19 Yanvar 2019 09:01
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com qrafik və karikaturaçı rəssam, rəngkar Soltan Soltanlı ilə müsahibəni təqdim edir.

Onunla “ Yüksək ideyalar yolunda” sərgisində söhbətləşdik.

- Soltan müəllim, sərgidən başlayaq, burda hansı əsərləriniz var?

- Mənim Azərbaycanda 7-ci sərgimdir, burda 30-a yaxın rəngkarlıq əsərim var. Düzdür, saytımda bu əsərlər yerləşdirilib, amma canlı ilk dəfədir nümayiş olunur. Bəzi əsərlər keçən sərgiyə də qoyulmuşdu, indi də var. Misal üçün, “Gələcəyin şəhəri” əsəri belələrindəndir.

Əslində elə əsərlərim var, hər sərgidə onu görmək istəyirəm. Hiss edirəm ki, uğurlu əsərdir, insanların onu görməsi gərəklidir.

- Mövzu seçiminizdən danışın, zəhmət olmasa... Əsərlərinizdə nəyi çatdırmaq istəyirsiniz?

- Mənim yaradıcı olaraq başım həmişə işləyir, düşünür. Metroda, avtobusda gedəndə, evdə olanda, hər vaxt... Evdə yanıma cızma-qara eləmək üçün daim kağız-karandaş qoyuram. Amma təbii ki, yaradıcı insan kimi özüm üçün müəyyənləşdirdiyim məqsədlərim var.

Mən rəssamlıqda ilk növbədə düşüncə sənəti ilə məşğul oldum. Düşünmədən qəti şəkildə əsər ərsəyə gəlməz. Bəziləri soruşur ki, necə olur bu mövzular ağlına gəlir? Misal üçün, bir rəssam yoldaşım deyir ki, mən də rəssamam, niyə filan şeyi mən düşünüb tapmamışam? Bir məqam var ki, mən ardıcıl düşüncə ilə məşğul oluram, başqaları yox. İnsanla, həyatla bağlı nə məni düşündürürsə, onu çəkib ifadə etməyə çalışıram. Bu, bir əsəri yox, bir neçə əsəri əhatə edə bilər.

- Əsərlərinizdə at obrazı diqqətimi çəkdi...

- Bütün yaradıcılığım boyu atla bağlı mövzu mənimlə olacaq. Çünki hər mövzunun davamı var. Ümumilikdə yaradıcılıq həyata münasibətdir. Həyat deyəndə mən daha çox insanı nəzərdə tuturam. Çünki həyatın başlıca obrazı insandır. Nə çəkməyimdən asılı olmayaraq mən insanı ifadə etməyə çalışıram. İnsanın bu dünyadakı yeri, mövqeyi, xoşbəxtliyi, bədbəxtliyi, gələcəyi bir sənətkar kimi məni çox düşündürür.

Mən özüm üçün konsepsiya müəyyənləşdirmişəm, bu konsepsiya insanı çəkmək, onu bütün yaxşısı, pisi, doğrusu, əyrisi ilə göstərmək, ifadə eləməkdir. Əgər belə düşüncə genişliyi, qəlb istəyi varsa, ola bilməz ki, ortaya parlaq əsər çıxmasın.

Necə ola bilər ki, özünü sənətkar sayasan, amma həyata heç bir münasibətin olmasın. Mən çox rəssam, yazıçı, bəstəkar, alim gördüm ki, həyata konseptual münasibəti yoxdur. Bu isə sənətin ölümünə ə gətirib çıxarır. Onu quru vasitəyə çevirir.

Mənim fikrimcə, sənət insana kömək eləməlidir. Sənətkar əslində xilaskardır. Bunu təkcə rəssamlıq haqqında demirəm. Dünya ədəbiyyatı, incəsənəti, kinosu barədə də deyirəm. Bəyəm sənət bəşəriyyət üçün dindən az iş görüb? Yox, əksinə... Əslində sənət özü dünyanın izah formasıdır. Öz əsərlərimlə mən dünyanı izah edirəm.

