"Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin əsası yoxdur. Onlar hökumətin atdığı addımları öz adlarına çıxırlar”.
Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, müxalifət keçirdiyi mitinqlərdə xalqa yanlış məlumatlar verirlər: “Prezident İlham Əliyev ötən ilin aprelində – prezident seçkiləri dövründə görüləcək işlərin proqramını açıqlayıb. Seçki platformasında ölkədə həyata keçiriləcək islahatlar əksini tapmışdı. Prezident seçkilərində iştirak edən namizədlərin, Milli Məclisin deputatlarının təklifləri sistemləşdirilərək nəzərə alınır. Azərbaycan hökumətinin ümumi strateji proqramı var ki, burada regionların inkişafı ilə yanaşı, beynəlxalq əlaqələrin də inkişaf etdirilməsi nəzərə alınıb. Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Bu ona görədir ki, cəmiyyətdən gələn təkliflər təhlil edilsin və nəzərə alınsın. Dövlət başçısı regionlarda keçirilən görüşlərdə insanların problemləri ilə maraqlanır. Bu problemlərin hər biri həll edilir. Regionlarda binaların dam örtüklərinin dəyişdirilməsi, içməli su ilə bağlı problemlərin aradan qaldırılması, məktəblərin, bağçaların tikilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin açılması kimi təkliflər nəzərə alınır və bu işlərin həyata keçirilməsi üçün vəsait ayrılır. Əmək pensiyalarının, minimum əməkhaqqının, tələbələrin təqaüdünün artırılması 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu. Yəni prezident seçkilərindən sonra proqrama daxil edilmişdi, ona görə də 2019-cu ilin dövlət büdcəsində əksini tapdı. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı narazılıqlar nəzarətə götürülmüşdü. Bu məsələ araşdırıldı və həll edildi. Özünü müxalifət adlandıran bəzi qüvvələr, erməni lobbisindən vəsait alanlar, xaricdə oturub blogerlik edənlər Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmağa cəhd edirlər. Onlar bu islahatları öz adlarına çıxırlar. Deyirlər ki, “Biz çıxış etdik, dedik, hökumət addımlar atdı”. İddia edirlər, hökumət yanvarın 19-da keçirilən mitinqdən qorxduğuna görə bu addımları atır. Bir daha qeyd edirəm ki, hökumətin atdığı addımlar ötən il 2019-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman nəzərə alınmışdı. Onlar xalqı aldadaraq, öz tərəflərinə çəkməyə çalışırlar. Deyirlər ki, mitinqə çox insan gələrsə, əməkhaqqı daha çox artar. Bunların hamısı yalandır, şayiədir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Hökumət bu istiqamətdə addımlar atır. Məhbusların azadlığa çıxmasını istəməyənlər Milli Şurada toplaşanlar və xaricdə özünü müxalifət adlandıranlardır. Çünki həmin qüvvələr həbsdə olan şəxslərin adından istifadə edib, ətraflarını genişləndirməyə çalışırlar. Yəni onlar istəmir ki, həmin şəxslər azadlığa buraxılsın. Onlara fikir vermək lazım deyil, yalan danışırlar. Əksinə, istəyirlər ki, həbsdə olan şəxslərin müddətləri uzadılsın”.
Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən YAP rəsmisi qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: “Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür: 1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. 2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti və yaxud da hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə yanaşma tam fərqli olmalıdır. Yəni bu məsələlər araşdırılır. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı qərar qəbul edib ki, bu məsələ bankla razılaşdırılmalıdır. Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər. Bunlar mitinq edir ki, problemli kreditlər həll ediləndə, desinlər, “Biz mitinq keçirdik, hökumət problemi həll etdi”. Fevralın 19-da keçirilən Milli Məclisin plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliklə Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – gələn il martın 4-nə qədər artırıldı. Dünyanın heç bir yerində əmanətlər 100 faiz sığortalanmır. Yəni Azərbaycanda bank bağlansa da, vətəndaş pulunu geri ala biləcək, dövlət bunu öz üzərinə götürür. Avropanın bir çox aparıcı dövlətlərində əmanətlər 30-60 faiz arası sığortalanır. Azərbaycan yeganə dövlətdir ki, əmanətləri 100 faiz sığortalayır. Bu da 8 milyarda yaxın vəsait tələb edir. Bu, insanların inam və etibarını artırır. Hələ ötən ildən Prezident İlham Əliyev problemi kreditlərin həlli ilə bağlı göstəriş verib. İnsanlar müxalifətin yalanlarına uymamalıdır. Digər bir müxalifyönlü qüvvə deyir ki, imza toplayaq, müraciət edək, təqaüdlər artırılsın. Təqaüdlər kifayət qədər artırılıb, ehtiyac olacaqsa, yenə artırılacaq. Təzyiqlə əməkhaqqı, təqaüd artırıla bilməz. Dövlət başçısı çıxışlarında həmişə deyir ki, hər şey vətəndaşın layiqli yaşaması üçündür. Baxın Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Bu fərman 400-dən artıq çoxmənzilli yaşayış binası ilə bağlı problem həll ediləcək. İndi deyəcəklər, bunu da müxalifət təklif edib. Hökumət bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlayır. Bu da müxalifəti əndişələndirir, bilmirlər, hansı üsula əl atsınlar”./Report/