22 Fevral 2019 13:31
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elan verib postmodernist olmaq xülyadır. Və üstəlik, mətnlərin yazılması və yozulması fərqli şeylərdir. Hər yazarın özünəxas ədəbiyyat anlayışı var, yazı fərq deməkdir, bu fərqin azaldığı məqamda, yaxud yoxa çıxmaq təhlükəsi yarananda insanlar izmlərdən danışmağı sevirlər”.

Ədəbi tənqidçi Cavanşir Yusifli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yazarlar haqda, mövcud ədəbi mühit haqda fikriniz necədir? Bir ədəbi tənqidçi kimi vəziyyəti necə qiymətləndirərdiniz?

- Vəziyyət az qala başadüşülən dildədir. Yaxşı yaşayıb kədərli şeylər yazanlar var, it günündə yaşayıb gələcəyə ümid aşılayan yazılar da nə qədər desən. Bizim mühitdə bir qisim qələm əhli daha çox “istedad göstərgisi yapmaqla” məşğuldular, effekt yaratmaq, insanları təəccübləndirmək və sair. Hərdən bu ədəbiyyatın, bu mühitin içindən şou aləminin “pəncü-şeş” sədaları da eşidilir. Yəni, elə bir proses gedir ki, biz tamaşaçı olmağa məhkumuq. Tamaşasa bitənə oxşamır. Çox aşağı mətnlər haqqında ən kamil təlimlərin müddəaları tətbiq edilir, yazılır, vəhdəti-vücud kimi. Yaxşı ki, belə terminlər hələ yadda qalıb. Bir azdan onlar da unudulacaq. Bir boşluq yaranacaq, bax, orda, o boşluğun içində ədəbiyyat olmayacaq.

- Belə bir fikir də var ki, yazarlarımız oxunmur. Bunu nə ilə izah edərdiniz?

- Boş söhbətlərdir. Oxunma elə kitabı götürüb oxumaq deyil, bizdə yazılanların demək olar hamısı oxunur, ancaq oxucu ilə təmas qura bilən, oxucu ilə başqalaşa bilən romanlar, hekayələr, şeirlər yoxdur. Varsa da ümumi səs-küyün içində “istirahət edir”.

- Bəs üzə çıxarılası romanlarımız hansılardır? Bəzən oxucu nəsrin axsadığı bir dönəmdə yaxşı roman tapa bilmədiyindən də şikayətlənir.

- Hamısı üzdədir, boğulmaq təhlükəsi qətiyyən yoxdur.

- Poeziya haqda fikriniz nədir? Bu sahənin ən yaxşıları kimlərdir?

- Hamı yaxşıdır, illərdi çalışırlar, ürəklərdə tikan görünən yerdədir, maşallah...

- Ümumiyyətlə, yaradıcılıqda əsas amil nə ilə bağlıdır? Biri üçün düşüncənin dərinliyi, biri üçün ifadənin gözəlliyi, biri üçün də digər amil ön planda tutulur...

- Bu amili yazıçı özü seçir, daha doğrusu, ortaya qoyur, dediyiniz amillər və rənglər, rəng çalarları bir yazıda da ola bilir. Düşüncənin dərinliyini pəltək dillə necə ifadə etmək olar? Amma bir şey var, indi təkrar edirəm, hamıya yazmaq vergisi verilib, yazırlar, yaza bilənlərsə, yazmalı olanlarsa susur, gözləmək lazımdır, bu adamlar həvəsdən düşsünlər. Tanış psixoloji durum var, bilirsən, günahkar adamlar bəzən “tərtəmiz” görünmək istəyirlər, bu mərhələdə gözünün ilk tutduğu qələm olur, müqəddəs şeylərdən yazıb kitab bağlayırlar, yəni bu durum ədəbi mühitin içində gedən bir proses deyil, həyatdan gəlir, basqı, təzyiq şəklində, hər şey “xak ilə yeksan olur”,“Xortdanın cəhənnəm məktubları”na bənzəyir, ona görə yazı əhli içində özünü heç görməyən adamlar daha çoxdur. Bu adamların yazdıqları kitablar oxuduqları kitabların sayından çoxdur.

- Dünyaya çıxmaq vacibdir?

- Dünyaya çıxmaq boş şeydir, əsas onu ötməkdir.

- Yaxınlarda Yaradıcılıq Kursunun açılması ilə bağlı elan verildi. Yaradıclıq, yaxud yazıçılıq öyrətməklə öyrənilən məsələdirmi?

- Yox, deyil. Söhbətlərə ehtiyac var, bu kurslarda yazmağı unuda bilsən, yaxşı olar.

- İndi yazan da, çap edən də çoxdur. Buna münasibətiniz nədir, niyə ədəbiyyat xüsusən də gənclər arasında bu qədər populyardır? İndi bir neçə kitab oxuyan yazıçı olmaq sevdasına düşür.

- Təbiidir, ədəbiyyat həm də populyar olmalıdır, xüsusən də gənclər arasında. Onun mahiyyətində bir əyləncəlilik var, bunu unutmayaq. İnsanların sevdaya düşməsini mühakimə etmək olmaz, bu bir prosesdir, bitəcək, daha yaxşı və ya daha pis şeylərlə əvəzlənəcək. Çox yazmaq başqa bir tərəfdən yazı anlamının tərkibindəki ciddilik adında dəyərlərin dəyərdən düşməsi ilə bağlıdır, dəyər itdikcə, həvəs artar. Artsın, bir gün ciddi reyestrə keçid baş verəcək, mütləq!

- Buna münasibətiniz də maraqlı olardı. Yaşlı yazarlar gələndə tənqidlər bir az yumşalır, gənc yazarlar haqda isə cəsarətli və sərt tənqidlər edilir.

- Yaşlı yazarlar daha aqressiv ola bilir, gənclərin mübahisəsi dostluqlara yol açır.

- Sizcə roman yaza bilməyənlər kimlərdir?

- Vallah, belə bir nəzərlə baxmamışam. Amma yazanları tanıyıram. İndi Feysbuk ədəbiyyatı var, hamı özünü bir şəkildə ifadə etmək istəyir, bu, məsələnin yaxşı cəhətidir. Yəni, yazmaq anlayışı dəyişib, hamı yazır, hətta getdikcə səriştə, təcrübə kimi anlamlar da sıradan çıxır. Obyektiv, görünən mənzərə budur.

- Bir ara postmodernizmə meyillənmə oldu. Bu proses yenə davam edirmi? Amma belə görünür ki, o qədər də kök sala bilmədi, ola bilsin mənə elə gəlir.

- Elan verib postmodernist olmaq xülyadır. Və üstəlik, mətnlərin yazılması və yozulması fərqli şeylərdir. Hər yazarın özünəxas ədəbiyyat anlayışı var, yazı fərq deməkdir, bu fərqin azaldığı məqamda, yaxud yoxa çıxmaq təhlükəsi yarananda insanlar izmlərdən danışmağı sevirlər. Həm də: rəqsi təlim ediyor axsaqlar...

- Ümumiyyətlə, ədəbiyyatımız yenilənirmi?

- Hər an, hər gün.

- Belə bir fikir də var ki, dünyada Azərbaycan ədəbiyyatı anlayışı yoxdur. Bu belədirmi?

- Tutaq ki, fin ədəbiyyatından heç nə oxumamısan, bu həmin ədəbiyyatın olmaması anlamına gəlirmi?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər