Yeni yaşayış massivlərinin salınması, eləcə də Bakıətrafı ərazilərdə fərdi evlərin tikintisi özü ilə bir sıra problemlər gətirir. Onlardan biri də yeni tikililərin su və kanalizasiya sistemi ilə təmin olunmasıdır.
Bəs bu proses necə həyata keçirilir?
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Teleqraf.com-a deyib ki, ilk dəfə evinə su çəkdirmək istəyən şəxs qanunla texniki şəxsə müraciət etməlidir. Bunu üçünsə ya “Azərsu”ASC-yə, da “ASAN Kommunal” mərkəzlərinə getməlidir: ”Sonra bizim mütəxəssislər gedib yerindəcə evə baxır. Əgər həmin ərazinin su təchizatı “Azərsu” ASC-nin şəbəkəsi daxilindədirsə, müraciət edənə texniki şəxs verilir və həmin ev, mənzil su ilə təmin olunur. Bu zaman sayğaclar da pulsuz quraşdırılır.
Amma müraciət edən şəxsin evi bizim şəbəkədən 31 metr kənardadırsa və ya ərazidə şəbəkəmiz yoxdursa, onda həmin adama su verməkdən imtina edirik.
Ola bilər, həmin ərazidə vətəndaşların özlərinin çəkdiyi xətt var, belədə o, həmin mənbədən su götürə bilər, biz isə onu sənədləşdirəcəyik.
Əraziyə yeni köçmüş şəxs özbaşına şəbəkədən, qonşudan su götürürsə, ona da kod açırıq. Misal üçün, Saray qəsəbəsinin böyük hissəsində şəbəkəmiz yoxdur, vətəndaşlar özləri su çəkiblər. Biz də onları sənədləşdirib, kodlaşdırırıq. Amma həmin halda sayğacı vətəndaş öz pul ilə alacaq”.
Qurum rəsmisi kanalizasiya sisteminə qoşulma məsələsindən də bəhs edib: “Ərazidə “Azərsu” ASC-nin kanalizasiya xətti varsa, yenə də bizə müraciət edirlər və biz xəti o şəbəkəyə qoşuruq. Əgər şəbəkəmiz yoxdursa, su çəkilişini şəxsin özü həll edir, biz “Azərsu” olaraq ona qarışmırıq. Harada mərkəzləşmiş kanalizasiya sistemi var, orda şəbəkəyə qoşulma ilə bağlı heç bir problem yoxdur.
Kanalizasiya çəkilməsi çətin prosesdir, onu hər adam çəkə bilməz. Biz insanların yığılıb kanalizasiya çəkməsinə də icazə vermirik”.
Anar Cəbrayıllı bildirib ki, kanalizasiya sisteminin qurulması Bakı və ya rayonları əhatə edərək genişlənir: “Misal üçün, biz Badamdarda, Xırdalanda kanalizasiya sistemi qurduq. Bu zaman ətrafda nə qədər ev varsa, onu kanalizasiya xətlərinə, infrastrukturuna qoşuruq. Harada ki, sistem qurulmayıb, insanlar özləri quyu qazıb, çirkab suları ora axıdırlar.
Bu, investisiya ilə bağlı məsələdir, əgər “Azərsu”ya investisiya ayrılıbsa, müvafiq ərazinin kanalizasiya sistemini qurub başa çatdırırıq.
“Azərsu” ASC-nin bununla bağlı xüsusi layihələri var ki, Ağdaşda, Ağcabədidə icra olunur, Daşkəsəndə çirkab təmizləyici qurğular tikilir, Gəncədə, Şəkidə kanalizasiya layihələrinin icrası gedir, yəqin ki, Qazaxda da bu proses başlayacaq.
Bakıətrafı kəndlər də plandadır, nə zaman vəsait ayrılasa, hamısında kanalizasiya sistemi qurulacaq”.