Dövlət Təhlükəsizliyi Xidmətinin İkram Rəhimovun reket fəaliyyəti ilə bağlı inandırıcı dəlil əldə edərək, əməliyyat həyata keçirməsi təqdirəlayiqdir. İstərdim ki, müvafiq dövlət qurumları İkram Rəhimova qarşı əməliyyatla dayanmasınlar, onunla işbirliyində olan şəxslərlə bağlı da tədbirlərin görülməsinə zərurət var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Onun sözlərinə görə, uzun müddətdir Mətbuat Şurası və onun ayrı-ayrı üzvləri bu və ya digər şəkildə məsələyə ictimaiyyətin diqqətini cəlb etməyə çalışır, bu proseslərdə dövlətin yardımçı olmasını istəyirdi: “Bəlli səbəblərdən müəyyən müddət bu məsələdə dövlətin dəstəyini əldə edə bilmirdik. Dövlət Təhlükəsizliyi Xidməti yenilənəndən və rəhbərliyi dəyişəndən sonra həqiqətən də dövlət mənafeləri üçün xidmət etməyə başladı və biz də bu məsələlərdə dövlətin bizə dəstək olacağına əmin olduq. İkram Rəhimovun məsələsi də bu qəbildəndir. Ayrı-ayrı şəxslər şərti olaraq reket adlandırdığımız fəaliyyətlə məşğul olurlar. Bu tip ünsürlər məqsədlərini həyata keçirmək üçün jurnalistikadan sui-istifadə edir. Həmin sui-istifadənin qarşısı alınmalıdır. Dövlət qurumu olaraq Dövlət Təhlükəsizliyi Xidməti məhz bu cür şəxslərin qarşısının alınması üçün addımlar atır və biz də təqdir edirik. Arzu edirik ki, bu proses davam eləsin və jurnalistikadan sui-istifadə edən hər kəs bu sahədən uzaqlaşdırılsın”.