15 Yanvar 2019 10:15
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib: “Hesabat dövründə Baş İdarə tərəfindən Prezident İlham Əliyev tərəfindən imzalanmış “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib”.

K.Əliyev bildirib ki, şirkətlərin rəhbərlərinə gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan edilib: “Eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib”.

İdarə rəisi qeyd edib ki, 2018-ci il ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb.

Onun sözlərinə görə, həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanıb, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib: "Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.


Müəllif: Teleqraf.com