Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.
Bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova məlumat verib.
İcra başçısının müavini bildirib ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir: "Cənab nazirlə icra başçısı hadisə yerinə baxış keçirir. Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib, dağıntılar var. Amma xoşbəxtlikdən insan tələfatı olmayıb. Yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.