22 Yanvar 2019 18:05
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Misir Ərəb Respublikasının səfiri Adel İbrahimlə keçirilmiş görüşdə həmin ölkənin mədəniyyət nazirinin Azərbaycana gözlənilən səfərinin təfərrüatları, 5-9 fevral 2019-cu il tarixində Qahirə şəhərində keçiriləcək 1-ci İƏT Festivalı, həmçinin cari ilin mart ayında təşkil ediləcək Şarm əl-Şeyx Beynəlxalq Film Festivalında ölkəmizin təmsil olunması məsələləri müzakirə edildi və bir sıra razılıqlar əldə olundu.

Daha sonra nazir Əbülfəs Qarayev Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul etdi. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparıldı.

Nazir keçirilən görüşlər zamanı qonaqları 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.


Müəllif: Teleqraf.com