Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.
Teleqraf.com xəbər verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını dedi. Bildirildi ki, ümumilikdə 20 nəfərlik heyət uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır.
Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.
Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğuladı.