20 Fevral 2019 14:07
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla əhalini çox narahat edən və uzun illər həllini tapmayan mənzillərə çıxarışların alınması problemi öz həllini tapır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, yüzlərlə çoxmənzilli binalarda yaşayan insanlar müəyyən səbəblər üzündən nə öz mənzilinə hüquqi sahib ola, nə də yaşayış yeri üzrə qeydiyyata düşə bilirdi:

“Bu da öz-özlüyündə çoxlu çətinliklər yaradır və vətəndaşları daim narahat edirdi. Cənab prezdentin müvafiq fərmanı ilə bütün çatışmazlıqların həll edilərək, qısa zamanda 01.01.2019-cu ilə qədər tikilmiş və istismara hazır, yaşayışı olan bütün çoxmənzilli binaların istismara qəbul edilməsi və çıxarışların verilməsinə dair müvafiq qurumlara tapşırıqların verilməsi dövlət başçısının sadə insanların yanında olduğunun göstəricisidir”.

A.Badamov onu da bildirib ki, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir:

“Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır”.


Müəllif: Səxavət