10 Yanvar 2019 18:30
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını türkoloq, şair-publisist, professor Ramiz Əskər cavablandırıb:

- Ramiz müəllim, ad gününüz mübarək! 65 yaşında özünüzü necə hiss edirsiniz?
- Çox sağ olun. Özümü pis hiss eləmirəm, amma əmək qabiliyyətim əvvəlkinə nisbətən azalıb. Lazım olsa sutkada 20 saat işləyə bilirdim, indi 10 saat işləyəndə yoruluram, yuxu gəlir, gözüm ağrıyır. Ona görə də əsas əsərləri vaxtilə yazmışam. 65 yaşımda 65 kitabım var. Bundan 49-u tərcümə, 16-sı orijinaldır. Bundan sonra yəqin az yazarıq, ayda-ildə 1 kitab ancaq ərsəyə gətirərik. Yaşlandıqca adam yorulur.

- Bu yaşda istədiklərini reallaşdıra bilmisinizmi, yoxsa yarıda qalan, arzusunda olduğunuz şeylər də var?
- Yox, hamısı olmayıb, vaxt çatmır. Mənim arzusunda olduğum şey tərcümələr, kitablar yazmaqdır. Aliməm, kitab yazmalıyam, başqa nə arzum ola bilər? Ev tikim, villam olsun və sair kimi arzularım yoxdur axı, deyim, onlara çatmadım. Əsas kitablardır, onları yazmaq lazımdır. Türkmənlərin 6 cild “Koroğlu” kitabı var, 3-ü türkcə, 3-ü türkməncədir, eyni vərəqin hər üzünü bir dildə veriblər. Əslində bu, kor kişinin oğlu deyil, gordan, qəbirdən çıxmış uşağın dastanıdır. O daha mifik və mistikdir, orada bəzi surətlər, epizodlar var ki, bizdə yoxdur. Onu gərək tərcümə edəm ki, gerçək Goroğlunun, kim olduğu bilinə. 2020-ci ildə bununla məşğul olacağam.

- İndi üzərində işlədiyiniz kitab varmı?
- Var, Əlişir Nəvainin “Xəmsə”sini dilimizə tərcümə edirəm. Nizami Gəncəvi, Əbdürrəhman Camidən sonra Nəvani türk dilində Xəmsə” yazıb. Eynən Nizami Gəncəvidə olduğu kimi 5 poemadır, 55 min beytdən ibarətdir. Ancaq adları bir az fərqli, bəzilərininki eynidir. “Xosrov və Şirin”, “Leyli və Məcnun” poemaları eynidir, Nizamidə poemanın adı “Yeddi gözəl”, burada “Yeddi Səyyarə” (Səbeyi-səyyarə), orada “İsgəndərnamə”, Nəvaidə “İsgəndər divanı”, yəni Səddi-İsgəndəridir. Sanki Nizaminin farsca yazdığı “Xəmsə”yə türkcə cavabdır. “Heyrətül əbrar” mömin adamların heyrəti deməkdir, “Sirlər xəzinəsi”nin müqabilidir, artıq bu və “Fərhad və Şirin”i tərcümə etmişəm, “Leyli və Məcnun”un yarısına çatmışam. Gərək byu il tərcüməni qurtarıb çap etdirək.

- Öz təşəbbüsünüzlə tərcümə edirsiniz, yoxsa sifarişlə?
- Bakı Dövlət Universitetində Türk xalqları ədəbiyyatı kafedrasının müdiri idim, indi Türkologiya kafedrasına rəhbərlik edirəm. Bunlar tədris ehtiyacından doğan tərcümələrdir. Əlişir Nəvaini tədris edirik, amma əlimizdə Azərbaycan dilində əsəri yoxdur. Babur da eynilə. Ona görə də “Baburnamə”ni tərcümə elədim. Əlişir Nəvai kimi böyük şairin dilimizdə əsərinin olmaması bizim üçün ayıbdır. Çünki biz dünya üzrə türkologiyanın qabaqcıl məktəbiyik. Ona görə də öz təşəbbüsümlə tərcümə edirəm. “Divani-Lüğəti-Türk”, “Qutadğu-bilik” və digərlərini özüm tərcümə etmişəm. Sifariş edən yoxdur, heç kim bununla maraqlanmır. Mən tədris aparıram, tələbəni oxumağa göndərəndə, deyirdi haradan oxuyum, dilimizdə yoxdur. Ona görə də 49 əsəri tərcümə elədim.

- Bu tərcümələrin oxucuları ancaq tələbələrdir, yoxsa cəmiyyətin ayrı-ayrı kəsimlərindən də təpkilər var?
- Əsasən tələbələr oxuyur. Özüm dost-tanışa paylayıram. İndi kitab alan yoxdur, özüm pulsuz verirəm, mağazaya kitabı qoysam, alan olmaz.

- Durğunluqla müqayisədə indi kitaba marağın atdığı söylənir...
- Yazarlar, tərcüməçilər təqdimatlar keçirir, onda kitab satışı olur. İndi vətəndaşlardan maraqlanırsan, deyir, büdcəm imkan vermir, ona bir söz deyə bilmərik axı...

- Bizə müsahibənizdə demişdiniz ki, oxucularınız içərisində nazirlər də var...
- Sabiq nazir Səlim Müslümov kitablarımı çox oxuyurdu, heç onunla şəxsən tanış da deyiləm, bir-birimizə təqdim olunmamışıq, onu küçədə görsəm, bəlkə tanımaram. Kitablarımı Əjdər Ol vasitəsilə göndərirdim, xəbər gəlirdi ki, çox şad oldum, oxudum, bilmədiyim şeylər vardı və sair. Fazil Məmmədov da mütaliəli adamdır, onunla da tanış deyiləm, üz-üzə gəlməmişəm, kitablarımı oxuyurdu.

