19 Yanvar 2019 21:07
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 yanvar ərəfəsində Azərbaycanda vəziyyət kəskin pişləşmişdi. Bir tərəfdən Azərbaycan Xalq Cəbhəsinin monolitliyi pozulmuş və parçalanma baş vermişdi, AXC-nin radikal qanadı "Müdafiə Şurası" adlı qurum yaradıb Leytenant Şmidt adına zavodun Mədəniyyət sarayında qərərgah qurmuşdu, digər tərəfdən ermənilər Dağlıq Qarabağda və Ermənstanla həmsərhəd rayonlarda silahlı təxribatları gücləndirmişdi.

Mən o zaman Bakı Tunel Tikinti İdarəsində (Metrostroy) fəhlə hərəkatının rəhbəri idim. Həm də Birləşmiş Həmkarlar İttifaqı tərəfindən qeydə alınmış Tətil Komitəsinin sədri və AXC dayaq dəstəsinin əlaqələndircisi idim.

Belə qərara gəldik ki, 50 nəfərdən ibarət dəstə yaradıb döyüşmək üçün Zəngilana gedək. Tezliklə 50 nəfərdən ibarət dəstə hazır idi. Bizi geyimlə təmin etdilər. Özümüzə rəhbər seçdik (Zabit rütbəsi olan Qaçay Hüseynovu) və cəbhəyə göndərilmək üçün AXC-nin Vannikov küçəsindəki qərargahına gəldik.

Bəlli oldu ki, burada da bir qərargah yaradılıb. Bizdən üzv olmaq üçün 5 manatdan pul yığdılar. Sonra gördüm ki, həmin pulla qərərgaha qab-qacaq, ərzaq və s. alıb gətirdilər. Belə tövsiyə olundu ki, şəhərdə qarışıqlıq var, hələlik təxribatların qarşısını alaq, sonra cəbhə xəttinə gedərik.

Bir neçə gün könüllü patrul xidməti göstərdikdən sonra bizi hansısa qüvvə Leytenant Şmidt adına zavoddakı qərərgaha yönəltdi. Mən buna razı deyildim, amma müqavimət göstərməyin yeri də yox idi.

19 yanvar 1990-cı ildə bizə göstəriş verildi ki, müqavimət üçün vasitələr lazımdır. Bizim idarənin 28 May metrosunun qarşısında tikinti sahəsi var idi. Dəstəmizin qaynaqçı üzvü Misgər armatur çubuqlar hazırladı. Onu daşıyıb qərargaha gətirdilər. Qaranlıq düşdükcə həyacan və şayiələr artırdı. Biz barrikadaları gəzib vəziyyəti öyrənirdik. Bu zaman televiziada partlayış xəbəri gəldi. Daha sonra bizə xəbər gəldi ki, “Gənclik” metrosu istiqamətindən Leytenant Şmidt adına zavoda tərəf ordu hissələri irəliləyir. Hamımız armatur çubuqlar götürüb indiki Gülarə Qədirbəyova küçəsi ilə Təbriz (Çapayev) küçəsinin kəsişməsində toplaşdıq. Yolun giriş hissəsini “İkarus” markalı avtobusla kəsmişdik. Avtobusun ön hissəsində dayanıb gözləyirdik.

Rus əsgərləri indiki Koroğlu Rəhimov küçəsi ilə aşağı enib yolun kəsişməsinə çatanda ön sıra aşağı şökdü və yayılım atəş başlandı. Qaçaqaç başlayanda kimsə qışqırdı ki, boş (xolostoy) patronlardır. Mən dayanıb işıq saçan güllələrə baxırdım. Elə bilirdim ki, doğrudan boş patronlardır. Baxmayaraq ki, hərbi xidmətdə avtomat silahım olub, özüm Cənubi Vyetnamda döyüş xidmətində olmuşdum və güllənin nə demək olduğunu çox yaxşı bilirdim. Birdən kimsə mənə qışqırdı ki, qaç.

Nəhayət, mən də üzü Mədəniyyət evinə tərəf qaçmağa başladım. Yolda iş yoldaşımız Rəşidin yaralandığını gördük. Taksilər artıq yaralıları daşımağa başlamışdı (həmin günlərdə əksər taksilər əhaliyə pulsuz xidmət göstərirdi. Sürücülər ya plan vermirdi, ya da ciblərindən verirdi).

Bakı Tunel Tikintisi İdasəsinin işçiləri olaraq, bir yerə cəmləşdik. Hərbiçilər Mədəniyyət evini tərk etmək üçün ultimatum verdilər. Məsləhətləşib qərara gəldik ki, müqavimət yersizdir. Üzü aşağı - indiki Heydər Əliyev prospektinə çıxdıq. İrəli gedib Ağa Nemətulla küçəsi ilə yataqxanaya qayıtmaq qərarına gəldik (Yataqxana Ağa Nemətulla, 67 ünvanında yerləşir). Bir qədər getdikdən sonra bəzilərimiz geri qayıtmaq qərarına gəldik.

Bizi gəzdirən və idarə tərəfindən ayrılmış avtobus Dəmiryol Texnikumunun qarşısında qalmışdı, sürücü də içərisində. Bir qrup ayrıdıq ki, gedib onun taleyinin necə olmasını öyrənək. Amma əksəriyyət bizə qoşulmadı və yola davam etdilər. Sonradan bildik ki, onlar Ağa Nemətulla küçəsinə dönmədən düz Bağırov körpüsünə qədər gediblər və ordan üzü yuxarı qayıtmağı qərarlaşdırıblar (Ağa Nemətullada atəş səsləri olduğu üçün). Körpüyə çatanda tanklarla üzləşiblər. Yaylım atəş altına düşüblər və hərə bir tərəfə qaçıb. Biz isə atəş səslərinə baxmayaraq, Dəmiryol Texnikumunun yataqxanasına yaxınlaşdıq və gördük ki, avtobus süzgəcə dönüb (sonra öyrəndik ki, 200 güllə dəliyi var). Sürücü isə bu zaman içəridə olub və nə qədər heyrətamiz olsa da, onun burnu da qanamayıb.

Həyətlərin içərisindən keçib yataqxanaya qayıtdıq. İş yoldaşlarımızdan Rəşid yaralandığı üçün xəstəxanaya yerləşdirilmişdi. Əflatun isə yox idi.

İki gün sonra onu tapdıq. Morqdan. Bağırov körpüsünün yanında gülləbaran olanda o da gülləyə tuş gəlmişdi. Daha bir dostumuz, bizim qrupa komandir təyin etdiyimiz Qaçay da həmin gecə aldığı sarsıntıdan sonra sağlamlığını itirdi və az sonra həyatdan köçdü.

20 yanvardan hamımız travma alıdıq - əbədi travma.

R.S.Şəkil 20 Yanvar şəhidlərinin 40 mərasimi (1990) zamanı çəkilib.


Müəllif: Teleqraf.com