15 Yanvar 2019 14:41
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi Abşeron arxeoloji ekspedisiyasının apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çoxlu sayda alətlər aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İdris Əliyevin məlumat verib. O bildirib ki, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Həmçinin Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.

Mütəxəssislər tərəfindən materialların müqayisəli təhlili aparılıb və ilkin rəyə görə, bu tapıntıların paleolitin orta mərhələsinə aid olduğu bildirilib.

İdris Əliyevin sözlərinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərib.

Son tapıntılar paleolit dövründə göstərilən ərazidə qədim ovçuluğun olması barədə də fikir yürütməyə əsas verir.

Arxeoloq qeyd edib ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin öyrənilməsinə səbəb olacaq.


Müəllif: Aytən