15 Yanvar 2019 17:16
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın “Tvitter”də “Türkiyəni iqtisadi cəhətdən çökdürəcəyik” mesajına Türkiyənin cavabı gecikmədi. Ankara bir daha sübut etdi ki, öz təhlükəsizliyi naminə heç bir təhdid qarşısında geri çəkilməyəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, D.Trampın bu mesajı iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə zərbədir və Ankaranın Rusiya ilə daha da yaxınlaşmasına gətirir:

“Vaşinqtonun Suriya strategiyası demək olar ki, Türkiyə əleyhinə formalaşıb. ABŞ müttəfiqi Türkiyə ilə deyil, Türkiyənin düşməni YPG ilə koordinasiyalı fəaliyyət göstərməklə Ankaranı Yaxın Şərq siyasətində küncə sıxışdırmaqdadır”.

Məlum tvitdən sonra D.Trampla Rəcəb Tayyib Ərdoğanın telefonla danışdıqlarını vurğulayan M.Əsədullazadə qeyd edib ki, telefon danışığı zamanı Menbiçlə bağlı yol xəritəsinin hazırlanması, ABŞ qoşunlarının Suriyadan çəkilməsi müzakirə edilib:

“Türkiyənin əsas hədəfi Cənub sərhədlərində təhlükəsizlik zonası yaratmaq, xüsusilə YPG terror təşkilatını Fərat çayının şərqindən təmizləməkdir. Zənnimcə, ABŞ Türkiyənin israrı nəticəsində geri addım atacaq. YPG gedən proseslər fonunda Vaşinqtonun təlimatı ilə ərazilərdən çəkiləcək. Əgər çəkilməsə, Türkiyə ordusu əməliyyatlara başlayacaq. Ankara məhz Vaşinqtonun YPG-yə çəkilmək təlimatı verməsini gözləyir. ABŞ YPG-nin Türkiyə ordusu ilə müharibəyə girməsinə razı olmayacaq. Çünki bir neçə il ərzində hazırladığı bu silahlı dəstələrin Türkiyə ordusu tərəfindən məhv edilməsi Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də Vaşinqton YPG-ni Menbiç və Fərat çayının şərqindən geri çəkəcək. Əgər ABŞ Türkiyəyə qarşı YPG-ni açıq döyüşdə istifadə edərsə, bu, Vaşinqton-Ankara diplomatik əlaqələrinin kəsilməsinə, Suriyada müharibənin yenidən alovlanmasına gətirə bilər”.


Müəllif: Səxavət Həmid