18 Yanvar 2019 16:32
4 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 1-dən sonra Gürcüstanda 335 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko ölkədə qızılcaya yoluxmanın epidemik həddə çatdığını, bu xəstəliyə qarşı yeganə mübarizə yolunun vaksinasiya olduğunu bildirib.

Bəs Azərbaycanda qızılca xəstəliyi kütləvi şəkildə yayılıbmı, əgər qızılca yoluxma halları olarsa ondan necə qorunmaq lazımdır?

Bununla bağlı Teleqraf.com-a açıqlama verən respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, Gürcüstanda qızılca varsa, bizdə də olacaq deyə bir şey yoxdur:

“Bu kimi xəbərləri bəzi insanlar bilərək və ya bilməyərəkdən yayır. Azərbaycanda müvafiq peyvəndləmə aparılıb, peyvənd olmayanlar da olunsunlar. Hazırda Azərbaycanda qızılcanın yayılma ehtimalı, epidemiyası yoxdur. Ola bilər, insanlar arasında tək-tək belə hallara rast gəlinsin. Belələri qızılca peyvəndindən kənar qalıblar. Ölkədə kütləvi qızılca yoluxması yoxdur.

Bəzən insanlar uşaqlarını peyvənd elətdirmirlər. Kimlər elətdirməyibsə, onlar qızılcaya tutula bilərlər. Vaxtında peyvənd elətdirmək lazımdır”.

Həkim deyib ki, əvvəlki illərə nisbətən ölkələr arasında gediş-gəliş halları çoxalıb, bu da xəstəliklərin artmasına səbəb olur: ”Dünyamız çox kiçilib, inşaların təmas ehtimalı artıb. Gürcüstanda soydaşlarımız çoxdur, onlar gəlir, biz gedirik. Ola bilər, bir-iki nəfər ordan gedib qızılca yoluxdurub gətirsin, onlardan isə xəstəlik immuniteti olan, peyvənd elətdirən adama keçmir. Kimdə immunitet yoxdursa, az-az müşahidə oluna bilər”.

Həkim-pediatr Əli Quliyevin fikrincə, qızılca Ukraynada, Gürcüstanda yayılıb. Bu ölkələrlə gedib-gəlişimiz olduğu üçün bizə də bulaşması ehtimalı var.

Onun sözlərinə görə, valideynlər vaxtında tədbir görüblərsə, qızılca peyvəndini vurdurublarsa, o uşaqlarda heç bir təhlükə yoxdur: “Amma valideyn qızılca peyvəndinin zərərli olduğunu düşünərək vurdurmayıbsa, xəstəlik Azərbaycana gələrsə, o uşaqların qızılcaya tutulma ehtimalı böyükdür. Qızılca hətta bəzi xəstə uşaqları ölümcül edə bilər, çünki xüsusi bir müalicəsi yoxdur. Gərək bədən özü immunitet yaratsın.

Qızılcadan qorunmağın yolu təması əngəlləməkdir. Yəni istər böyük, istərsə kiçiklər qızılcalı və qızılca şübhəsi insanlarla mümkün qədər təmasda olmamalıdır. Peyvənd vurulubsa, o insanlarda 99 faiz problem olmayacaq”.

Pediatr deyib ki, qızılcada ağırlaşma hallarının qarantiyası yoxdur, bu haqda əvvəlcədən nəsə demək mümkün deyil, bu, orqanizmdən asılıdır: “Elə insan var ki, immunitet onda güclü, eləsi də var zəifdir. Bu baxımdan proqnoz verə bilmirik ki, ağırlaşma olacaq, ya yox. Riskə girməmək üçün tövsiyə edirik ki, peyvəndlər vurulsun ki, belə bir vəziyyətlərdə uşaqlara heç bir təhlükə yaranmasın”.

Həkim bildirib ki, hər hansı insan qızılcaya tutularsa, yataq şəraitində olmalı, bol maye qəbul etməli, qızdırma salıcı dərmanlardan istifadə etməlidir: “Amma ağırlaşma olarsa, uşaq qidalanmazsa və ya çox halsız qalarsa, onu xəstəxanaya yatırtmaq lazımdır”.

Pediatr təkcə uşaqların yox, böyüklərin də qızılcaya tutulma riskinin olduğunu deyib: “Əgər böyük adam indiyə qədər qızılca mikrobu ilə rastlaşmayıbsa , yaxud uşaq vaxtı ona qızılca peyvəndi vurulmayıbsa, yoluxma riski yüksəkdir. İstər böyük, istər uşaqlar olsun, hər iki qrupun ağırlaşma riski var.

Peyvənd vurduran ailələrin təşvişə düşməsinə gərək yoxdur. Vurdurmayanlar da mümkün qədər səpkisi olan insanlardan uzaq dursunlar”.

Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkədə qızılcaya yoluxmanın əsasən böyüklərdə qeydə alındığını, uşaqlar arasında da müşahidə edildiyini deyib: “Hadisələrin sayı çox azdır, hələ ki xəstəlikdən ağırlaşma qeydə alınmayıb. Həmin xəstələrin laborator qan analizləri, müayinə və müalicə işləri aparılır”.


Müəllif: Aytən