23 Yanvar 2019 13:17
10 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə həyata keçirilib. Əvvəllər süni mayalanmaya mənfi yanaşılsa da, son vaxtlar bu üsulla uşaq sahibi olanların sayı artmaqdadır.

Teleqraf.com mama-ginekoloq, qadın xəstəlikləri və doğum uzmanı Olcay Turqutla müsahibəni təqdim edir.

- Həkim, 5 ildir Azərbaycandasınız, tibb sahəsində Türkiyə ilə ölkəmiz arasında fərqlər barədə nə deyərsiz?

- Təzə gələndə Azərbaycanla Türkiyə arasında tibb sahəsində fərqlər görürdüm. Amma son bir-iki ildə bir çox istiqamət üzrə həm Türkiyədə, həm də Azərbaycanda dünya ölkələri ilə müqayisədə heç də zəif olmayan gözəl həkimlər meydana çıxıb. Hazırda ətrafımızdakılar etibarlı və düzgün işləyən həkimlər var.

- Son illər dünyada sonsuzluqla üzləşən ailələrin sayında artım müşahidə olunur. Sizcə, bu nə ilə bağlıdır və onun müalicəsi necə aparılır?

- Sonsuzluq konkret şəkildə filan səbəbə bağlıdır demək mümkün deyil. Ümumən sonsuzluq zamanı təxminən 20-30 faiz qadınlarda, 20-30 faizi kişidə problem olur. 20-30 faiz hallarda isə nə qadında, nə də kişidə hər hansı problem tapa bilirik. Daha doğrusu, problem tapsaq belə, heç bir əməliyyat edə bilmədiyimiz üçün biz buna dünyada səbəbi bilinməyən, yaxud səbəbi açıqlanmayan ideopatik sonsuzluq deyirik. Qalan hallarda problemi tapıb onun həll yollarını axtarırıq.

- Bəs nə zaman müalicənin effektsiz olduğunu bilib, süni mayalanmaya getmək lazımdır?

- Süni mayalanma sonsuzluğun müalicəsində son mərhələdir. Sonsuzluq diaqnozu qoyduğumuz xəstələrdə problem dərmanla, əməliyyatla həll oluna bilərsə, bu yolu seçirik. Əgər problem bunlarla həll olunmursa, səbəb tapılmırsa, süni mayalanma son çarə kimi gündəmə gəlir. Uşaqlıq boşluğunda mioma ola bilər, bu, embrionun yerləşməsinə əngəl olan şeydir. Biz bunu laparoskopik götürürük. Bundan sonra süni mayalanma etməyə məcbur deyilik, müalicə də apara bilərik. Süni mayalanma üsulunu o zaman seçirik ki, edə biləcəyimiz bütün çarələr bitmiş olur.

- Süni mayalanma necə aparılır, prosesi izah edərdinizmi?

- Süni mayalanma zamanı əslində bizim öhdəmizə düşən normal qaydada hər ay çoxalan follikulun sayını 8-lə 10 arasında çoxaltmaqdır. Bunun üçün menstruasiyanın ikinci günündən başlayaraq qadına dərman veririk, 10-11-ci gündə yetişdirdiyimiz follikullardan yumurtanı toplayırıq, bu yumurtaları yoldaşından aldığımız sperma ilə birləşdirib, 3-5 gün arasında laboratoriyalarda sobalarımızda böyüdürük. Daha sonra əmələ gələn embrionları uşaqlıq boşluğuna köçürürük.

- Süni mayalanma üçün əsas şərt nədir?

- Qeyd etdiyim kimi, süni mayalanma son mərhələdə aparılan müalicə üsuludur və yetişdirmək qabiliyyətli yumurtası olan qadınlarda edirik. Yəni yumurta əmələ gəlməyəcəksə, bu prosesdən imtina etməli oluruq. Kişidə sperma yoxdursa, onda da süni mayalanma aparıla bilməz. Bu iki vəziyyət xaricində hər insanda süni mayalanma aparmaq mümkündür.

- Süni mayalanmada uğurlu sonluq ehtimalı nə qədərdir? Zəmanət verirsinizmi?

