12 Fevral 2019 14:22
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri tam ədalətli, düzgün və yerindədir. Söhbət qəzetlərin bağlanması və ya onlara məhdudiyyət qoyulmasından getmir. Yeni şərtlər qəzetlərin daha da modernləşməsinə, medianın çoxşaxəli fəaliyyətinə təsir göstərəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, yeni şərtlər çərçivəsində çap medianın yüksək səviyyədə formalaşması nəzərdə tutulub, paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə gəlib:

“Həm KİVDF-nin Müşahidə Şurasında, həm də Mətbuat Şurasının İdarə Heyətində onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmdədir, ictimai fikrə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Çox güman ki, belə qərar reallaşacaq. KİVDF-nin qərarını alqışlamaq lazımdır, ümumilikdə medianın inkişafına stimul verən şərtlərdir. Qəzetlər artıq abunə kampaniyalarına başlayıb, bu, müsbət haldır. Bunlar qəzetlərin tirajının yüksəlməsinə, oxunaqlılığının artmasına xidmət göstərən amillərdir. Hansısa qəzetin tirajı azdırsa, o da gələcək üçün fəaliyyətini, rəqabət qabiliyyətini gücləndirəcək”.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir:

“Maddi durumun yaxşılaşdırılması üçün dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsinə nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr gedir, sistematik proqram hazırlanması istiqamətində iş aparılır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər