Fevralın 10-da sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, imtahan iştirakçıları və onların valideynləri belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozulmasına şərait yaratmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoymamalıdırlar.
Məlum olduğu kimi, 2019-cu il fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.
Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
DİM abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir:
“2018-ci il qəbul imtahanlarında da abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq və həmin məsələ ilə bağlı müəyyən olunan faktlar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb”.
Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.