- İndi nazirlərdən heç kəsə kitab göndərmirsiniz?
- Əmək və əhalinin müdafiəsi nazirliyində çalışmış Əjdər Ol dostumdur, ona verirdim, nazirə verirdi. İndi nazirliyin mətbuat xidmətini rəhbərini tanımıram ki, göndərəm.

- Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinə rektor əvəzi təyin edilib. Onunla tanışlığınız var? Ondan gözləntiləriniz nələrdir?
- Onu da yaxından tanımıram, birinci dəfə ötən gün iclasda gördüm. İqtisadçıdır deyə bizim sahə üçün solaxaydı, yəqin universitetdə öz sahəsinə yaxın adamları daha yaxşı tanıyır. Biz onunla işləsək, tanış olacağıq, siyasi vəzifə tutan adamdır, nazir müavinidir, bu vəzifəyə qədər yüksəlib, indi rektor əvəzidir, görək, yaxşı olar.

- Bəs tələbələr üçün bu qədər əmək sərf edirsiniz, kitablara maraq göstərirlər? Tələbələrin səviyyəsi sizi qane edir?
- Ürəkaçan deyil. Uşaqlar oxumur, heç həvəsləri yoxdur. Soruşuram, ay oğul, niyə oxumursan? Qayıdır ki, müəllim, filologiya fakültəsində necə edəcəyəm, niyə oxuyum, camaat hüquq fakültəsində oxuyur, bədbinliyə qapılırlar. Deyirəm, sən də o fakültəyə gir, söyləyir ki, mənim beynim hüquq fakültəsinə çatdırmır, gərək 700-ə yaxın bal toplayasan, yaxşıdır, boynuna alır. Təklif edirəm, buradakı təhsilini saxla, get yenidən hazırlaş, ona da razılaşmır, deyir əsgərliyə apararlar məni bildiyimi də unudaram, heç filologiya fakültəsinə girə bilmərəm. Sanki öz fakültələrini istəmirlər, yaxşı saymırlar. Kitabxanaçılıq üzrə təhsil alanlar lap narazıdırlar, deyirlər, kaş balımız çox olaydı, başqa ixtisasa daxil olardıq. Jurnalistika üzrə təhsil alanlar yenə yaxşıdır, razıdırlar.

- Ədəbi dil normalarına riayət olunmaması ilə bağlı son günlər gedən qızğın müzakirələrlə bağlı fikirləriniz də maraqlıdır...
- Ədəbi dil normalarına ciddi şəkildə riayət edilən dövrdə işləmişəm. Vergülə görə adama töhmət verirdilər, “Odlar yurdu” qəzetinin redaktoru olanda “Vətən” cəmiyyətinin sədri Elçin Əfəndiyev mənə vergül səhvinə görə töhmət vermişdi. İnsanlar bir səhv olanda orfoqrafiya lüğətinə yox, qəzetə müraciət edib əsas göstərirdilər ki, bax, qəzetdə bu söz belə yazılıb, doğru budur. İndi ara qarışıb məzhəb itib, kim necə istəyib yazıb-pozur. Heç sözü sətirdən sətrə düz keçirmirlər. Vəziyyət pisdir, düzələn şey də deyil, gərək ştata korrektor götürəsən, gələ, hər axşam oturub oxuya, ona da pul xərcləmək istəmirlər.

- Texniki səhv başqadır, orfoqrafiya qaydalarını bilməyən jurnalistlər də kifayət qədərdir..
- Onlar yaxşı təhsil almırlar, orta məktəbdə yaxşı oxumurlar, universitetdə başdansovdu təhsil alırlar. Eləcə də başqa ixtisaslı adamlar gəlib jurnalist olur. Jurnalistikaya çarəsizlikdən gələnlər var, yaxud qohumdur, qardaşdır, işə götürürlər. Onların da qəzetdə məqaləsi çıxır, oxuyub baxırıq ki, korrektura səhvləri ilə doludur, üslub səhvləri kifayət qədərdir.

- İnformasiyaları daha çox haradan alırsınız?
- Hər axşam internet vasitəsilə xəbərləri izləyirəm, bizim saytları, BBC-yə, “Amerikanın səsi”nə baxıram, gərək bilək də Amerika nə ilə nəfəs alır. Türkiyədə baş verənlər barədə də oxuyuram.

- Ermənistanda baş verənləri də yəqin izləyirsiniz. Sizcə, Nikol Paşinyanın Qarabağla bağlı mövqeyində nə isə dəyişiklik olacaq?
- Bizdə bir atalar sözü var, tula itdən də murdar. Bu o deməkdir ki, Paşinyan özündən əvvəlkilərdən də pis olacaq. Bəlkə çarəsiz ola, beynəlxalq konyektura, dünyanın fikri dəyişə, bir az güzəştə gedə, onun könlündən olsa...Erməni heç bir şəkildə erməni xislətindən vaz keçə bilməz, zəbt etdiyi, başqasının gücü ilə əldə elədiyi torpaqları elə-belə verməz. Deyəcəklər, Qarabağın geniş muxtariyyatı, qoşunu, ordusu və sair olsun, o qədər mənasız şərtlər qoşub işi uzadacaqlar ki...Onlarda Levon Ter- Petrosyan ağıllı adamdır, anlayır ki, belə gedə bilməz. Görək proses necə davam edəcək.


Müəllif: Nərgiz Cavadzadə