4 Fevral 2019 16:17
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Nazirliyin Mərkəzi Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qəbul olunan Dövlət Proqramının ölkə iqtisadiyyatının bütün sahələrində keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olduğunu deyib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov, “Aqrolizinq” ASCnin sədri vəzifəsini icra edən Elmin Rəhmanov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalis Mahalov çıxış edərək 2018-ci ildə görülmüş işlər, əldə olunan sosial-iqtisadi göstəricilər, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Müşavirəyə yekun vuran nazir İnam Kərimov bildirib ki, nazirlik öz fəaliyyətində fermer və kəndlilərə yaxınlıq prinsipini əsas götürür və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu prinsipə əsaslanaraq fermerlərə hərtərəfli qayğı göstərməlidir. Bundan başqa DAİM-lər “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə hərtərəfli dəstək verməli, Aqrar Könüllülər Hərəkatına kömək etməlidir. Nazir “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının Tədbirlər Proqramın Tədbirlər Planında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı hər bir şəhər və rayon üzrə konkret tədbirlər nəzərdə tutulur. DAİM-lər Dövlət Proqramını əldə rəhbər tutmalı və icrada aktiv iştirak etməli, konkret nəticələrə nail olmalıdırlar.

İnam Kərimov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib. O bildirib ki, bütün səylər və fəaliyyətlər məhsuldarlığın artırılmasına yönəldilməli, sahənin elmi əsaslarla inkişaf etdirilməsi təmin edilməli, müasir texnologiyalar və həllər daha geniş tətbiq olunmalıdır.

Qeyd edək ki, “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə hər üç aydan bir keçiriləcək.


Müəllif: Aytən

Oxşar xəbərlər