21 Fevral 2019 12:16
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Bayram Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. 1957-1962-ci illərdə BDU-nun Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. 1964-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildə professor elmi adı alıb.

1968-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləyib. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosenti və professoru, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib.

2008-ci ildən “Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. “Qızıl qələm“ mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər