22 Yanvar 2019 19:21
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlərboyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Niyə görə? Çünki taleyimiz öz əlimizdədir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 75-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Bakının Sabunçu rayonunda 311 saylı tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışından götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri zamanı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının, həmin iclasda Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavabının mətnləri daxil edilib. Nəşrdə dövlətimizin başçısının ölkəmizə rəsmi səfər etmiş Ukrayna və İran prezidentləri ilə keçirdiyi görüşlər, habelə imzalanan sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatlarla çıxışları haqqında informasiyalar, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə çıxışlarının mətnləri, üç ölkənin liderlərinin görüşü barədə materiallar toplanıb.

Çoxcildliyin 75-ci kitabında, həmçinin Prezident İlham Əliyevin Türkiyə, İsveçrə, İtaliya, ABŞ və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Parlamentinin, Qaz İxrac edən Ölkələrin Forumunun, Ümumdünya Yəhudi Konqresinin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə söylədiyi nitqin, Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına müraciətinin, Olimpiadada yarışacaq idmançılarla görüşündə çıxışının mətnləri ilə tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Qəbələ, İsmayıllı, Masallı, Biləsuvar, Salyan, Xaçmaz, Qusar rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur obyektlərinin, yeni məktəb və körpələr evi-uşaq bağçaları binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi nitqlərin mətnləri, respublika paytaxtındakı orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı, yeni tədris korpuslarının açılışında iştirakı haqqında informasiyalar da yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 75-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Müəllif: Teleqraf.com