14 Fevral 2019 14:26
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmetologiya qadınların demək olar ki, müntəzəm müraciət etdiyi, amma son zamanlar tez-tez fəsadların yarandığı sahədir.

Bunu nəzərə alaraq Teleqraf.com VIP Style Estetik Klinikasının baş həkimi, kosmetoloq-dermotoloq Samirə Məcidova ilə müsahibəni təqdim edir.

- Həkim, artıq 10 ildir bu sahədəsiniz, bir çox xarici ölkələrdə təkmilləşmə kurslar keçib, sertifikatlar almışınız. Sizcə, bu sahəyə ilk dəfə müraciət edənlər nələrə diqqət yetirməlidir? Vacib olan nədir?

- Bir tərəfdən yaxşıdır ki, son zamanlar peşəkar kosmetolqlara müraciətlərin sayı artıb, o biri yandan bu işlə məşğul olanların sayında da artım var. Bu da bəzən pasiyentlər arasında inamsızlıq yaradır. Bunun səbəbləri qeyri-professionallar, onların gördükləri işin verdiyi fəsadlar və düzgün olmayan preparatların seçilməsidir. Həmin preparatlardan istifadə olunur, fəsad çıxır, ətrafdakı xanımlar bunu görür, qorxur və inam itir.

Bu məsələdə reklamlar heç də əsas rol oynamır. Hər kəs özünü reklam elətdirir, bu, təbiidir. Amma ünvanı doğru seçmək lazımdır. Fikrimcə, bəzi məsələlərdə klinikalara müraciət edilsə, daha yaxşı olar. Hazırda kosmetoloji salonlar baş alıb gedir. Onların yerləşdiyi məkan da ürək açan deyil. Binanın altında, zirzəmidə yerləşən əksər salonların heç bir şəraiti yoxdur. İstər inyeksiya, istər aparat, istərsə də digər prosedura üçün lazımi şərait yaradılmayıbsa, əlbəttə, yaxşı xidmətdən söhbət gedə bilməz. Üstəlik, həkimin özünün peşəkarlığını da araşdırmaq lazımdır...

- Bəs qadın düzgün seçim etməyibsə, ən böyük fəsadlar nə ola bilər?

- Baxır hansı sahədə... Aparat kosmetologiyasında, yaxud infeksion kosmetologiya sahəsində problem ola bilər. Hazırda təbii üsullarla müalicə metodlarında da fəsadlar mümkündür, baxmayaraq ki, təbii metod sayılır. Kosmetologiyada ən çox fəsadlar inyeksion sahədədir. Burda qeyri-düzgün preparatların seçilməsi, biopolimerlərin tətbiq olunması problem yaradır.

Keyfiyyətsiz preparatlardan istifadə, üz cizgilərinin həddi aşan dəyişilməsi, şişkinlik, nekrozlar və sair hallarda fəsadlara olduqca çox rast gəlinir. Amma xanımlarımızı da qorxutmaq istəmirəm, sadəcə seçim, müraciət edilən ünvan düzgün olmalıdır. Bu baxımdan indi imkanlar genişdir.

Sosial şəbəkələr həyatımızda böyük yer tutur, amma bu müstəvidə seçim zamanı daha diqqətli olmaq gərəkdir.

- Qış fəslində qadınlar üzlərini necə qorumalıdır?

- Qış dəri üçün ən problemli mövsümdür. Bu fəsildə xanımlarımızın əsas şikayəti quruluqdan olur, bu da şaxtanın, küləyin, soyuğun təsirindən, eyni zamanda çöldən içəriyə girən zaman qızdırıcı cihazların dərimizdə disbalans yaratmasından əmələ gəlir. Bu şəraitdə dərinin həssaslığını artır, ona görə qışda xüsusi qulluq lazımdır.

Digər tərəfdən də qış dəriyə qulluq üçün əlverişli fəsildir. Günəş şüası demək olar ki, olmur, bır sıra proseduraların, məsələn, kimyəvi plinqlərin aparılması daha asan başa gəlir. Yayda isə artıq plinqlərdən istifadə etmirik. Dərinin qidalandırılması, axşam saatlarında qızdırıcı cihazlar olanda dərinin nəmləndirilməsi vacibdir.

