20 Yanvar 2019 01:17
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalqın qədim dövlətçilik tarixi, mənsub olduğu dili, milli ruhu, mədəniyyəti, əzəli-əbədi torpaqlara malik olması, onun dünya tarixində var olduğunun başlıca meyarıdır. Əsrlər boyunca fiziki, maddi və mənəvi terrora məruz qalan, iradəsi, amalı, ən nəhayət, məfkurəsi əleyhinə edilən təzyiqlər isə həmin xalqların zillət, faciə içərisində yaşadığını göstərir. Bu, ədalətsizlikdir və bəşər tarixinə nəzər salsaq, bir çox xalqların taleyində insanlığa sığmayan yüzlərlə belə hadisənin şahidi olarıq.

Azərbaycan xalqı da əsrlər boyu bərəkətli torpağına, yeraltı və yerüstü sərvətinə göz dikən, onu parçalayıb talamağa, məhv etməyə cəhd göstərən, ən başlıcası da bir millət, xalq olaraq onu dünya xəritəsindən silməyə çalışan yadellilərin basqıları altında yaşamağa məcbur olub. Lakin bütün dövrlərdə igid oğullarımız bu ədalətsizliklərə qarşı çıxmağa, xalqın və dövlətçiliyin mənafeyini, şərəfini qorumağa özlərində güc tapmış, milli mənsubiyyətlərini yaşatmışlar. Başqa bir tərəfdən də xalqımız dədə-baba torpaqlarına ruhən bağlı olduqlarından, azərbaycançılıq məfkurəsi uğrunda hər zaman mübarizə aparıb. Qılıncından qan daman sərkərdələrimiz də həmişə xalqın gücünə, birliyinə söykənib, millətin haqq işi uğrunda mübarizələrdə canlarından keçməyə hazır olublar. Bu səbəbdən də düşmənin səngimək bilməyən işğalçılıq əməlləri bizi hər zaman ayıq-sayıq olmağa səfərbər edib. Əzəldən yeri, yurdu olmayan üzdəniraq qonşularımız isə sığınacaq verdiyimiz dədə-baba torpaqlarımızı daim xaincəsinə talan etmək ehtirası ilə alışıb yanmış, çirkin əməllərini harada gəldi həyata keçirməyə fürsət axtarmışlar.

1990-cı ilin qanlı yanvar gecəsində qara niyyətli düşmənin törətdiyi fəlakət də hərəni bir yerdə yaxaladı: küçədə, həyətdə, avtomobildə, evdə, ağacların arasında – daha haralarda. Necə sarsılmayasan!

Həmin o toplu-tüfəngli, od-alovlu, vahiməli gecənin özü, arxasınca sürünən qanlı-qadalı yanvarın hamısı, bütövlükdə sonrakı ayların matəmi bizim üçün – Azərbaycan xalqı üçün heç vəchlə xatirəyə dönmür, dönə bilmir. Çünki yaraların yeri bitişməmiş təzə yaralar açıldı, ağrı-ağrıya calandı, dərd dərdi üstələdi. İtkilər, faciələr həyatımızı alt-üst etdi... Hamısı da sızıltılarımızın anası – o gecənin ağrısı üstə kökləndi.

O gün Bakının siması büsbütün dəyişdi, evləri, küçələri, ağacları da adamları kimi şəhid oldu. Bu faciələri görən insanlar, hətta o gecənin üzünə doğulan körpələr də öz tarixlərinə, Bakının müsibətinə şahid oldular. Bakı öz şəhidlərinə şahid oldu. Filmlərdə gördüyümüz od-alov saçan tanklar Bakının küçələrində şütüyərək hər tərəfi gülləborana tutmuşdu. İnsanların gözü qarşısında günahsız xalqa – cavanlara, qocalara atəş açır, hətta uşaqlara da aman vermədən onları qanına qəltan edirdilər. Adamı qılınc kimi kəsən soyuqda, qarlı-şaxtalı gecədə insanların qanı küçəyə axıdılırdı. Bütün bunları görən xalqın fəryadı göylərə qalxdı. Necə odlanmayasan!

