Bakıda taksi sifariş edən şəxs sürücünün hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxt sakini Elvin Ağayevin başına gəlib.
Zərərçəkmiş sərnişin deyir ki, bir neçə gün əvvəl taksi şirkətlərindən birindən sifariş verib. Elvin Ağayev operator xanıma metronun ''Neftçilər'' stansiyası yaxınlığından Babək prospektinə gedəcəyini deyib. Operator gedişhaqqının 2 manat 90 qəpik olduğunu bildirdikdə, o, taksinin həmin ünvana gəlməsini istəyib.
''Taksi gəldi. Məni həmin əraziyə yox, başqa yerə apardı. Sonra gətirdi məni həmin dediyim ünvana. Mən həmin məbləğin üstünə də əlavə 2 manat qoyub verdim. Başladı ki, "pulu belə niyə atırsan. İt qabağına atmırsan" deyib mənim üstümə hücum elədi. Mənə dedi 7 manat verəcəksən. Dedim axı qız 2.90 deyib, mən də əlavə 2 manat verirəm. Sonra başladı əl-qol atmağa''.
Sürücünün Elvin Ağayevə hucum edib döyməsinə ətrafda olan insanlar mane olub. Onlar sərnişin Elvin Ağayevi tez yaxınlıqdakı obyektə salıblar ki, çölə çıxmasın. Sürücü getdikdən sonra o çıxıb və sifariş etdiyi taksi şirkətinə bu barədə məlumat verib.
Sözügedən taksi şirkətinin icraçı direktoru Anar Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, həmin sürücü ofisə çağırıldı və səhvi ona izah olunduqdan sonra işdən azad edildi.