19 Fevral 2019 15:19
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Teleqraf.com F.Şəfiyevin ömür yolu ilə bağlı hazırladığı qısa arayışı təqdim edir.

Fərid Şəfiyev Bakıda anadan olub. Onun atası Rauf Şəfiyev mühəndis, idman xadimi, Azərbaycanda sambo və cudonun banilərindən biridir. 1937-ci ildə Bakıda anadan olan Rauf Şəfiyev 1955-1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitunda təhsil alıb və ömrü boyu mühəndis kimi müxtəlif idarə, təşkilat, istehsalat və elmi-tədris mərkəzlərində işləyib. Mühəndislikdən başqa R.Şəfiyev bir sıra elmi institutlarda dərs deyib və mühazirələr oxuyb.

Əsas peşə ilə yanaşı Rauf Şəfiyev idmanla məşqul olub, sambo və cudo kimi güləş növlərinin Azərbaycanda yaradılması və inkişafına öz səylərini yönəldib. 50-60-cı illərdə sambo üzrə keçirilən müxtəlif turnirlərdə respublika və SSRİ birinciliklərində daim fəxri kürsünün yüksək pilləsində dayanmış, medal və diplomlara layiq görülüb.

Onun oğlu Fərid Şəfiyev uzun illərdir Xarici İşlər Nazirliyi sistemində çalışır. Karyeralı diplomatdır. Əvvəllər Azərbaycanın Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsini daşıyıb. O, həmin vəzifədən 9 iyul 2014-cü ildə geri çağrılıb. Elə həmin gün dövlət başçısının digər sərəncamla Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bu gün imzaladığı bir sərəncamla Fərid Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ona Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsi həvala olunub. Sözügedən mərkəz bu il fevralın 6-da yaradılıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər