22 Yanvar 2019 18:55
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildə bolşeviklər Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra bir çox azərbaycanlı siyasətçi, ziyalı, yazıçı və şair mühacirətə getməli oldu. Onlar başda Türkiyə Cümhuriyyəti olmaqla Fransa, Almaniya kimi ölkələrdə yaşadı, burada istiqlal mübarizəsinə davam etdilər.

Bu mühacirlərdən biri də Hacı ağa Nuri idi.

Hacı ağa Nuri Azərbaycanın gənc ziyalılarından olub. Bir müddət Almaniyada təhsil alıb, daha sonra Türkiyəyə qayıdıb.

Türkiyədə Kayseri, Eskişehir şəhərlərində yaşayan Hacı ağanın vəfatı mühacir azərbaycanlılar arasında böyük kədərə səbəb olub.

Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə İstanbulda çap etdiyi “Odlu yurd” dərgisində onunla bağlı yazı yazıb, eləcə də iki məqalə dərc edib. Bu, Hacı ağa Nurinin nə qədər önəmli şəxsiyyət olduğunu göstərir.

“Odlu Yurd” dərgisinin 13-cü sayında (1930, mart ayı) Hacıağa haqqında 3 yazı var. Yazının biri onun həyatı haqqındadır. Digər yazı Rəsulzadəyə, sonuncu məqalə isə jurnalın məsul müdiri, azərbaycanlı tələbə Kamal Qənizadəyə məxsusdur.

Hacı ağa Nurinin həyatı ilə bağlı olan bu üç yazını təqdim edirik:

***
Hacı ağa Nuri

Keçən ayın 11-də Eskişehirdən göndərilən bir teleqraf həzin bir xəbər gətirdi. Teleqrafda Azərbaycanın ziyalı milliyyətpərvərlərindən Hacı ağa Nurinin mübtəla olduğu xəstəlikdən sağalmayıb vəfat etdiyi bildirilirdi.

“Azərbaycan, Azərbaycan” deyə ruhunu təslim edən mərhum Azərbaycanın nadir yetişdirdiyi simalardan biriydi. 1894-cü ildə Bakıda doğulub, ibtidai və orta təhsilini Bakıda alıb. 1913-cü ildə ali təhsil almaq üçün Almaniyaya gedib, lakin 1914-cü ildə baş verən dünya müharibəsi üzündən təhsilinə davam edə bilməyib, geri qayıdıb. Bakıya qayıtdıqdan sonra ictimai həyata atılan Nuri bəy əvvəlcə gizli bir təşkilat halında çalışdıqdan sonra 1917-ci ildə açıq və sərbəst fəaliyyətə keçən Müsavat firqəsinə üzv olub, firqə həyatında dəyərli xidmətlər göstərib. Çox sağlam millətçi, istiqlalçı və azərbaycançı olduğu üçün Müsavat firqəsinin proqramı çox xoşuna gedib və bu fikri yaymaq üçün çox təbliğat aparıb.

Milli Azərbaycan Cümhuriyyəti təşəkkül etdikdən sonra ali təhsil almaq üçün ailəsi tərəfindən dəfələrlə Avropaya getməsi üçün təklif edilsə də, Hacı ağa Nuri bəy daim imtina edib, müstəqil Azərbaycanın istiqlalçı və millətçi ziyalı gənclərə son dərəcədə ehtiyacı olduğunu nəzərə alaraq çox sevdiyi xalqı arasında yaşamağı seçib.

Azərbaycanın süqutundan sonra millətinin və məmləkətinin başına gələn fəlakətə dözməyərək təhsil bəhanəsi ilə Almaniyaya gedib və Göten (Anhalt) şəhərində 1913-1914-cü illərdə mühəndis məktəbinə daxil olub.

1923-1924-cü illərdə Almaniyada təşəkkül edən Azərbaycan İstiqlal Komitəsində böyük fədakarlıq və fəaliyyət göstərib.

Ağır maddi çətinlik içərisində olmasına baxmayaraq 1926-cı ildə ali təhsilini tamamladıqdan sonra Türkiyəyə gəlib, Kayseridə yeni təşəkkül edən təyyarə fabrikində mühəndis kimi çalışıb. Bir müddət bu fabrikdə çalışdıqdan sonra Eskişehirdə dəmiryolları fabrikinə daxil olub, vəzifəsini mükəmməl bir şəkildə icra edib, son nəfəsini də bu vəzifə başında verib.

