Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Əlaqələrin inkişafında yüksək səviyyəli görüşlərin mühüm rolu olduğunu vurğulayan Baş nazir bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladıb. Baş nazir bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrinin, məhkəmə sisteminin və digər sahələrin avtomatlaşdırılması, özünüməşğulluğun daha da inkişaf etdirilməsi üzrə layihələrə, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılır. Bu layihələrin həyata keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib: “Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşıb, 10-a yaxın layihə isə həyata keçirilməkdədir. Hesab edirəm ki, sizin ölkəmizə səfərinizin, keçirilən səmərəli görüşlərin bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti var”.
Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edən Mersi Tembon ölkəmizdə çox qısa müddət ərzində nail olunan inkişafdan məmnunluğunu bildirib. O, bu uğurların əldə olunmasında Azərbaycan dövlətinin və xalqının qətiyyətini xüsusi vurğulayıb və bunu təqdir etdiklərini deyib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə, Azərbaycanda icbari tibbi sığorta sisteminin formalaşdırılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.