Həmin vaxtlar o vahiməli gecədən də hələ bir neçə gün əvvəl havada bir boz soyuqluq, süstlük, kədər vardı. Sanki təbiət əvvəlcədən hər şeyi duymuş, göyün üzündə matəm çadırını qurmuşdu, ürəyi qubar bağlamışdı, yamanca dolmuşdu. Demə, ana təbiət övladlarının qanına qəltan olduqlarından gözlərindən sel-su axıdacaqdı. Həmin günlər evlərin pəncərələrindən qara bayraqlar asılmışdı. Adamlar matəm libası geyinmişdi, ürəklər qan ağlayırdı. Bakı matəmə büründü, bütün Azərbaycan şəhidlərinə yas tutdu.

Əllər Allahın dərgahına uzandı, gözlərindən qan-yaş tökən insanlar Tanrıdan imdad dilədilər: ey yeri-göyü xəlq edən Qadir Allah! Sən bu xalqın qisasını düşməndə qoyma... Həmin o matəm günlərində gözlərimdən ixtiyarsız axan göz yaşlarının içərisində yanıb-qovrulur, kükrəyirdim: Anamız Azərbaycan! Qoy bu, sənin həyat durduqca son kədərin, son matəmin olsun! Ey uludan-ulu, durudan-duru xalqım, başını qaldır, qəddini dikəlt! Sən qalxacaqsan, dünyaya işıq təki saçılacaq, sülhün, əmin-amanlığın carçısı, təbliğçisi olacaqsan...

Azərbaycanın taleyində heç vəchlə unuda bilmədiyimiz bu səhifə, qanla yazılmış tarix hər kəsin yaddaşına ölümləri, itkiləri, ağrıları ilə köçdü. Sarı iblislər, mənfur ermənilər tərəfindən törədilən bu qanlı faciələr qəlbimizə “Yaddaşımızın qara yanvar tarixi” kimi yazıldı. Lakin bu da bir həqiqətdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm də igidlik, qəhrəmanlıq səhifəsi, milli oyanış tarixi kimi yaşayır.

Bildiyimiz kimi, xalqımıza qarşı törədilən cinayətə, Qanlı Yanvar faciəsinə ilk dəfə etiraz səsini ucaldan, müqəssirlərin mühakimə olunmasını tələb edən də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev oldu. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu faciəni törədənlərin adlarını açıqlayaraq millətə qarşı etdikləri xəyanətə görə onları ifşa etdi. Xalqımıza dərin hüznlə başsağlığı verdi. Onun olduqca əhatəli, dərin məzmunlu bu bəyanatı nəinki ölkəmizdə, eləcə də bütün dünyada əks-səda verdi.

O gün Ulu Öndər demişdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”. Müdrik siyasətçi, qəlbi daim Azərbaycan sevgisi ilə döyünən Heydər Əliyev törədilən bu cinayətə qədər buraxılan səhvləri də nəzərə çatdırmışdı.

Ümummilli Lider 1991-ci il mart ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərkən 20 Yanvarda törədilən hadisələri belə şərh etmişdi: “1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.

Xalqın hiddətinə səbəb olan bir məsələ də bu hadisələrə qiymət verilməməsi idi. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Bundan sonra müdrik insan, dünya miqyaslı siyasi xadim 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi istiqamətində yeni layihələrin, tədbirlərin həyata keçirilməsinə nail oldu.

Heydər Əliyevin bu fikri də xalqın yaddaşına heç vaxt sozalmayan, silinməyən bir yazı kimi həkk olundu: “20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi”. Ümummilli Liderin bütün sahələrdə siyasi kursunu böyük bacarıq və ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar hadisələrinə milli mücadilə prizmasından yanaşaraq deyib: “Azadlıq, müstəqillik uğrunda Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir”.

Düşünürəm ki, xalq və vətən naminə, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin qorunması istiqamətində Ulu Öndərin göstərdiyi misilsiz xidmətləri güzgü kimi əks etdirən bütün çıxışları, tövsiyələri kimi, yuxarıda onun müdrikanə fikirlərindən önə çəkdiyimiz iqtibasları da hər zaman sözümüzdə, söhbətimizdə xatırlamaqla yeni nəslin yaddaşına ötürməliyik...

Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq səhifəsi kimi yaşayan bu tarix bizə belə bir inamı da diktə edir ki, torpaq üstə, azadlığımız naminə, müstəqilliyimizin bərpası yolunda şəhid olan igid oğullarımızın qanı yerdə qalmayacaq. Biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik. Dövlətimizin başçısı, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurları da bu istəyin, diləyin ən etibarlı qarantıdır.

Şəfəq Nasir

Yazıçı, publisist


Müəllif: Teleqraf.com