21 Yanvar 2019 12:59
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən Qazax rayonundakı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında yaponiyalı və azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq ekspedisiya fəaliyyət göstərir. Müvafiq memorandum Mədəniyyət Nazirliyi tərəfindən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti arasında bağlanıb.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, beynəlxalq ekspedisiyanın işlədiyi müddət ərzində mühüm nəticələr əldə edilib. Qobustandan sonra Damcılı mağara düşərgəsinə Mezolit dövrü təbəqəsinin aşkar edilməsi, bu dövrə aid maddi-mədəniyyət nümunələrinin, qiymətli tapıntıların əldə edilməsi ərazinin ən qədim yaşayış düşərgəsi olmasını bir daha sübut edir.

Mədəniyyət naziri Əbülfəs Qarayev ötən il qoruq ərazisində aparılan arxeoloji işlərlə, qazıntılar zamanı əldə edilmiş tapıntılardan ibarət sərgi ilə tanış olarkən qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini vermişdi.

Həmçinin burada mədəniyyət nazirinin, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun, yaponiyalı və azərbaycanlı mütəxəssislərin iştirakı ilə Damcılı qədim yaşayış düşərgəsinin gələcək perspektivləri, infrastrukturu və s. ilə bağlı fikir mübadiləsi aparılmış, o cümlədən ərazinin abadlaşdırılması, yeni yolun çəkilməsinin vacibliyi vurğulanmışdı. Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Avey qoruğunun inkişafı ilə bağlı müvafiq təkliflər hazırlayıb.

Eyni zamanda, ekspedisiyanın işlədiyi müddətdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir neçə dəfə ərazidə olmuş və ekspedisiyanın mövcud iş şəraitini yaxşılaşdırmaq, Damcılıya gələn turistlərin yolunu abadlaşdırmaq üçün avtomobil meydançasının 200 kvadratlıq sahəsinə asfalt döşənmişdi. Nazirin iştirakı ilə keçirilən həmin görüşdə icra başçısı Bakı-Qazax-Tibilisi magistral yolunun Daş Salahlıya birləşdirən hissəsi asfaltlanacağını bildirərək bu yolun daha 3 km – dünya əhəmiyyətli abidə olan Damcılıya qədər uzadılmasını təklif etmişdi.

Bu günlərdə rayon İcra Hakimiyyətinin dəstəyi ilə həmin işlərə başlanılıb. Daş Salahlı–Ürkməzli–Dəmirçilər kənd yolunun yenidən qurulması layihəsinə ilk olaraq qoruğun “Damcılı” filialından start verilib. Qoruqla Daş Salahlı kəndini birləşdirən 3 km yola asfalt örtüyü çəkilir.

Bundan əlavə, rayon İcra Hakimiyyəti başçısı Göyəzən dağına ətrafın yaşıllaşdırılması və daha çox turistin cəlb edilməsi məqsədilə suyun çəkilməsi üçün müvafiq qurumlara tapşırıq verib.


Müəllif: Teleqraf.com