki, xəbər və məlumatların 70 faizini oradan əldə edirəm”.

“Elə əhəmiyyətsiz şeylər gündəmdə olur ki…”

Şair Aysel Abdullazadə: “Sosial şəbəkələrin üstünlüyü qədər mənfi xüsusiyyətləri, mənfi aurası da var. Düşünürəm ki, bu, xüsusilə bizim toplum üçün daha xarakterikdir. Məsələn, hansısa əhəmiyyətsiz bir mövzu bəzən günlərlə gündəmdə olur, “ana səhifə”mizdən çıxmır. Vacib məsələlərə isə toxunulmur. İnsanlar bir az boşboğazlığa, qeybətə meyillidir. Bu, fitrətən belədir. Buna görə də, məişət hadisələri çox qabardılır. Sosial şəbəkənin gücü bizə həm mənfi enerji, həm zaman itkisi qazandırır. Lakin burada hansısa fikrin məndə qıcıq yaratdığını düşünmürəm, çünki fikirlərin müxtəlifliyini hörmət çərçivəsində qəbul etməyi bacarıram. Amma dediyim kimi, sosial şəbəkə əhəmiyyətsiz olan şeyləri əhəmiyyətli kimi göstərir”.

“Elə bildim xanımdır”

Dizayner Qurban Qafarlı: “Bəziləri sosial şəbəkədən qazanclı çıxa bilir, lazım olan informasiya tələbatını buradan ödəyə bilir, intellektini, danyagörüşünü gücləndirir, yeni tanışlıqlar yaradır. Bəziləri isə bundan zərər görür, onlar virtual aləmin köləsinə çevrilirlər, belə desək, sosial şəbəkədə “yaşayırlar”. Bu da onların psixologiyasını alt-üst edir. Yəni, hansı istiqamətdə istifadə edirsənsə, ora da yönəlirsən. O ki qaldı mənə, mənim üçün heç bir problem yaratmır.

Əksinə, bir çox hallarda mənə kömək də edib. Məsələn, mənə borcu olan adamı heç yanda tapmamışam, amma burada tapmışam və pulumu geri almışam. Amma günlərlə xanım bilib yazışdığım birinin axırda kişi çıxması, mənə mənəvi zərbə vurdu”.

“Özüm üçün əlavə başağrısı yaratmıram”

Jurnalist Şəymən Bayramova: “Sosial şəbəkələrin əksəriyyətindən istifadə edirəm. Lakin heç birinin problem yaradacaq qədər aludəçisi deyiləm. Əgər kimsə bunlardan əyləncə, tanışlıq, sentimental söhbətlər etmək məqsədilə istifadə edirsə, əlbəttə həm vaxtı itəcək, həm də depressiyaya düşəcək. Bacardığım qədər internetdən səmərəli istifadə edirəm. Feysbukdan da, adətən işdə olduğum saatlarda istifadə edirəm. Müsahiblərimlə əlaqə, onların fikirləri ilə tanış olmaq üçün…

Buranın əhatə dairəsi genişdir. Bəzən media xəbərlərini də Feysbukdan alıram, yazılarımı burada paylaşıram. Hətta bəzi hallarda yazdığım yazıların mövzusunu da Feysbukdan çıxardıram. Vatsapdan isə ailəm, qohumlarım, dostlarımla əlaqə saxlamaq üçün istifadə edirəm. İnstaqramda isə maraqlı və komik səhifələri izləyirəm. Düzdür, sosial şəbəkələrdən istifadə istənilən halda müəyyən qədər vaxtımı alır. Kiminsə paylaşımından qıcıqlandığım, üzüldüyüm anlar da olur. Amma yenə deyirəm, bu kimi hallar mənim üçün problem yaradacaq səviyyədə deyil. Hiss edəndə ki, sosial şəbəkə məni yorur, istifadəni məhdudlaşdıra, diqqətimi fərqli istiqamətlərə yönəldə bilirəm. Nə jurnalist fəaliyyətim, nə ailə, nə də şəxsi həyatım üçün sosial şəbəkələri zərərli vasitə hesab etmirəm. Mümkün qədər qeyri-ciddi adamlarla ünsiyyətdə olmuram. Dostluğumda ancaq işim üçün gərəkli olan insanlar var. Tanımadığım insanlara dostluq sorğusu göndərmirəm, gələn sorğuları isə qəbul etmirəm ki, əlavə başağrısı yaşamayım. Bu mənada sosial şəbəkələr işimi yüngülləşdirmək üçün əla ünisyyət vasitəsidir”.

“Onlardan uzaq durmağa çalışıram”

Jurnalist Rövşən Əsədov: “Sosial şəbəkələr mənim üçün heç bir problem yaratmır. Buna görə depressiyaya düşdüyümü də xatırlamıram. Əlbəttə, bəzən mənfi enerjiyə yüklənirik. Çünki hər cür əqidədə olan, əqidəsi olmayan insanlarla eyni məkanı bölüşürük. İstəməsək belə, hərdən elələrinə rast gəlirik ki, bu da bizə mənfi enerji ötürür. Elə insanlardan bacardığım qədər uzaq durmağa çalışıram. Özümü sosial şəbəkələr olmadan təsəvvür etmirəm, çünki lazım olan informasiyaları buradan ala bilirəm. Ən real məlumatları da, yalnız sosial şəbəkələrdən alırıq və media sahəsində olduğumuz üçün bu məlumatları buradan insanlara-oxuculara ötürürük. Amma artıq sosial şəbəkələrə də inam qalmayıb. Çünki məqsədyönlü şəkildə bəzi qüvvələr yalnış informasiyalar tirajlayaraq cəmiyyəti yalnış istiqamətə yönəldirlər. Buna görə də, bir az narahatam”.

“Problem yaratmır”

Jurnalist Fatimə İbrahimova: “Bir neçə ildir sosial şəbəkələrdən istifadə edirəm. Sözün düzünü desəm, mənim üçün heç bir problem yaratdığını görməmişəm. Bu da ondan necə istifadə etməyinə bağlıdır. Yəni, özünə problem axtarırsansa, o özü sənin qabağına çıxacaq, axtarmırsansa çıxmayacaq”

“Bu, işgəncədir”

Şair Rubzeh Məmməd: “Sosial şəbəkələrdən ən aktiv olduğum yer Feysbukdur. Uzun müddətdir ki buradayam. İlk növbədə vaxtımın çox hissəsini burada keçirdiyim üçün təəssüflənirəm. Feysbukda 3-4 “layk” üçün paylaşım etmək yerinə, mütaliə edə bilərdim. Burada elə adamlarla rastlaşırsan ki, hələ də Sibel Canın şokolad qutusunun üstündəki şəklini paylaşıb şeir yazırlar. Onları gördüyümə təəssüflənirəm. İkinci tərəfdən də, Feysbukda əsasən xəbər saytlarının səhifələrini “bəyən”mişəm. Gündəlik məlumatlar almaq üçün... Bəzən baxıram ki, onlar da Naz Miladan, Bayram Nurludan videolar paylaşırlar. Buna qıcıq oluram. Artıq getdikcə, insanlarla ünsiyyətdə olmaqdan da qaçıram. Bu, işgəncədir və bu da mənə böyük çətinlik yaradır. Sosial şəbəkələr məni daha çox həssas və aqressiv edir”.


Müəllif: Mənsur Rəğbətoğlu