Mübarizəsini apardığı istiqlal qayəsinə qovuşmadan nakam ölən əziz məslək dostumuzun kədərli ailəsinə başsağlığı veririk.

***
M.Rəsulzadə
Nakamlardan biri

Ağı söyləyən azərbaycanlı bir ananın ağzında ən yanıqlı söz “nakam” kəlməsidir.
“Nakamım oğul!..”

Bilsəniz, bu cümləni söyləyən ana nələr çəkir, necə yanıqlı hisslərlə yanıb qovrulur.
Eskişehirdə vəfat edən Azərbaycan ziyalılarından Hacı ağa Nuri bəy sözün xalq arasında söylənilən mənası ilə “nakam” deyildi, o evliydi. Özündən sonra ürəyi dağlı bir yoldaş tərk edərək bu dünyadan köçmüşdür.

Lakin buna rəğmən Hacı ağa nakamdır. Bəli, nakam! Çünki bir gənc üçün evlənmək, sevgilisinə qovuşmaq nə isə vətənsevən bir mültəci-mühacir üçün azad və müstəqil vətəninə qovuşmaq odur; bəlkə, ondan daha ötədir. Buna görə də ölümünə kədərləndiyimiz Hacı ağa nakamdır.
Vətənin xilasını görmədən aramızdan gedən dost şüurlu millətçilərdən, hərarətli vətənsevərlərdən biri idi. Daha məktəb sırasında ikən Bakıda Müsavat firqəsinə qoşulmuş, 15 ildən bəri türk millətçiliyinə və Azərbaycan istiqlalçılığına sədaqətdən ayrılmamışdır.

Onu tanıyanlar vətənin çox dəyərli bir gənci itirdiyinə qanedirlər. Keçmiş Azərbaycan Məclisi Müəssisan seçki komissiyasında katib olaraq çalışdığı vaxtdan tanıdığım bu arxadaş güvənli, istiqbala malik ciddi bir gənc idi. Bilgili, xarakterli, məfkurəçi bir gəncdi!

Təəssüf ki, nakam öldü!

Ey kam gözləyən digər gənclər! Nakam ölənlərin intiqamı alınmalı, vətənin xilası yolunda edilən mücadilə bir an da unudulmamalıdır.

Nakamların məzarlarına qoyacağımız ən münasib çələng vətən və istiqlal fikrinə göstərəcəyimiz diqqətdən başqa nə ola bilər?

***
Kamal
İkinci qurban

Onu ilk dəfə Bakıda Haşımovun binasında Türk Ədəmi Mərkəziyyət Müsavat Xalq Firqəsinin sadə salonunda gördüm. O vaxt bir çox fəlakətlərdən sonra azəri xalqı öz muradına çatmış, sevgili üçrəngli bayrağını Azərbaycanın masmavi, parlaq səmasında yüksəldərək türk-islam tarixində ilk dəfə doğmuş Demokratik Azərbaycan Cümhuriyyətini elan etmişdi.

Xarici və daxili təhlükələrin bir qismini məhv etdikdən sonra gənc nəsli tərbiyə edərək istiqbala hazırlamaq üçün Müsavat firqəsi müxtəlif sahələrdə fəaliyyət göstərdiyi kimi tələbələr arasında da milli ruhu inkişaf etdirmək üçün Bakı Komitəsi nəzdində bir də Müsavatçı Tələbələr Bürosu təşkil etmişdi. Bu tələbələr bürosunda ilk dəfə onunla tanış oldum. Arxadaşlarımızdan Məhəmmədzadə Əbdülvahab bəy məni ona təqdim etmişdi. Gözlərində parıldayan zəkası dərhal diqqətimi cəlb etmişdi. Dərhal anlaşdıq, ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arxadaş, nizam-intizama əməl edən modern firqə adamı olduğunu dəfələrlə göstərmişdi.

