Azərbaycanın bölgələrində öz təsərrüfatlarını qurmaq istəyən gənclərə 2 min manata qədər maliyyə dəstəyi veriləcək.
Bu dəstək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçiriləcək.
Agentliyin sədri Mirzə Əliyevin sözlərinə görə, hazırda təsərrüfat qurmaq istəyən gənclərin maliyyə sıxıntısından daha çox biznesin idarə edilməsi, düzgün hədəflərin seçilməsi və təşkilatlanma kimi problemləri var ki, bu mövzuda da onlara hərtərəfli dəstək veriləcək.
Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində gənclərə bizneslərin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, innovativ layihələr təşviq ediləcək və icra olunması üçün istehsal vasitələri, davamlı olaraq pulsuz informasiya-məsləhət xidməti göstəriləcək, hazır məhsulların bazara çıxarılmasına dəstək veriləcək.
Qeyd edək ki, layihənin əsas məqsədi aqrar məşğuluğu artıraraq gənclərin bölgələrdə fəaliyyətini genişləndirməyə təşviq etməkdir.