- Bu, tez-tez rastlaşdığımız sualdır. Mən sualı pozitiv tibb dediyimiz bir sahənin statistikası əsasında cavablandırardım. Dünya statistikasında süni mayalanmadan maksimum 40-60 faiz arası müsbət nəticə almaq olur. Təbii ki, yaş 35-i keçdikdə və ya başqa problem olduqda, bu şans aşağı düşür. Süni mayalanma 100 faiz nəticə verən bir proses deyil və heç bir qarantiyası yoxdur. Bütün dünyada belədir. Amerikada, Türkiyədə, İsraildə ortalama 40 faiz nəticə alınır. Gənc yaş qrupunda bu, 60 faizə qədər çıxır.

- Süni mayalanmada risk amilləri hansılardır? Onun qadın orqanizminə təsiri necədir?

- Süni mayanlanma zamanı, əlbəttə, qəbul edilən dərmanların az da olsa yan təsirləri olur. Bizi qorxudan hazırladığmız follikulların sayının çox olmasıdır. Bəzən hər şeyi tamam qanunauyğun şəkildə etməyimizə baxmayaraq Ovari hiperstimulasiya sindromu (OHSS) əngəlli, yəni artıq follikulun daha çox maye verməsinə bağlı olaraq turşu əmələ gəlməsi süni mayalanmanı risk altında qoyur.

Bunun qabağını almaq üçün əlimizdən gələni edirik, lazım gələrsə köçürməni daha irəlidəki aylara atırıq. Yəni hazırladığımız embrionları dondururuq. Bundan başqa risklər olmur.

- Azərbaycanda süni mayalanma üçün müraciət edənlər çoxdurmu?

- İlk başda insanlar süni sözündən qorxurlar, amma zamanla qadından yumurta, kişidən sperma alındığı və bunlardan hazırlanan embrionun transfer olunduğunu öyrəndikcə, bu işə daha real və yaxşı baxmağa başlayırlar. İlk öncə pasiyentləri bu istiqamətdə məlumatlandırmaq lazımdır. Xəstələr dürüst həkimlərə müraciət edib məlumat aldıqları zaman onsuz da düzgün qərar verir və süni mayalanmaya gedirlər.

- Adətən, süni mayalanma zamanı əkizlər olur, bunun səbəbi nədir?

- Süni mayalanmada əsas məqsəd hamiləlik şansı əldə etməkdir. Bunun üçün də 1-3 embrion qoyuruq. Təbii ki, bəzi xəstələrdə 3 ədəd qoymalıyıq. İki embrion qoyduqda və hər ikisi tutduqda əkiz uşaq doğulur. Həm şansı artırmaq üçün, həm də müraciət edənlərin yaşı yuxarıdırsa, 2-3 embrion qoymalı oluruq. Təbi ki, 3 uşaq və daha artığını istəmirik. Tək uşaq həkim üçün daha idealdır, amma bəzən əkiz övlad cütlükləri də sevindirir.

Düzdür, əkiz olanda sona qədər izləmə zamanı problem yaranır, amma bununla iki hamiləlik aradan çıxmış olur.

- Süni mayalandırmanı bir neçə dəfə etmək mümkündürmü?

- Süni mayalanmada hər şey düzgün aparılıbsa, embrionlar düzgün qoyulubsa şans 60 faizdir. Tutmadığı zaman əlavə problem yoxdursa, bunu iki və ya üç dəfə təkrarlamaqda da şanslar həmişə eynidir. Amma təəssüf ki, 3 dəfədən çox etdikdə, şanslar azalmağa başlayır. Onun üçün də ikinci və ya üçüncü dəfə alınmırsa, süni mayalanmanın kömək edə bilməyəcəyini düşünürük.

- Süni mayalandırma ilə doğulan uşaqlarda normal doğuşla dünyaya gələn uşaqlar arasında fərq varmı? Bu uşaqlarda xəstəlik riski nə qədərdir?

- İllərdir bununla bağlı iş aparılır. 1980-ci illərdən bu yana süni mayalanma ilə doğan uşaqlar izlənilib və bununla bağlı çoxlu nəticələr var. Amma açığı, süni mayalanma nəticəsində dünyaya gələn uşaqlarla normal yolla doğulmuşlar arasında fərqin mövcudluğu üzərində aydın bir konsensus yoxdur.

Təbii ki, süni mayalanmaya gedən xəstələrimizdən bir az daha yaşlı qadınlarda yaşla bağlı riskli hamiləlik yaşanır, bundan savayı heç bir fərq yoxdur.

- Süni mayalandırmanın qiyməti necədir?

- Hazırda xəstəxanamızda 30 faizlik endirim kampaniyası var deyə, qiymət hər şey daxil 3200 manatdır.


Müəllif: Aytən Yusifova