29 Avqust 2014 19:10
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazar Cəlil Cavanşir “ÖZÜNÜ TƏNQİD ET” layihəsində:

Mənim üçün özümü tənqid etməkdən asan heç nə yoxdur. Çünki özümü çox yaxşı tanıyıram. Bütün zırramalıqlarımı, bivecliklərimi, fərasətsiz olduğum sahələri yaxşı bilirəm. Ona görə də tez-tez yazılarımda özümü tənqid etməkdən, özümə ironiya etməkdən çəkinmirəm. Zəif xüsusiyyətlərimi çox gözəl bilirəm. Hətta mən buna özümü tənqid etmək yox, özümü danlamaq deyərdim. İcazənizlə bir balaca özümü danlayım.

Xarakter olaraq eqoistəm. Özümdən razılığım bəzi münasibətlərdə, xüsusən işgüzar münasibətlərdə mənə hər zaman problem yaradır. Dağınığam. Bu, həm yaradıcılıqda, həm də ailə münasibətlərində mənim şansımı azaldır.
Depressiyaya meyilliyəm. Bu, həyatımın bütün anlarında, bütün münasibətlərimdə mənə mane olur. Asanlıqla unuduram və asanlıqla bağlanıram. Bu xüsusiyyətimə görə həddindən artıq dostum və həddindən artıq unutduğum adamlar var.

Öz həyatıma qarşı laqeydəm. Bəlkə də, bu xüsusiyyətimə görə sağlamlığımda və şəxsi həyatımda çoxlu problem yaşayıram. Emosionalam. Lazım olmayan anda özümdən çıxıb yersiz hərəkətlər, çılğınlıqlar, qısacası, dəliliklər edə bilərəm.

Gələlim yaradıcılığa. Tələskən, ölçüb-biçməyi sevməyən, hesablamağı, vacib anlarda, həlledici məqamlarda düzgün qərarlar verməyi bacarmayan adamam. İlk şeir kitabımı (“Daha məni xatırlama” adlanır, on il əvvəl çap olunub) tələm-tələsik, ölçüb-biçmədən çap etdirmişəm. Kitabda cəmi iki-üç şeir var, yerdə qalanlar standart qafiyəbazlıq, sentimental sayıqlamalardır.

İkinci kitabımı (“Öz ruhunun işığında”) isə, demək olar ki, yaradıcılıq hesab etmirəm. Bu kitabdan danışmaq mənim üçün, ümumiyyətlə, xoş deyil. Həmin kitabdan bir miqdar pul qazansam da, qətiyyən ürəyimcə deyil. Üçüncü kitabımda (“Underground sevgilər”) sevdiyim şeirləri toplasam da, indi baxıram ki, bu kitab da məni qane etmir.
Ümumiyyətlə, 30 yaşa qədər iki şeir kitabı çap etdirdiyim üçün özümü şiddətlə qınayıram. Məncə, ilk üç kitaba, ümumiyyətlə, ehtiyac yox idi. Kim nə deyir-desin, şöhrətpərəstlikdir.

Dördüncü kitabım, yəni tarixi romanım olan “İtirilmiş əlyazma” isə tənqiddən o qədər əziyyət çəkib ki, qabağıma qoyub danlamağa ürəyim gəlmir. Tələm-tələsik yazıb çap etdirdiyim bu roman mənim yaradıcı həyatımda önəmli rol oynasa da, bacardığımdan və yaza biləcəklərimdən çox aşağı bir əsərdir.

“İtirilmiş əlyazma” sanki məşqdir. Nə vaxtsa böyük romanlar yazmaq iddiasında olan bir yaradıcı insanın cəhdidir. Pamuk deyir: “Niyyətlərinə nəzər salsaq, yazarlar ləzzət aldıqlarına görə, ideal oxucu üçün, öz keflərindən ötrü, ya da heç kəs üçün yazırlar”.

Pamukun sözünə qüvvət, mən birinci romanımı kefimdən yazmışam. Hərdən bu romana görə eşitdiyim təriflər məni çaşdırır. Çünki “İtirilmiş əlyazma” məni qane etmir...

