21 Yanvar 2019 22:13
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Südeyif İmamverdiyevin rəhbərliyi ilə 28 yaşlı gənc üzərində aparılan mürəkkəb əməliyyat xəstədə tamamilə qapanmış sidik kanalını bərpa edib.

Teleqraf.com xəbər verir ki, iki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşərək sarğı nahiyəsindən çıxması nəticəsində böyük bir yara əmələ gətirib. Uroloq deyib:

“Hadisədən sonra armatur keçən nahiyə tamamilə yanıb və sidik kanalı tam dağılıb. Ona görə də xəstə sidiyə gedə bilmirdi və üç yerdə ciddi yaraları vardı. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qasıqüstü nahiyədən sidik kisəsinə boru taxılıb”.

Professorun verdiyi məlumata görə, müayinələr nəticəsində xəstənin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Həkimlərin rəyinə əsasən kanalın bərpasının əməliyyat yolu ilə aparılması qərara alınıb. Əməliyyat nəticəsində kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib.

Əməliyyatın çətinliyi onda idi ki, qapanmış nahiyəni bərpa etmək üçün toxuma çatışmazlığı yarana bilərdi və bu, baş verəcəyi təqdirdə mərhələlərlə digər nahiyələrdən - hətta ağız boşluğundan selikli qişa götürüb həmin nahiyəyə köçürmək və kanal düzəltmək üçün toxuma yaratmaq lazım idi.

Üç saat yarım davam edən əməliyyat uğurla başa çatıb və anatomik yol bərpa olunub.


Müəllif: Teleqraf.com