Ötən il bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb. Bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci ilə aid məruzədə əksini tapıb.
Qeyd olunub ki, həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.
Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib.
Sənəddə bildirilib ki, 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.
Sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. /Report/