Akademiya biznes və dövlət qurumları üçün peşəkar tədris proqramları təklif edir
Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.
Azercell daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız Azercell şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi. İlk dövrlərdə Azercell-in əməkdaşlıq etdiyi, sonradan bazardakı digər şirkətlər, hətta dövlət təşkilatları üçün də belə təlimlər təşkil edilməyə başladı.
Azercell Akademiyasının təlimləri işçilərin inkişafında əvəzsiz rol oynayır. Gənclər, eləcə də tələbələr üçün “Karyera Brendini Yarat’ təlimində CV yazılışı, müsahibəyə hazırlıq və digər mövzularda zəruri biliklər tədris olunur. Bundan əlavə, şirkətlərin gənc əməkdaşlarına “Təqdimat Bacarıqları”, “Danışıqlar Aparmaq Vərdişləri” və digər aktual mövzular üzrə təlimlər keçirilir. Şirkətlər üçün “Müştəri Xidmətlərinin İdarə Edilməsi” üzrə təlimdə adı çəkilən funksiyanın rəhbərlərinə işə qəbul, seçim prosesi və tədris, iş proseslərinin qurulması və ölçülməsi kimi məqamlar çatdırılır. Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir.
Təlimlərin məqsədi şirkətlərin inkişafına dəstək vermək, müştərilərə daha yüksək keyfiyyətli xidmət göstərmək, gənc mütəxəssislərin müştəri xidmətləri sahəsində peşəkar biliklərini artırmaq və əldə edilən bacarıqların təcrübədə effektiv tətbiqini təmin etməkdən ibarətdir.
Azercell şirkəti təlim prosesinə davamlı yatırımlar etməklə insan kapitalına böyük sərmayə qoyur. Məhz bunun nəticəsi olaraq, ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.