16 Yanvar 2019 18:53
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com