19 Fevral 2019 08:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov Türkiyədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, nazir Ceyhun Bayramov səfər çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyində Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Təhsil nazir Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, qardaş ölkədə çalışan azərbaycanlılar - professor Həmdullah Mehrabov və doktor Şahin Xankişiyev görüşdə çıxış ediblər.
Türkiyədə keçirəcəyi rəsmi görüşlərdə qardaş ölkələrimiz arasında təhsil sahəsində vəziyyətin və onun perspektivlərinin müzakirə olunacağını vurğulayan nazir C.Bayramov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin bütün sahələri üzrə çoxistiqamətli islahatlar aparılır. Çıxışı zamanı Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlərə, aparılan hərtərəfli islahatlara, əldə olunan nailiyyətlərə geniş yer ayıran nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, təhsillə bağlı da geniş əməkdaşlıq yaranıb. Nazir Türkiyə hökuməti tərəfindən nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı gənclərə ayrılan yerlərdə oxuyan gənclərimizin bir qisminin ölkəmizə qayıdaraq cəmiyyətimizin fəal hissəsinə çevrildiyini, digər bir hissəsinin isə Türkiyədə qalaraq öz bilikləri ilə qardaş ölkəyə fayda verdiklərini, eyni zamanda, Vətənimizin maraqlarını qoruduqlarını diqqətə çatdırıb. Aparılan islahatlar nəticəsində ölkəmizdə ali məktəblərin beynəlxalq təhsil ictimaiyyəti arasında böyük nüfuz qazandıqlarını vurğulayan C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində böyük nailiyyətlər əldə olunduğunu qeyd edərək bildirib ki, bu strategiya çərçivəsində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaq məqsədilə dünyanın aparıcı ali məktəblərinə göndərilən gənclər dərin biliklər qazanıblar. Bu proqram çərçivəsində ümumilikdə 3558 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Böyük Britaniya və Türkiyə ali məktəblərinə maraq daha çox olub.
Azərbaycan dövlətinin həyata keçirdiyi təhsilin inkişaf strategiyasının böyük uğurlar gətirdiyini qeyd edən nazir bildirib ki, bütün sahələr üzrə fəal və zəhmətkeş olan xalqımız təhsil proqramlarına da böyük maraq göstərir və uğurlar qazanır. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə iştirakçılara müfəssəl məlumat verən nazir əminliklə qeyd edib ki, bu sahədə islahatların inkişaf dinamikası gələcəkdə də qorunacaq. Türkiyədə bütün ixtisaslar üzrə təhsil alan gənclərə ölkəmizdə hər zaman diqqət və qayğı ilə yanaşıldığını, eyni zamanda, onlara etibar və etimad göstərildiyini, işlə təmin edildiklərini vurğulayan nazir tələbələrin Azərbaycana aid bütün məsələlərdə fəallığının vacibliyini qeyd edib, vətənpərvərlik və ictimai fəallıqla bağlı tövsiyələrini verib.
Azərbaycanda təhsil sahəsində əldə olunan uğurları milli sərvət kimi dəyərləndirən səfir Xəzər İbrahim Türkiyədə təhsil alan tələbələrə aid məsələlərin Təhsil Nazirliyi tərəfindən operativ qaydada həll edildiyini qeyd edərək bildirib ki, qardaş ölkədə təhsil sistemində çalışan ziyalılarımızın və tələbələrimizin Azərbaycanın və qardaş ölkənin həyatına dair ictimai işlərdə fəallığı ürəkaçandır.
Azərbaycana bağlı diaspor təşkilatları adından iştirakçıları salamlayan professor Həmdullah Mehrabov ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ildən başlayaraq Türkiyə ilə təhsil sahəsində əldə olunan səmərəli əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qazanılan bütün uğurların ölkəmizi xaricdə təmsil edən ziyalılar tərəfindən hərarətlə qarşılandığını vurğulayan professor əminliklə bildirib ki, həm tələbələrimiz, həm də təhsil sahəsində çalışan ziyalılarımız Vətənimizin və xalqımızın maraqlarının qorunmasında fəal iştirak edirlər.
Azərbaycan təhsilində əldə olunan uğurların və nailiyyətlərin bu sahədə ölkəmizlə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsirindən danışan Şahin Xankişiyev diqqətə çatdırıb ki, qardaş ölkədə çalışan azərbaycanlı həkimlər öz vəzifələrini vicdanla yerinə yetirmək üçün həm elmin sirlərinə dərindən yiyələnir, həm də ictimai fəallıq göstərirlər. Türkiyədə tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin ölkəmizə qayıtmasının əhəmiyyətindən danışan Şahin Xankişiyev qeyd edib ki, Azərbaycanda modern xəstəxanalar tikilməsi və səhiyyə ocaqlarının ən müasir avadanlıqlarla təchiz olunması gənc həkimlərimizin işlə təmin edilməsi və xalqımıza xidmət etmələri üçün əlverişli şərait yaradıb.

Çıxışlardan sonra nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, çox sayda azərbaycanlı professor, müəllim və tələbə, eləcə də səfirliyimizin əməkdaşları görüşdə iştirak ediblər.
Səfər fevralın 20-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər