“Övladımın təhsil aldığı 20 nömrəli məktəb-liseydə bütün şagirdlərdən onların qeydiyyat və faktiki ünvanları, poçt indeksi, daha sonra bütün ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi istənilib”.
Bu məsələdən narahat olan valideynlərdən biri Teleqraf.com-a müraciət edib.
Məsələ ilə bağlı qısa araşdırma apardıq.
20 nömrəli məktəb-liseydən bildirdilər ki, bu, şagirdlərlə bağlı hər hansı qurumdan məlumat istənilərkən sorğunu operativ cavablandırmaq məqsədi daşıyır: “Buna görə də məktəblilərin valideynləri haqqında (iş yerləri, şəxsiyyət vəsiqələrinin surəti və faktiki yaşayış yerləri) məlumat toplanaraq baza yaradılır. Hər bir təhsil müəssisəsində belə bir baza olmalıdır. Şəxsiyyət vəsiqələrinin surəti də məhz bu məqsədlə toplanıb”.
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, orta məktəblərdə şagird-məzun sistemi var, ora şagirdlərin göstərdiyi nəticələri daxil etmək üçün şəxsi kabinet yaradılır: “Bunun üçün uşağın şəxsiyyət vəsiqəsi lazımdır. Amma hər hansı təhsil müəssisəsində valideynlərin sənədi tələb oluna bilməz. Orta ümumtəhsil məktəblərində belə bir tələb yoxdur”.
Hüquqşünas Ramil İsgəndərov deyir ki, məlumatların toplanması məqsədi izah olunmalıdr: “Mütləq səbəbi bilmək və onu aydınlaşdırıb qərar vermək lazımdır”.
Məsələ burasındadır ki, valideynlərə səbəb olaraq Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramının tətbiqi göstərilir. Bu proqram təhsil müəssisələrində şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması üçün elektron məlumat bazası yaradılmasını nəzərdə tutulur. Amma bu sistemdə valideynlərin və digər ailə üzvlərinin məlumatlarına ehtiyac görülmür.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mövzu ilə bağlı konkret orta məktəblə əlaqə saxlamağı məsləhət bildi.