Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumu (Economic Social Development - ESD) tərəfindən “Davamlı İnkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, UNEC-in prorektoru prof. Sakit Yaqubov tədbir haqqında məlumat verib. O bildirib ki, konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub:
"Davamlı inkişaf sosial-iqtisadi problemlər kontekstində aktual çağırışdır. UNEC qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi edib".
Daha sonra çıxış edən Təhsil Nazirliyinin şöbə müdirinin müavini Şahin Bayramov isə bildirib ki, konfrans yerli alimlərimiz üçün böyük əhəmiyyət daşıyır:
"Bu konfransda iştirak edən alimlərimizin digər ölkələrin alimləri ilə birgə əməkdaşlıqları start götürəcək. Konfransın nəticələri barədə nüfuzlu elmi jurnallarda məqalələr nəşr olunacaq".
Daha sonra beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula, 37-ci konfransın Azərbaycanda UNEC-in dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Tədbir dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam etdirilib.