Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” fevralın 8-10-da Şabran rayonunda “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda jurnalistlər üçün 2 günlük təlim kursu keçirib.
Teleqraf.com xəbər verir ki, təlim kursunun ilk iş günü fevralın 9-da başlayıb. GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”nın əməkdaşı Şakir Səfərbəyov kursun məqsədləri, gözlənilən nəticələr və metodologiya ilə bağlı iştirakçıları məlumatlandırıb. Ş.Səfərbəyov bu mövzuda jurnalistlər arasında müsabiqə elan ediləcəyini diqqətə çatdırıb. O, daha sonra sözü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədova verib.
S.Məmmədov əvvəlcə əlilliklə bağlı ümumi məlumatları çatdırıb. Beynəlxalq və milli normalarda əks olunan anlayışlardan, əlilliyin dərki, etiket və davranış qaydalarından bəhs edib. O qeyd edib ki, əlilliyi olan şəxslərə yanaşmada bir nömrəli problem əlilliyin dərk edilməsi ilə bağlıdır:
“Məsələn, əgər bina inşa edən şəxs əlilliyi dərk etsə, inşaat prosesində mütləq bunu nəzərə alacaq. Hazırda əlilliyi olan şəxslər üçün müyəssərliyi – əlilliyi olan şəxsin evinin, həyətinin, ətraf mühitin, tədris proqramlarının, ictimai nəqliyyatın, televiziyanın, radionun onun üçün əlçatan olmasını 100 faiz təmin edən ölkə yoxdur. Ancaq bu rəqəmin 70 faizə çatdığı ölkələr var”.
S.Məmmədov bu məsələdə jurnalistlərin üzərinə müəyyən vəzifələr düşdüyünü bildirib:
“Jurnalistlər əlilliyi olan şəxslər barədə yazarkən stereotip yaratmayan sözlərdən və anlayışlardan istifadə etməlidirlər. Hazırda ən münasib ifadə kimi “Əlilliyi Olan Şəxslər” ifadəsi işlədilir. Bunu qısaca olaraq ƏOŞ da yazmaq olar. Qalan bütün digər ifadələr stereotip və stiqma yaradır. Stereotip və stiqma yaradan ifadələr və anlayışlar bunlardır; məhdud imkanlı şəxs, xəstə, şikəst, şikəst edilmiş, tam dəyərli olmayan adam, çolaq, sağlamlığında qüsur olan, fiziki qüsurlu, sağlamlığında çatışmamazlıq olan və sair. Hətta “əlil arabası” sözü də stiqma yaradır. Qərb ölkələrində “əlil arabası” sözü əvəzinə artıq “təkərli araba”, yaxud “təkərli stul” sözü işlədilir”.
İştirakçılar növbəti gün əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı barədə məlumatlandırılıblar. Əlilliyi olan şəxslərin siyasi və ictimai həyatda iştirakı, onların ədalət mühakiməsində təminatı kimi məsələlər diqqətə çatdırılıb. Müyəssərlik və əlverişli mühit seminarın sonuncu dinlənilən mövzusu olub.
Daha sonra jurnalistlər əlilliyi olan şəxslər (o cümlədən əlilliyi olan uşaqlar) mövzusunda kiçik esselər hazırlayıb və onun təqdimatını ediblər.
Seminarın bağlanış mərasimində çıxış edən Şakir Səfərbəyov seminar iştirakçılarına və ekspertə təşəkkür edib. O, yaxın vaxtlarda eyni mövzu üzrə jurnalistlər arasında müsabiqənin elan ediləcəyini bildirib.
Qeyd edək ki, 20-dən artıq jurnalistin iştirak etdiyi təlim kursu aktiv müzakirə şəklində keçib. Kursa Teleqraf.com saytının iki əməkdaşı qatılıb.
Yeri gəlmişkən, GİZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı elə bu gün jurnalistlər arasında “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda çap və elektron məqalələrin müsabiqəsini elan edib.
Müsabiqə 11 fevral-1 aprel 2019-ci il tarixlərində keçiriləcək.