Evdə şəraitində su çox buxarlanır, quruluq yaranır və dəri sususuzlaşır, ona görə də evdə dərini nəmləndiririk, çölə çıxanda qoruyucu, qidalandırıcı kremlərdən istifadə etmək lazımdır.

Adətən deyirik ki, günəşdən qoruyucu kremlər əsasən yayda istifadəmizdə olur, halbuki ilboyu ondan istifadə etmək lazımdır. O cümlədən qışda... Amma günəşdən qoruyucu SPF faktoru aşağı olan kremlərdən istifadə daha düzgündür.

- Dərisinin tipini bilmədən xanımlarımız ona müdaxilə edirlər, bu, düzgündürmü?

- Bəzən xanımlarımız gəlib deyir ki, dərim quruyur, burda yağ-su balansı pozulur. Bu o demək deyil ki, dəridə yağ çatmır, sadəcə bu, susuzlaşmış dəridir. Onlar dəri qurudur deyə yağlı kremlərdən daha çox istifadə edirlər. Halbuki bəzən nəmləndirici kremlərdən istifadə etmək lazım gəlir. Bunun üçün xüsusi kremlər var ki, həssaslığı sakitləşdirir.

- Özümüz ev şəraitində dərimizin tipini müəyyən edə bilərikmi?

- Onu evdə üzümüzü yuduqdan sonra bəzi proseslərdən və müşahidələrdən keçərək öyrənmək olar, amma bu, həm uzun prosesdir, həm də çox vaxt düzgün olmur. Çünki dəridə yalnız əlavə yağlılıq deyil, susuzluq ola bilər.

Biz dəridə buynuzlaşmış qatı kifayət qədər təmizləyə bilməyəndə elə bilirik dərimiz qurudur. Bu cür faktları araşdırmaq üçün yalnız mütəxəssisin yanına getmək lazımdır. Xüsusi diaqnostik aparat metodikaları var ki, bunun vasitəsilə dəridə hiperkeratozun, susuzlaşmanın, artıq yağlılığın səviyyəsi təyin olunur. Alınan nəticələrə əsasən dəri tipi müəyyən olunur. Bəlkə xanımda quru dəridir, temperaturdan asılı olaraq dəyişiklik olur, bunu gərək xanım bilsin və uyğun qulluq vasitələri tətbiq etsin.

Qulluq vasitələri də müxtəlif olur. Çox vaxt xanımlar deyir ki, dərimə qulluq üçün krem çəkirəm, amma dəriyə təkcə krem çəkmək qulluq sayılmır, burda kompleks qulluq lazımdır. Yəni daha dərinə nüfuz edən, doğurdan da problemləri ardan qaldıran, ən azından epidermisin beş qatına təsir göstərən vasitələrdən istifadə lazımdır. Bu vasitələr hər yerdə satılmır, xüsusi kosmetoloji-tibbi şirkətlər tərəfindən istehsal olunur.

Bəzən reklam olunan belə kremləri xanımlar alır, istifadə edir və problem yaranır.

- Bura ucuz kremlərdən istifadə də daxildir?

- Ucuz kremlər heç vaxt dəriyə uzunmüddətli kömək eləmir. Sadəcə müəyyən müddət ­– yarım saat, bir saat diskomfortu arada götürür.

- Evdə dəriyə necə qulluq etmək olar? Ev şəraitində hazırlanan maskalar hansılardır?

- Bu, jurnalistlərin ən sevimli sualıdır. Üzünüzə nə istəyirsiniz çəkin, amma onu deyim ki, müəyyən yaş dövrü gəlib çatır, evdə nə çəksən kömək eləmir, o zaman daha professional proseslərə keçmək lazımdır.

Düzdü, mən dedim nə istəyirsiniz evdə çəkin, amma misal üçün xanımların evdə ən çox sevdiyi pomidordur, çəkir, o isə turşudur, quru dəriyə getmir. Hər dəriyə hər şeyi çəkmək düzgün deyil.

Bizim xanımlarımızın ən çox xoşladığı zeytun yağıdır, götürüb üzlərinə sürtülər, sonra gəlib şikayət edirlər ki, dərim səpib, dərialtı səpkilər yaranıb. Zeytun yağı dəri üçün çox xeyirlidir, amma bu, kifayət qədər təmizlənmiş, kosmetoloji effektiv vasitə tərkibində olan zeytun yağına aiddir. Yemək bişirdiyimiz zeytun yağından istifadə qətiyyən düzgün deyil.

- Hansı yaşdan sonra dəriyə qulluğa başlamaq lazımdır?

- Kosmetologiyada yaş məfhumu yoxdur, göstəriş anlayışı var. Əgər göstəriş varsa, başlamalıyıq. Bəs göstəriş nə vaxtdan yarana bilər? Xanım var, 22-23 yaşında çox emosional xanımdır, güləndir, danışandır, mimikası hərəkətlər edir, alnında qırışlar, ağız, burun qırışları, mimiki cizgilər yaranır. Belədə artıq korreksiyaya başlamaq lazımdır. O demək deyil ki, o saat iynə vasitələrinə əl atırıq.

Misal üçün, 25 yaşlı qadına botulotoksini profilaktika üçün kiçik dozada alına, qaş arasına vururuq ki, aktiv mimikanı aradan götürsün, qırışlar dərinləşməsin. Gənc yaşlarında müraciət edənlərin çoxu səpkilərlə bağlıdır, bu, əsasən 14-16 yaşlarından başlayır.

Bu yaşdan artıq uşaqlara dəriyə düzgün qulluğu başa salmaq lazımdır ki, proseslər daha dərinə getməsin, çapıq şəklinə düşməsin. İndi baxırıq ki, bəzi yaşlı xanımların dərisi çopurdur. Dəridəki səpgilərlə bağlı əvvəllər deyirdilər ki, ərə gedəndə düzələcək, keçib gedəcək, halbuki onu müalicə etmək lazım idi.

Ərə getmək həll yolu deyil, dermetoloqa müraciət etməlisən. Ümumiyyətlə dərimiz sağlamlığımızın göstəricisidir. Dəridə yaranan ləkələr bizdə daxildə gedən qeyri-düzgün proseslərdən xəbər verir.

- İnyeksion proseduraları vaxtından tez etmək düzgündürmü?

- Botolotaksin o səbəbdən mümkündür ki, qırışlar dərinləşməsin. Amma bu, təkrar olunmur, daim etmək düzgün deyil. Dolğu indi çox dəbdədir, gənc qızlar müraciət edirlər. Mənim şəxsi fikrim odur ki, bu da düzgün deyil. Əgər göstəriş yoxdursa, lazım deyil.

Bəzən nazik dodaqlar psixoloji baxımdan xanıma problem yaradır. Belə psixoloji vəziyyətdə qalmaq isə düzgün deyil. Ona görə müəyyən miqdarda estetik görüntü baxımından bu proseduru edə bilərik. Amma normal dodaqlara həddindən artıq dolğu elətdirmək də düzgün deyil. Ən əsası estetik görünüş baxımından olmaz... Sonra arzulanmayan görünüş ortaya çıxır ki, məhz buna görə son zamanlar həkimlərə inam azalıb. Mən buna yüz faiz əminəm ki, professional həkim öz marağı naminə heç vaxt pasiyentə uyğun olmayanı məsləhət bilməz.

Azərbaycanda çox gözəl həkimlərimiz var. Yaxşı həkim hər şeydən əvvəl pasiyentinin qayğısına qalır və onun gələcəyini düşünür.

- Cavanlaşma üçün hansı proseduralar var?

- “Hamımız çox yaşamaq istəyirik, amma qocalmaq da istəmirik”. Bu mənim yox, Conatan Sviftin sözləridir. Təəssüf ki, qocalmanı önləmək mümkün deyil. Amma onun sürətini azaltmaq, ləngitmək olur. Qocalmanın genetik əlamətlərini aradan qaldırmaq üçün əlimizdə bir sıra metodlar var.

Vaxtında müraciət etmək lazımdır, amma vaxtı mən də dəqiq deyə bilmərəm. Bu, insanlara görə dəyişilir. Ümumiyyətlə, 25 yaşdan sonra yaşlanma gedir ki, burda əsas olan kollogen, elastin lifləridir. 25 yaşdan sonra kollogenin keyfiyyəti zəifləyir, miqdarı aşağı düşür. Elastinin isə daha sürətlə miqdarı azalır. 35 yaşda artıq 60-70 faiz elastin qalmır. Gözləmək lazım deyil ki, qırışlar dərinləşsin, nə qədər tez başlasan, nəticə daha effektli olacaq.