- Gördüyüm qədəri ilə əsərlərinizdə yaşıl və qırmızı rənglər üstünlük təşkil edir. Duyğularınızı tam əks etdirən rənglər hansılardır və nə üçün?

- Mən Ağsu rayonunun Kalva kəndində böyümüşəm. Bu kənd dağların başında yerləşir, bu baxımdan mən gözəlliklərin içərisində olmuşam. Məni rəssam edən həmin kənd oldu. Uşaqlıqdan rəssamlıqla bağlı bütün duyğularımı təbiətdən almışam. Buna görə təbiət adlı müəllimə minnətdaram. Təbiətlə bağlı obrazlarım gördüklərimin ifadəsidir.

Kəndə tez-tez gedirəm, oranı görəndə yeni bir əsərə ehtiyac duyuram. Məndə bulud obrazı var. Misal üçün “Bulud altında çimən qadınlar” əsərində mən buludu obrazlaşıdırmışam, yəni burda bulud ayrıca obrazdır, fon deyil.

Buluda xüsusi münasibətim var və məni təbiət hadisələri içərisində ən heyrətləndirən də odur.

- Bunun bir səbəbi varmı?

- Bilmirəm. Uşaq vaxtı düşünürdüm ki, buludun üstünə çıxıb oturmaq, ona əl vurmaq olar. Bu, fantaziyadır. İnsanın xəyal gücü ona imkan verir ki, özünü ifadə eləsin. Heç vaxt təbiətdə bulud altında qadınlar çimmir. Ancaq mən “Bulud altında çimən qadınlar” əsəri yaratdım, deməli, ola bilərmiş...

Rənglər təbiətdəki həqiqi rənglərdi, mən onu təbiətdə görmüşəm. Ümumən, mən parlaq işləmək istəyirəm. Bəzi rəssamlar var ki, qara tonlardan çox istifadə edirlər. Mən istəyirəm ki, əsər ağ işığa bürünsün, insanı fərəhləndirsin və orda hökmən işıq olsun.

- İxtisasca filoloqsunuz. Sizcə, rəssam olmaq üçün təhsil vacibdirmi?

- Uşaq olanda rəssamlıq məktəbinə qəbul olunmaqdan ötrü ürəyim gedirdi. Hesab edirdim ki, məktəbi oxuyandan sonra artıq rəssam olacam... 1991-ci ildə gəldim Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, qəbul ola bilmədim. Atam dedi, bura bizim yer deyil.

Kəndə qayıtdım. Atam mənim qəti şəkildə rəssam olmağımı istəmirdi, çəkdiklərimi də cırırdı. Baxmayaraq ki, atam özü ziyalı, müəllim, dünyagörüşlü insan idi, zəngin kitabxanamız vardı. O deyirdi ki, saqqalı uzun, cibi boş adamlara rəssam deyilir.

O həyatı görmüşdü və bunları bilirdi, ona görə deyirdi ki, get özünə başqa sənət tap. Amma mənim içimdə bir istək var idi ki, əsas odur bu kənddən çıxım, sonra nə edəcəyimi özüm biləcəm.

Gəlib ADPU-nun filologiya fakültəsinə qəbul olundum, sonra da dilçilik üzrə magistr oxudum. Amma ikinci kursda qəti fikir yarandı ki, institutu atıb, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gedirəm. Artıq rəssamlarla görüşmüşdüm, onların emalatxanalarında olmuşdum. Evdə bu qərarı pis qarşıladılar. Rəssamlarla sıx təmasdan sonra düşündüm ki, gedib rəssamlıq məktəbini oxuyub, diplom alandan sonra doğurdanmı rəssam olacağam? Mütaliəm, dünyanı yavaş- yavaş dərk etməyim mənə kömək oldu. Gördüm ki, dünyada təhsil almayan, ancaq rəssamlığa böyük töhfələr verən, məktəblər yaradanlar olub... Fransız rəssamı Pol Sezan, Pol Qogen, Meksika rəssamı Frida Kahlo... Belələri çoxdur.

