1 Fevral 2019 11:32
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında fərmanı dövlət başçısının şəhid ailələrinə göstərdiyi ilk diqqət və qayğı deyil. Bundan əvvəl – 19 aprel 2018-ci ildə 1997-ci ilədək həlak olmuş şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi barədə fərman imzalanıb. Bir neçə gün əvvəl verilən fərmanla daha 2500-dən artıq şəhid hərbi qulluqçuya və 451 şəhid polis vərəsəsinə birdəfəlik ödəmə veriləcək. Ümumilikdə, siyahı 13 minədək şəhid vərəsəsini əhatə edəcək. İndi isə şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 58 manat artırılaraq, 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Bunu yalnız alqışlamaq olar.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas deyib.

O qeyd edib ki, dövlət başçısı şəhid ailələrini daim diqqət mərkəzində saxlayır:

“Çox təəssüf ki, şəhid vərəsələri arasında bəzən səbirsizlər və onlardan istifadə etmək istəyənlər olur. Piketlər təşkil etmək, Azərbaycanı sevməyən internet televiziyalarında onları təxribata çəkmək kimi hallar baş verir. Prezidentin fərmanları ilə onların hamısının cavabı verildi. Bu da yalnız cənab Prezidentin şəhid ailələrinin problemlərini diqqətdə saxlamasının, onlara qayğı göstərməsinin nümunəsidir”.

A.Aqil daha sonra deyib:

“Ötən il noyabrın 18-də şəhid vərəsələri Milli Məclisin inzibati binasının qarşısına gəlmişdilər. Mən aşağı düşüb onlarla görüşdüm. Mənim özümün də şəhidim var. Bacımın polis kapitanı olan həyat yoldaşı şəhid olub. Yəni, şəhid verməyin ağrı-acısını duyan adamam. Təkcə bir ziyalı, bir Azərbaycan vətəndaşı kimi deyil, şəhid vermiş bir azərbaycanlı kimi də bunun ağrısını çəkirəm. Mən şəhid ailələri ilə görüşəndə dedilər ki, bəs biz kənarda qaldıq-filan. Dedim ki, bir az səbr edin, sizi təxribata çəkirlər. Burada bir məsələyə də diqqət çəkmək istəyirəm. Mən orda siqaret çəkmişdim. Bunu da bəzi internet televiziyalar – “Kanal13”, “Meydan TV” çəkirdilər. Şəhid ailələri – dərdli adamlarla danışıram. Deməli, mənim orada dediyim sözlər qaldı qıraqda, başladılar ki, Aqil Abbas utanmadı şəhid ailələrinin yanında siqaret çəkdi. Siqaret çəkmək nə vaxtdan qanacaqsızlıq olub?! Yəni, insanın bir psixoloji durumu olur. Mən də o psixoloji durumda bir siqaret yandırmışam. Başladılar bundan danışmağa. Amma mən orda şəhid ailələri ilə görüşəndə bir söz dedim. Dedim ki, birincisi, narahat olmayın, bir-iki ay səbrinizi basın. Cənab Prezident digər şəhid ailələrinə də diqqət yetirəcək. Hər şey yaxşı olacaq. Cənab Prezident heç vaxt sizi diqqətdən kənarda saxlamaz. İkicə ay, daha doğrusu 2 ay 10 gün çəkdi. Bir məsələyə də toxundum. Dedim ki, o vaxt dəfn-yas pulu verilib. Belə əsaslandırılırdı ki, onlar bir dəfə sığorta pulu alıblar. Bir şəhid ailəsi şəhid üçün iki dəfə birdəfəlik sığorta pulu ala bilməz. Ancaq bu, çox az miqdarda olub. Yəni, o vaxtkı qiymətlər nə idi, indiki qiymətlər nədir? Mən hətta dedim ki, əvvəllər müəyyən miqdarda sığorta pulu alanlara da cənab Prezident bunu tətbiq edəcək və yenidən indiki pulla nəzərdə tutulan 11 min manat sığorta pulunu alacaqlar. Gördünüz ki, cənab Prezident şəhid ailələri ilə görüşdəki çıxışında da bunu dedi. Dedi ki, o vaxt verilən 50 min manat indiki 11 min manatla tən gəlmir. O vaxtın 50 min manatı nə idi? Gərək ki, 5 “şirvan” idi. Həmin o şəxslər, – hansılar ki, vaxtilə az-çox nəsə almışdılar, – onlara da 11 min manat birdəfəlik ödəmə ayrılmasına dair cənab Prezident fərman verdi”.

A.Abbas əlavə edib ki, bəzən insanları bu yolla çaşdırmaq istəyirlər:

“Hər şey mərhələ-mərhələ olur. Birdən-birə olmur ki... Cənab Prezident ilk növbədə şəhid hərbi qulluqçuların, ikinci hərbi hissələrdə döyüşən könüllülərin, polis işçilərinin, sonra isə bir dəfə az-çox sığorta pulu almış şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinə dair fərman verdi. Ancaq bu proses göstərdi ki, kimlərsə insanları hövsələdən çıxarmaq, onları təxribata çəkmək istəyir. Bir daha qeyd edirəm ki, cənab Prezident onların hamısının cavabını verdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər