18 Yanvar 2019 15:08
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq ötən il Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də Nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və kadr işinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin 2018-ci ildə də davam etdirildiyi nəzərə çatdırılıb.

Əsas diqqətin fəaliyyətdə şəffaflığın artırılmasına, korrupsiya və vəzifədən sui-istifadə kimi neqativ hallarla mübarizəyə yönəldildiyini bildirib.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələləri, o cümlədən ötən dövr ərzində ölkəmizin əldə etdiyi uğurlu nəticələri və aparılan iqtisadi islahatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Keçən ilin iqtisadi inkişaf baxımından uğurlu olduğu, şəffaflığı tam təmin etmək və xoşagəlməz hallara qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm addımlar atıldığı qeyd olunub.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov 2018-ci il ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilmiş, qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi tam təmin edilib, heç bir qanun pozuntusu qeydə alınmayıb.

Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosial yönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib.

Məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması istiqamətində seminar-treninqlər keçirilib.

Hesabat dövründə Baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilib.

Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilmiş, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilib, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.


Müəllif: Hacı Zeynalov