Publisistik yazılar yazsam da, bu sahəni sevmirəm. Canımı dişimə sıxıb yazdığım yazılar maraqla qarşılansa da, bunu lazımsız iş hesab edirəm.

Araşdırma yazılarım böyük əziyyət hesabına başa gəlsə də, bu əziyyətimə heyfim gəlir. Teoloji araşdırmalarımı toplayıb “Dinlər, təriqətlər, peyğəmbərlər” adı altında nəşr etdirsəm də, məmnun deyiləm. Araşdırmalarımın toplandığı bu kitab ögey övlad kimidir. Müəyyən səbəblərdən sevməyə məhkum olsam da, içimdən onu unutmaq da gəlir.
Özümü yaxşı jurnalist hesab etmirəm. Ümumiyyətlə, mən jurnalist deyiləm. Bu sahədə çalışan minlərlə insandan məni fərqləndirən, uğurlu göstərən xüsusiyyətlər olsa da, heç vaxt bu sahədə böyük uğur qazana bilməyəcəyimi bilirəm. Jurnalistikanın peşəkarları var və onlarla müqayisədə mən hər zaman ikinci, üçüncü plandayam.

Sonuncu romanım, yəni cəmi bir ay bundan əvvəl işıq üzü görən “Qadın corabları” sonuncu təxribatımdır. Kitabın həm adı, həm mövzusu, həm də üslubu kifayət qədər qıcıq yarada bilib. Kitabda bilərəkdən çoxlu boşluqlar buraxdığım üçün tənqid edilməli məqamlar kifayət qədərdir. Milli-mənəvi dəyərlər, mentalitet, vətənpərvərlik, inqilab, qəhrəmanlıq, cəsarət, qeyrət, sevgi, dostluq və s. ciddi məsələlər lağ hədəfinə çevrildiyi üçün bu romana görə hələ çox söz-söhbət olacaq. Hamıya və bütün dəyərlərə ironiya etməyimi cəmiyyət inanmıram ki, mənə bağışlasın.

Alman və türk dilindən etdiyim ilkin tərcümələrin keyfiyyəti çox aşağıdır. Kifayət qədər təcrübəm olmadığı üçün, ümumiyyətlə, məmləkətimdə bu sahəyə ciddi dəstək olmadığından ilk tərcümələrim istədiyim səviyyədə deyil. Freyddən və Nitsşedən etdiyim tərcümələri informativ tərcümə hesab edirəm. Hazırda hər iki müəllifdən etdiyim çevirmələri yenidən işləyirəm və qüsurları minimuma endirməyə çalışıram. Son vaxtlar tərcümə etdiyim hekayələrə və yazılara baxanda başa düşürəm ki, təcrübə bu sahədə çox ciddi əhəmiyyət daşıyır. Qısacası, yaşıma və təcrübəmə görə ortabab tərcüməçiyəm.

Tənqid olunmalı xüsusiyyətlərimdən biri də ayrı-seçkilik qoymadan bütün yaradıcı adamlarla xoş ünsiyyət saxlamağım, əlimə düşən bütün yeni nəşrlər haqqında dəstək xarakterli, stimullaşdırıcı yazılar yazmağımdır.

Yaşım 30-u keçəndən sonra anlamışam ki, heç də hamı xoş münasibətə layiq deyil. Bu insanlara tez inanmağımdan irəli gələn sadəlöhvlük imiş. Olduqca sadəlöhv adam olduğuma görə özümdən zəhləm gedir. Təəssüf ki, bu xüsusiyyətimi dəyişməyə vaxtım və imkanım, eyni zamanda, həvəsim yoxdur.

Böyük istedad sahibi, nümunəvi ailə başçısı, qayğıkeş dost, yaxşı insan deyiləm. Düzünü deyim ki, bu xüsusiyyətlərimin olmasını da istəmirəm. Minlərlə qüsurum, yaramazlığım var. Və təəssüf ki, özümün bütün bu tərəflərim sevirəm. Yəni narazı qaldığım heç nə məni narahat etmir.
Zaman və məkan məni narsistləşdirib...


Müəllif:

Oxşar xəbərlər