11 Yanvar 2019 16:04
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhvə bir çoxlarının sevimli içkisidir. Bu içki əsasən özəl və dəyərli qonaqlara təklif olunur. Bəlkə də bu səbəbdəndir ki, bir fincan qəhvənin 40 il xatirəsi var deyirlər...

Bu gün paytaxtda Bakı Kofe və Çay Festivalı ("Baku Coffee və Tea Festival") baş tutub. Üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək.

Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı, keyfiyyətli biznes fürsətlərinin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsidir.

Tədbirin birinci günü olmasına baxmayaraq, özəl şirkət və sərbəst iştirakçıların qatıldığı festivala maraq böyükdür. Azərbaycanın əsas içkisi çay olsa da, son dövrlər qəhvəyə də maraq artıb.

Xatırladaq ki, insanlar ilk dəfə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu Yəmənə gətiriblər və beləliklə də bu bitki becərilməyə başlanıb.

Qəhvə on yeddinci əsrin əvvəllərində Avropada əvvəlcə İngiltərəyə, sonra isə Fransaya gətirilib. Rusiyaya gətirilmə tarixi isə 1665-ci ilə təsadüf edir. Beləliklə Rusiyadan da Azərbaycana gəlib.

Festivalda hansı stendə yaxınlaşsanız , həm sizi qonaq edəcəklər, həm də geniş məlumat verəcəklər.

Festivalda Kolumbiya səfirliyinin nümayəndələri də qatılmışdı.

Kolumbiyanın müvəqqəti işlər vəkili Kelli Çayb Bemares deyir ki, Azərbaycanda keçirilən bu festivalda ilk dəfə iştirak edir:

“Biz festivalda Kolumbiyanın Milli Kofe Federasiyasının dəstəyini nümayiş etdiririk. Göstərmək istəyirik ki, Kolumbiyanın çoxlu kofe növləri var və artıq bu sahə üzrə ixtisaslaşmışıq”.

Türkiyə səfirliyi mədəniyyət və turizm müşavirinin müavini Adəm Keleş isə festivala türk qəhvəsini təmsil etmək üçün gəldiyini deyir: ”Bizim qəhvə mədəniyyətimiz qədimlərə dayanır. Buraya gələn Azərbaycan vətəndaşı və əcnəbilər üçün türk qəhvəsi təqdim edirik və qəhvəni insanlara tanıdırıq.

Türk qəhvəsinin özəlliyi gəlincə, onun tarixi lap keçmişlərə dayandığı üçün dad və ləzzət baxımından tamamilə fərqlidir. Bu, damaq dadına görə dəyişir, amma gərçək qəhvə yalnız türk qəhvəsidir. Türk qəhvəsinə çox şəkər qatsanız, o, ləzzətini itirər. Başqa qəhvələrə isə şəkər qatdıqca daha da şirinləşir, türk qəhvəsinin əsl içmə qaydası şəkərsiz olanıdır”.

Qəhvəni bişirməyin əhəmiyyətini vurğulayan müşavir müavini bu içkinin elçilikdəki rolunu da qeyd edib: “Bizdə elçiliyə gedəndə qız qəhvə hazırlaya bilmirsə, onu istəməzlər. Elçiliyə gələn oğlanın qəhvəsinə həmişə duz qoyarlar ki, bu proses onun “duzlu qəhvəni içib bütün çətinliklərə baxmayaraq qəbul edirəm” deməsi kimi başa düşülür”.

Festivalda özəl şirkətlərin təmsilçiləri də iştirak edirdi. Onlardan biri – ofis meneceri Aydın Əliyev deyir ki, həm kofe kapsullarının təqdimatını edir, həm də satışını həyata keçirirlər: “Bizdə həm müxtəlif kofe növləri, həm də 6 çeşid kapsul çayları var”.

Rüfət Mikayılzadə məşhur İtaliya kofe şirkətlərindən birinin Azərbaycan nümayəndəsidir. O ikinci dəfə keçirilən festivalda ilk dəfə iştirak edir: “Bizim məqsədimiz firmanı tanıtdırmaq və kofe mədəniyyətini daha da artırmaqdır. Hər kəs İtaliya kofesinin başqalarından fərqini bilmək istəyir. Amma hərənin öz zövqü var. Burda olan firmaların hamısı dünyada tanınmış brendlərdir”.

Qeyd edək ki, festival çərçivəsində və Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) Barista arasında milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək Azərbaycanı 2019-cu ilin aprel ayında ABŞ-da "World Barista Championship" (Klassik Barista Çempionatı) təmsil edəcək.


Müəllif: Aytən Yusifova