Rəssamlıqda heç kim diplomla öyünə bilməz. Hər kəs ortaya sənət əsəri çıxarmalıdır.

Məşhur xalçaçı rəssam Lətif Kərimov tələbələrinə deyərmiş ki, sərgilərdə heç bir rəssam diplomunu asmır, əsərini asır. Yeri gəlmişkən, Lətif Kərimov da heç bir təhsil almamışdı. Beləcə qərara gəldim ki, bu sahə üzrə təhsil almayacağam.

Bunun bir başqa səbəbi o idi ki, tanıdığım bütün rəssamlarda eyniyyət gördüm, hamısının rəngləri, düşüncələri oxşar idi. Zənnimcə, bu eyniyyəti yaradan onların təhsil aldığı məktəb idi. Hamısı bir məktəbdən keçmişdi... Mən düşündüm ki, özümü qəlibdən qorumalıyam, qəlibə düşsəm, başqalarına oxşayacağam. Sadəcə olaraq özüm olmaq istədim, bəlkə də rəssamlıq məktəbini qurtarsaydım, mənim fərdi məktəbim olmayacaqdı.

Üslub odur ki, min nəfərdən biri tamam ayrı yolla gedir. Alim Qasımov muğamda heç kimə bənzəmirsə, bu, məhz onun yoludur. Adam var ki, 70 il yazıb yaradır, amma üslubu yoxdur. Baxan kimi bilinir ki, bu filankəsin dəsti-xətti, ideyası, rəngidir. Şairdə, rəssamda, bəstəkarda da bu bilinir. Üslub yoxdursa sənət yoxdur, yaradıcı yoxdur, rəssam yoxdur...

- İlk əsəriniz yadınıza gəlirmi?

- Uşaqlıqdan bircə 9 yaşımda nənəmin “A4” rəsm vərəqinə naturadan çəkdiyim portreti qalıb. Qalanları qoruyub saxlaya bilməmişəm. Bu mənim sənətimə münasibətlə də bağlı olub – qorumayıb, cırıb atıblar. 1992-ci ildə çəkdiyim əsərləri ata-anam mənə göstərdi, mən çox təsirləndim, ümid eləmirdim ki, o əsərlər qalır.

İndi, əlbəttə, valideynlərim mənimlə fəxr edirlər. Bir dəfə atam sərgimdə dedi ki, “Soltanı rəssamlıqdan çox yayındırmağa çalışdım, amma o öz dediyini elədi. Bağışla məni oğlum, sənin yanğını başa düşməmişəm”.

- Sənətkarların öz yaradıcılığında fərqləndirdiyi, özünə daha yaxın bildiyi əsəri olur. Sizin xüsusi sevdiyiniz əsəriniz varmı?

- Əsərlərimə o qədər tələbkar yanaşıram ki, deyirəm, mənim əlimdən, fırçamdan zəif əsər çıxmayacaq. Bu bir az özündən razılıq kimi də görünə bilər, amma yox, bu, özümə qarşı tələbimdir. Ona görə də əsər ağlımda tam hazır olmayana qədər onu çəkmirəm. Ağlımda o əsəri rənginə qədər görürəm, sonra çəkirəm. Elə rəssamlar var ki, nə çəkəcəkləri bəlli deyil, başlayırlar və çəkirlər, mən o yolu qəbul etmirəm. Ona görə rəssamlıq gəlib bu vəziyyətə düşdü...

- Yəqin ki, sizin yarımçıq əsəriniz yoxdur.

- Yarımçıq yox... Amma olub ki, əsəri çəkmişəm, alınmayıb, rəngləri qaşımışam, silmişəm, yenidən çəkmişəm. Mən əsərlərimin çoxundan imtina etmişəm, cırmışam. Bu da özünə yüksək tələblə bağlıdır. Tolstoyda belə bir şey olub ki, dəfələrlə, hər birində yeni variantda əsərlərinin üzünü köçürüb.