- Kosmetoloqa kişilər də müraciət edirmi?

- Bizim dövrümüzdə bu, kişilər üçün daha vacibdir. Kişilər də artıq özünə qulluğa başlayıb, əsasən gənc kişilər üz dərilərinə və bədənlərinin görünüşünə fikir verirlər. Düzdür, kişilər qadınlara baxanda üzdən daha gec yaşlanırlar. Yəni yaşlılıq əlamətləri özünü gec büruzə verir. Bunun səbəblərindən biri onlarda dərialtı piy qatının qalın olmasıdır. Kişilərə də demək olar ki, qadınlarla eyni metodlar tətbiq edirik. Amma kişilər buna çox vaxt ayırmaq istəmirlər.

- Son zamanlar ən dəbdə olan metodlardan biri də ilbiz terapiyadır, ümumiyyətlə, bu nə deməkdir?

- Son vaxtlar cavanlaşmaq, yaşlanmanın əlamətlərini aradan götürmək üçün daha çox təbii üsullardan istifadə edirik. Xanımlar təbii üsullara daha artıq meyillidirlər. Bunların arasında ən populyarı ilbiz terapiyasıdır. Həm gözəl nəticə alırıq, həm proses komfortludur, həm də bir qədər relaks və effektli proseduradır.

İlbiz terapiyası xüsusi ilbizlərlə aparılan cavanlaşma metodudur. Burda yalnız cavanlaşma yox, dəridəki problemlər də həll oluna bilər. Artıq yağlılıq, dərinin yağ-su balansının normallaşması, iltihab əleyhinə, dəridə ləkələr varsa onların solması, aknelərdən qalan ləkələri və izləri aradan götürür.

Davamlı nəticə almaq istəyiriksə, bunu kurs şəklində etməliyik. Bəzi kurslar 8-10, 10-15 prosedur sürür, günaşırı və ya 2-3 gündən bir prosedurlar da ola bilər. Nə qədər tez-tez aparılsa, qalıcılıq daha yaxşı olur və dəri elastikliyini bərpa edir.

İlbiz terapiyası çox qədimdir, bunun əsasları Hippokratın dövrünə gedib çıxır. Hippokrat öz vaxtında ilbizin seliyindən dəridə olan yaranı, zədəni bərpa etmək üçün və dəri iltihabı zamanı istifadə edib. Bu selik doğurdan da çox effektlidir, ilbizlərin çanaqları zədələndikdə bu selik vasitəsilə çanaq bərpa olunur. Tərkibində kollagen, elastin, allantoin, qlikol turşusu, proteaza, xitozan, A, C, E, B6, B12 vitaminləri, təbii antibiotiklər var.

- Xüsusi ilbizlər deyəndə nəyi nəzərdə tutursunuz?

- Bəzən kimsə iddia edir ki, bu ilbizlərdən bizdə də var, prosedurları özümüz də edə bilərik. Halbuki dəriyə fayda verən bu ilbizlər xüsusi şəraitdə yetişdirilir və xüsusi növdür - axantinlər Afrika ilbizləridir. Bunların ifraz etdiyi selik daha güclüdür, daha aktivdir. Çox təmiz şəraitdə yetişdirilir, xüsusi vasitələrlə qidalandırılır. Onların xüsusi menyuları var. İfraz etdiyi seliyi gücləndiməkdən ötrü ilbizə xüsusi qida verilir. Qida təmiz olmalıdır. Hətta təbii, bağda yetişmiş meyvə və tərəvəz də olmalıdır.

Heç kəsə sirr deyil ki, marketdə satılan meyvələrin tərkibində nitratlar olur, üstündə bəzən parafin də olur, bunu o ilbiz yeməyəcək.

Axantinlər təbii məhsul istəyir, saxtasını hiss edib yemirlər. Adicə kahını verəndə isladırıq ki, onun tərkibindəki nitratlar çıxsın. Belə ilbizlərin xüsusi qulluq edənləri olur. Uzun yaşayırlar. Onların ətirdən xoşu gəlmir, hətta dəri təmiz olmalıdır, dəridə artıq şey hiss edəndə dayanırlar, dəridə işləmirlər.