Məşum istila hadisəsindən sonra Hacı ağa Nuri bəy təhsil üçün Almaniyaya getmişdi.
1923-cü ildə Azərbaycanda hökmran olan istila dalğası məni əvvəl İrana, sonra da Almaniyaya atdı. Almaniyaya gedər-getməz ilk hədəfim Hacı ağa Nuri bəyin ünvanını tapmaq oldu. Bir neçə hazırlıqdan sonra 1924-cü ildə Almaniyada Müsavat firqəsinin ilk şöbəsini təşkil etdik və Gürcüstan üsyanı ərəfəsində Berlində bir qurultay həyata keçirdik. Qurultayın rəisi Hacı ağa Nuri bəy idi. Almaniyada yaşayan bir çox arxadaş da bizə qoşuldu. Əsaslı güc topladıqdan sonra müxtəlif sahələrdə fəaliyyətə başladıq.

Hacı ağa Nuri bəy firqəvi vəzifələrdən əlavə Almaniya mətbuatında Azərbaycan haqqında təbliğat aparmaq, bolşevik zülmünü mədəni dünya qarşısında protest etmək və s. kimi çox mühüm vəzifələri həyata keçirmişdi.

Maddi vəziyyəti çox pis olan bu əziz arxadaş müntəzəm şəkildə üzvlük haqqını ödədi, o zaman nəşr olunan “Yeni Kafkasya” jurnalına köməyini heç bir zaman əsirgəmədi.

Heç unutmuram. Bir gün bolşeviklər Almaniyada təhsil alan tələbələrin bəzilərini bizimlə işbirliyində və millətçi olduqları üçün hökumət hesabından çıxarmışdılar. Biz o arxadaşların vəziyyətlərini düşünürdük. O sırada Hacı ağa Nuri bəydən çox həyəcanlı bir məktub aldım. Məktub hökumət hesabından çıxarılan arxadaşlara yardım etmək haqqında idi. Özü yoldaşı ilə 40 dollara çox çətinliklə yaşadığı halda arxadaşlara bu pulun dörddə birini verə biləcəyini vəd edirdi.

On illik mücadilə yoldaşımın bütün həyatı gözümün önündən bir-bir keçir. İçimdə coşan üsyan çayı vücudumu başdan-ayağa istila edir. Vətənin bu yeganə övladı mənim həyatımda necə müstəsna bir yerə sahibdi. Anasını, qardaşını itirən bir yetimdən daha fəna bir vəziyyətə düşdüm. Qəlbimdə dalğalanan ələm qasırğasına güclə müqavimət göstərirəm.

Mən onun əbədiyyata qovuşarkən söylədiyi Azərbaycanı, bütöv Azərbaycanı düşündüm, bütöv Azərbaycanın xilası adına tökülən qanları, əriyən qəhrəman bədənlərini xatırladım. Və bu qurbanın əziz əməllərinə qovuşmayıb kamsız ölən sevgili bir dostum olması, zamanın vəlvələsində boğulan diqqətimi təkrar gərginləşdirdi.

Ah, sevgili ölkə, əziz ölkə, müqəddəs ölkə!

Sənin məğrur dağlarına, ilahi səmalarına qanadlarını gərən bayquş hələ qəhredici bir zərbə ilə yuvarlanmadımı?

Quzğun dənizinin mavi sularını ləkələyən şimal həyuləsinin yerin dibinə gedəcəyi vəd edilən an gəlmədimi?

Əziz ölümüzün müqəddəs ruhu indi Azərbaycanın qaranlıq, kəsif səmasında dolaşır, gəncliyi məfkurə uğrunda birliyə dəvət edir. Bu atəşin məfkurə uğrunda daha çox qurbanlar veriləcəyini, qiymətinin bilinməsini və irəlidə çox qısqanclıqla müdafiə edilməsi üçün daha çox əziz vücudlardan ayrılmağımıza məcbur olacağımızı xəbərdarlıq edir.

Bu xitab mənə necə də sonsuz bir sükut verir. Mən onun tunc ahəngini dinlədikdən sonra gələcəyə imanla baxıram.

Vətənin qurtuluşu naminə can verənlər həqiqətdə ölmədilər. Onlar sevgili Azərbaycanın mənəvi varlığında sonsuza qədər yaşayacaqlar.

İstanbul
15 Fevral 1930



Müəllif: Dilqəm Əhməd