23 Yanvar 2019 17:04
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir. Son dövrlərdə Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələ daha da aktuallaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, vaxtilə İTV ilə əlaqəli qanunvericilik aktları müzakirə olunanda bu məsələ diqqətə çıxmışdı: "Hazırda AzTV-də islahatların, müəyyən dəyişikliklərin aparıldığı bildirilir. Təəssüf ki, İTV hələlik gözləntiləri doğrultmayıb. İTV-nin “qızıl dövrü”nü indiyədək nəinki qaytarmaq, ona heç yaxınlaşmaq mümkün olmayıb. Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə “Xəbərlər” proqramına və studiyalara bir az əl gəzdirilib. Vəssalam.

Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlər qalmaqdadır. Plüralizm prinsipinə əməl etmək isə ümumiyyətlə yaddan çıxıb. Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir.

Hazırda dövlət başçısının apardığı islahatlara dəstək baxımından ciddi müzakirələrin, aktual polemikaların, maraqlı tərəflərin iştirakı ilə diskussiyaların təşkilinə ehtiyac var. Parlamentin, vətəndaş cəmiyyətinin və biznes sektorunun bu islahatlarda iştirakı və prosesə dəstəyi ilə bağlı efirdə faydalı bir şey tapmaq çox çətindir. Təəssüf ki, bu tip müzakirələr hələlik yalnız sosial mediada aparılır.

Ümid edirəm, ölkədə KİV siyasətini müəyyən edənlər efir məkanın canlandırılmasına, dövlət büdcəsindən maliyyələşən TV-lərdə zəruri islahatların aparılmasına ciddi diqqət yetirəcəklər”.


Müəllif: Aytən