- Proses necə gedir?

- Dərini kosmetikadan, başqa vasitələrdən təmizləyirik, ilbizləri aktivləşdirmək üçün bir az dəriyə cəlb etmək lazımdır. Bunu üçün bəzi tərəvəzlərdən istifadə edə bilərik, misal üçün, üzə xiyar çəkirik. Sonra ilbizi dəriyə qoyuruq, o, yavaş- yavaş öz aktiv hərəkətləri ilə dəridə masaj hərəkətləri edir. Bu ilbizlərin dişləri yoxdur, amma xüsusi çənə aparatları ilə işlədikcə dərini qıdıqlayır, bu da dəriyə pillinq effekti verir, təmizləyir.

Nəticədə onların ifraz etdiyi bioloji aktiv maddələr dərinin daha dərin qatlarına hopur.

- Nə qədər gözləmək lazımdır ki, ilbizlər selik ifraz etsinlər?

- Onları dəriyə qoyan kimi aktivləşirlər. Biz proseduradan qabaq onları bir az ac saxlayırıq. Belə olanda onlar daha tez aktivləşirlər. Masaj 15-20 dəqiqə, yarım saat davam edə bilər. Bu həm də komfortludur.

Bəzi xanımlar bunu qəbul edə bilmir, çəkinirlər, amma bu məxluqları görəndən, təmasda olandan sonra xoşları gəlir, proseduraları rahat keçirirlər. İlbizlər özlərini hamıya sevdirirlər. Seliyi yayandan sonra onları götürürük, gözləyirik ki, selik daha yaxşı hopsun, quruduqca üzü dartır, sonra bunu da silirik, su ilə yuyuruq.

- Bəs əks-göstərişlər varmı?

- Dəridə qızartı yaranır, bu da normal haldır. Qızartı ona görə olur ki, qan dövranı aktivləşir. Yəni qan işlədi, oksigen getdi, dəri təmizləndi, ora aktiv qidalanma, vitaminlər getdi, dəri onu qəbul elədi və qızardı. Məsələn, dağlıq zonada yaşayan xanımların üzləri qıpqırmızdır, çünki onlarda qidalanma yaxşıdır, aktiv oksigen gedir, yəni dəri işləyir. Bir sözlə, bu, problem deyil, dəri qızarıbsa, lap yaxşı haldır.

- Bu prosedurun fəsadları varmı? Hamı ondan istifadə edə bilərmi?

- Fəsadları demək olar ki, yoxdur. Hamilələrə bu proseduru etmirik. Hamiləlikdən sonra gəlirlər, üzdə yaranmış ləkələri, bədəndəki çatları işləyirik. İlbizləri bədənə də qoyuruq.

Ümumiyyətlə, ilbizlərin ifraz etdikləri hipoallergendir. Bəzən allergiya verə bilər, ondan heç kim özünü yüz faiz sığortalamır. Belə hal olursa, proseduru saxlayırıq. Başqa heç bir əks-göstərişi yoxdur.

- Bəs prosedurun qiymətlər necədir?

- Qiymətlərimiz münasibdir. Başqa ölkələrlə müqayisə etsək, misal üçün, İtaliyada bu, ən bahalı prosedurlardan biridir. Klinikalarda və gözəllik mərkəzlərində ən lüks prosedurlardan sayılır. İtaliyada, İspaniyada, Fransada ilbiz terapiya daha aktual və bahadır. Bu cür ölkələrlə müqayisədə qiymətlər bizdə aşağıdır. Xanımlar bunu kurs şəklində edirsə, endirimlər də olur.

İldə azı iki-üç kurs etmək lazımdır. Dayanıqlı effekt almaq üçün prosedurların sayını uzada da bilərik.

- Samirə xanım, hansı məşhurlarla işləyirsiniz?

- Məşhurlarımız bizi, biz də onları sevirik. Tünzalə Ağayeva, Samirə Allahverdi, Fatimə Fətəliyeva, Rahidə Baxışova, gözəl modelyerimiz Gülnarə Xəlilova bizim daimi müştərilərimizdir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər