15 Yanvar 2019 08:28
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsidir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır:

“O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Prezident İlham Əliyev ötən ilin noyabrında Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bundan əlavə, ötən ilin noyabr ayının 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

Bütün bunlar Nəsimi yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub”.
Deputat vurğulayıb ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb:

“Nəsiminin yaddaqalan obrazı yaradılmaqla yanaşı, onun haqqında tarixi film çəkilib, şəhərin mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, hətta Bakının ən böyük rayonlarından biri onun adını daşıyır. Bir sözlə, Azərbaycanda Nəsimi yaradıcılığı daim diqqətdə olub və ölkə başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsi də bu diqqətin əyani ifadəsidir”.


Müəllif: Nərgiz