Görmüşəm, zəifdir, məni təmin eləmir, onda tamaşaçını da təmin eləməyəcək. Bu əsər başıma qaxınc olacaq. Onda demişəm ki, bu əsəri yaratmamılsan.

- Soltan müəllim, ola bilər ki, bu sizin həm də xarakterinizdən irəli gəlir, yaradıcılıqda zəif əsərlərə də rast gəlmək mümkündür.

- Şübhəsiz, zəif əsərlər də olur. Əvvəllər o tələblə özümə yanaşmırdım, ağlıma nə gəlirdi, çəkirdim. İndi belə deyil, bu mənim üçün yolverilməzdir. Əsər qaralama formasında məndə bəzən aylarla, illərlə qalır. “Acgöz qonşu” əsərini mən 20 il bundan qabaq tuşla işləmişdim və düşünmüşdüm ki, yağlı boya əsəri ola bilər. Sonra üzərində işlədim. Müəyyən ideyalar, eskizlər qalır, bir müddətdən sonra mən o ideyalara qayıdıram, zəif cəhətləri görürəm.

- Günün ən çox hansı hissəsində işləyirsiniz?

- Adətən, rəssamlar gün işığında, səhərdən axşama, qaranlıq düşənə qədər işləyirlər. Çünki gün işığında rəngləri daha dəqiq görmək mümkündür. Elektrik işığında rənglərin fakturası qarışır. Məndə belədir ki, özümə zülm edirəm, çox işləyirəm. Hesab edirəm ki, ömür azdır, işləmək lazımdır, ideyalarsa çoxdur.

Qaralamalarım həddindən artıqdır, bilmirəm onları çatdıra biləcəyəm, ya yox. İstəyirəm, bütün qaralamalar əsərə çevrilsin. Buna maddiyyat və vaxt lazımdır.

- Bir əsər üzərində nə qədər işləyirsiniz?

- Bir gün ərzində, hətta 3 saata bitirdiyim əsərlərim də olub. Üzərində ən çox işlədiyim “İnsan əsarəti” əsəridir ki, bir ay onunla çalışmışam. Çünki orda insan fiqurları, obrazlar çox idi, dəqiq işləməliydim. Şübhəsiz, bütün əsərlərə tələbim belədir. Amma tutaq ki, başqa rəssam mənanı çəkməyi qarşısına məqsəd qoymur, rənglə ifadə edir, ona görə də sərbəst işləyə bilir və bir saat işi bitirə bilir.

- Elə dövr olubmu ki, rəsm çəkməkdən uzaqlaşmısınız?

- Mən rəsm çəkməyə həmişə hazır vəziyyətdə oluram. Bu, bir az qəribə görünə bilər, ancaq xəstəlik və ya problem olmasa hər gün çəkirəm. Düşüncə dayanmır, o, dayansa, yaradıcılıq da dayanacaq. Düşünürəmsə, deməli, yeni əsər var, istənilən halda onu rahat çəkə bilərəm.

- Sərgidə sərlərinizin qiyməti 1500 manatdan başlayır, 5 minə qədər davam edir. Satdığınız ən bahalı əsəriniz?..

- 2017-ci ildə mən 8 əsər satdım. 3 min manatdan yuxarı satdığım əsərim olmayıb.

- Maraq necədir, istəyənlər varmı?

- Azərbaycanda çox çətindir... Hərçənd insanların, sənətsevərlərin, tamaşaçıların mənim sənətimə münasibətindən narazı deyiləm. Özüm də bilirəm ki, hazırkı mühitdə rəsm alıcısı yoxdur. Əsərlərimin satışı çox çətindir.

Dünyanın ən azı 50 ölkəsinin muzey və şəxsi kolleksiyalarında əsərlərim saxlanılır. Amma Azərbaycanda bircə muzeydə də mənim əsərim yoxdur. Mədəni dünyanın ən inkişaf etdiyi ölkələrində əsərlərim var. Saytım vasitəsilə dünyanın hər yerindən məni izləyirlər.

