Tel-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.
Dövlət Turizm Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel” də daxil sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.
Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb və Ermənistana xəbərdarlıq edilib.
Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir.
2017-ci illə müqayisədə 2018-ci ildə İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161 faiz artım (40 min səyahətçi) olub.