Azərbaycan Gəncləri Günü münasibətilə Prezident İlham Əliyevin ölkəmizin gəncləri ilə görüşdə səsləndirdiyi fikirlər bir daha bu siyasətin varislik prinsipinə əsaslandığını göstərdi. Dövlət başçısı Azərbaycan gənclərində zamanın müasir tələblərinə cavab vermək üçün iki vacib komponentin olmasını tezis şəklində irəli sürdü. Ölkə başçısı vurğuladı ki, bunlardan biri təhsil, digər isə milli vətənpərvərlik ruhudur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dillər Universitetinin prorektoru, YAP Gənclər Birliyinin Şura üzvü Sərraf Balaxan deyib.
Onun sözlərinə görə, ölkə rəhbəri Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gəncliyə üç önəmli mesaj verdi: “Birincisi, öz həyatından danışaraq üzləşdiyi çətinliklərdən ümid və özünəinamın sayəsində uğurla çıxmasından ibarətdir.
İkincisi, uğura çatmaqda yüksək təhsilin ona kömək olmasıdır. Üçüncüsü isə milli ruhda aldığı mənəvi tərbiyənin uğurun davamlı olmasına qatqısıdır. Biz gənclərə tövsiyə belə səsləndi: Azərbaycan gəncliyi, ümidli ol, özünə inan, yüksək təhsil al, Azərbaycanı sev!”
Sərraf Balaxan hesab edir ki, təhsil Azərbaycan gəncini dünya gənci ilə rəqabətdə güclü edəcək, milli vətənpərvərlik ruhu isə onu bir azərbaycanlı kimi qlobal proseslərdə assimilyasiyadan qoruyacaq:
“Cənab Prezident bu gün Azərbaycanı istər dünyanın elm, bilik yarışlarında, idman arenalarında, müxtəlif beynəlxalq təşkilatlarda şərəflə təmsil edən, istər ölkəmizdə aparılan dövlət quruculuğu prosesində, innovativ layihələrin reallaşdırılmasında iştirak edən, istərsə də qarlı səngərlərimizdə, sərhədlərimizdə xalqımızı, dövlətimizi, bayrağımızı qoruyan gənclərlə fəxr etdiyini dilə gətirdi, Azərbaycan gəncinin fəaliyyətindən qürur duyduğunu söylədi.
Bu, biz gənclər üçün böyük stimul və əməyimizə verilən dəyərdir. Tədbirdə qəhrəman şəhidimiz polkovnik-leytenant Raquf Orucovun övladının çıxışı və Ali Baş Komandanın ona bu çıxışdan sonra göstərdiyi ehtiram isə bizlərin qəlbini qürurla doldurdu. Belə bir mərasimin iştirakçısı olmaq hər bir gənc kimi mənim üçün də fəxrdir”.