- Bəs sifariş qəbul edirsiniz? Heç sifarişlə çəkilən əsərləriniz varmı?

- Sifariş olur. AMEA “Molla Nəsrəddin” kitabını buraxdı, mən ora illüstrasiya tipli karikaturalar çəkdim. Bunlar baxan kimi anlaşılan və sözlü karikaturalardır. Orda 48 əsərim yer alıb. Sonra uşaqlar üçün Dədə Qorqud obrazlarını işləmişəm, Azərbaycan tarixi hökmdarların portretlərini yaratmışam. Amma ümumən sifariş sıfır səviyyəsindədir. Mən layiqli qiymətimi almamışam.

Qətiyyətlə deyirəm ki, mənim yaratdığım sənət nəinki Azərbaycanın, hətta dünyanın üzünü ağ edən sənətdir. Nəinki Azərbaycan təsviri sənəti üçün, lap dünyanın özü üçün də hadisədir. Bunu mən özüm də bilirəm, bunu mənə qıraqdan deyənlər də var. Dünya təsviri sənətində bir şey yaranırsa, o təkcə bir bölgəyə aid olmur, bütün dünyanın dəyərinə çevrilir.

- Karikatura da çəkirsiz. Karikatura deyəndə ilk ağla problemlər gəlir, sizcə necədir?

- 1995-ci ildə yaradıcılığa karikatura ilə başlamışam. Bizim anlayışımızda ənənəvi karikatura sovet dövründə gördüyümüz kimidir, amma dünya miqyasında tamam fərqlidir. 20 ildir beynəlxalq yarışlarda iştirak edirəm ki, bunların çoxu karikatura yarışmaları, müsabiqə və sərgiləridir. Ölkəmizi təmsil edirəm, çoxlu mükafatlarım da var.

- Mövzuları necə seçirsiniz?

- Müsabiqələrdə mövzuları özləri qoyurlar. Hazırda Türkiyəyə müsabiqə üçün əsər göndərmişəm, cavab gözləyirəm. Orda mövzu belədir: “Gələcək əlimizdədir”. Yəni rəssam gələcəyi necə görür... Onu keçirən təşkilatlar sifariş verirlər ki, bizə təxəyyül lazımdır. Bundan başqa, müsabiqələrdə ciddi qlobal mövzular qoyulur. Elə də olur ki, müsabiqə mövzusuz olur, sərbəst seçim edirik.

Amma müsabiqəyə də güclü əsər göndərmək lazımdır. Keçən il Türkiyədə, bu il Çində keçirilən müsabiqələrin hər ikisində 3-cü yerə layiq görüldüm. Mükafat qazandığım ölkələr çoxdur.

- Dünya rəssamları ilə əlaqəniz varmı?

- Daha çox internet vasitəsi ilə əlaqə saxlayıram. Mən dünyada hələ ki bəxti gətirməyən rəssamam.

Avropada rəssamlar var ki, onlara ayda min avro verirlər. Mənim yaradıcılığımın elə bir vaxtıdır ki, çəkməyə rəng və kətan tapmıramsa, bu faciədir. Mən tamaşaçılara yüksək duyğular bəxş edirəm, orda romantika, gələcək, gözəllik var. Nə qədər güclü olmalısan ki, sənin məhrumiyyətindən tamaşaçının xəbəri olmasın.

Tamaşaçı bilmir ki, rəngin var, yay yox. Heç kim xəbər tutmur, bu əsərlər necə ərsəyə gəlib. Mən balamın boğazından kəsib rəngə pul verirəm, bu, çətin məsələdir. Bunu düşünəndə bəzən çox təsirlənirəm.

- Gələcək planlarınız nədir?

- Hazırda yeni əsərlər üstündə işləyirəm. İl ərzində yeni bir sərgim də açılacaq, bütün əsərlərim orda nümayiş olunacaq.


Müəllif: Aytən Yusifova