11 Fevral 2019 10:09
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə kitab və jurnalların üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) götürülməsinin bircə hədəfi var: toplumu oxumağa, kitab və tərcümə nəşrlərini genişləndirməyə həvəsləndirmək. Azərbaycanda da tərəddüdsüz bu addım atılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırıb:

“İndi də faydalı nümunə yarandığına görə təkrar mövzunu gündəmə gətirəcəyəm. Fikrimcə, dövlət siqaretdən, spirtli içkidən istədiyi qədər gəlir götürə bilər, çünki hər ikisi zərərli, faydasız və xəstəlik mənbəyidir. Canının dəyərini bilməyənlər bəlkə pulunun dəyərini anlayıb bu məhsullara boğazlarından kəsib vəsait xərcləməsinlər. Ancaq dünyada ən az mütaliəsi olan toplumlardan biri olduğumuza görə kitab və jurnallara əlavə dəyər vergisi şamil olunmamalıdır. Nəşriyyatlarımızı gücləndirmək, tərcümə sektorunda sağlam rəqabət yaratmaq lazımdır ki, dünyadakı tərəqqini anında izləməmiz mümkün olsun.

Son vaxtlar Bakıda yaxşı dizayn olunmuş kitab mağazalarının açılması bizləri sevindirməyə bilməz, ancaq Azərbaycanın Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba digər böyük şəhərlərində hələ də beynəlxalq standartlara uyğun kitab mağazaları yoxdur”.

Fazil Mustafa qeyd edib ki, kitabxanaların da durumu ürəkaçan deyil:

“Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş, mütaliəyə vərdiş hərəkatını başlada bilər. Bu qərar Türkiyənin gələcəyi üçün olduqca müsbət nəticələr vəd edir, bizdə nədən olmasın?”.


Müəllif: Mənsur Rəğbətoğlu