22 Fevral 2019 17:08
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli sosial şəbəkə istifadəçilərini təhqir edib. O, xalq artisti, ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın əlinə pul verilməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya münasibət bildirərkən, bu haqda danışıb:

“Sosial şəbəkədəkilər gədə-güdədirlər. Siz bilmirsiniz, oxumaq nədir. Burada nə pislik var? Mən belə səviyyəsiz rəyləri, fikirləri oxumuram. Sosial şəbəkədə olanların əlindən heç nə gəlmir”.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Mətanət Əsədovanın ad günü mərasimi keçirilib. Mərasimdə bir necə sənət adamı - Vasif Mərərrəmli, Manaf Ağayev xalq artisti Könül Xasıyevanın əlinə pul verib. Bu isə sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. İzləyicilər bunu Könül Xasıyevaya dəstək yox, sədəqə verilməsi kimi qiymətləndiriblər.

Teleqraf.com müğənninin səsləndirdiyi fikirlər haqda sosial şəbəkə istifadəçilərinin fikirlərini öyrənib.

“Ərəbcə böyük səhv edib”

“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli: “Gədə - qədim türk sözüdür, mənası oğlan deməkdir. Vasif əgər bu sözü mənfi mənada, yəni avara, səviyyəsiz adamlar mənasında işlədibsə, ərəbcə böyük səhv edib. Feysbukda kifayət qədər səviyyəli, intellektual adamlar var, rəsmi şəxslər var. Bütün sahələr üzrə Feysbukdakı müzakirələr Vasifin başı üçün deyil. O, zatən burada baş çıxara, davam gətirə bilməz. Onun yeri diringi mahnılar oxunan “palatka” toylarıdır. Vasif kimisinin ovcuna 5 manat basasan, “Ana” segahı oxuya, sonra keçə “Can-cana”ya. Hər kəs cəmiyyətdə bir misisya daşıyır. Ciddi müzakirələr ciddi adamlar üçündür. Vasifin də, Mətanətin də işi adamları əyləndirməkdir. Onların etdiyi hərəkət sosial şəbəkədə qınanıb. Mən də qınamışam. Könül Xasıyeva onun ovcuna pul basanlardan qat-qat yüksəkdə duran sənətkardır. Qınamışıq ki, xəstə adama yardım edirsinizsə, bunu adam kimi edin, xəlvətdə edin, kamera qarşısında nümayiş etdirməyin. Vasifə yer edən budur. Bir də ki deyin, ay manıs, Feysbuk “gədə-güdə” yeridirsə, burada Milli Məclisin deputatları, digər rəsmi şəxslər də var. Sənin gücün pulsuz yazarlara çatar. Bu bir dəfə də efirdə jurnalistlərin üzərinə “xoruzlanmışdı”. Mənasız, duzsuz adamdır, ciddi sənəti təmsil etmir. Buna görə də ciddi yanaşmaq lazım deyil”.

“Bir fikri belə ifadə etməzlər”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Vasif Məhərrəmli məsələyə manıs kimi yanaşıb, ciddi yanaşmayıb. Adam qismən haqlıdır. Həqiqətən də, sosial şəbəkədən gədəcəsinə istifadə edən adamlar çoxdur. Amma ümumiləşdirmə aparmaq olmaz. Sosial şəbəkədən müxtəlif məqsədlər üçün istifadə edən adamlar var. Məsələn, əxlaqsızlıq edirlər, kiməsə söz atırlar, söyürlər. Bu adamlar həqiqətən gədəlik edirlər. Onlar real həyatda da belədirlər. Buna görə də onlar üçün sosial şəbəkə, yaxud real həyatda olmağın fərqi yoxdur. O insan ki, real həyatda da əxlaqlıdır, mədənidir – sosial şəbəkədə də, real həyatda da elədir. Yəni, Vasif Məhərrəmli qismən haqlıdır, ümumilikdə isə haqsızdır, çünki fikri belə ifadə etməzlər. Buna görə də,kitab oxumaq lazımdır ki, bir fikri hansı formada ifadə etmək olar. Bizim müğənnilərimizin əksəriyyətinin savadları olmadığı üçün haqlı olduqları məslələri də belə yanlış ifadə edirlər”.

“Onun bundan xəbəri yoxdursa...”

Azerfax.az saytının baş redaktoru Nicat Dağlar: “Düşünürəm ki, müğənni Vasif Məhərrəmli fikrlərini dəqiq ifadə edə bilməyib və nəticədə dedikləri ümumi anlam kəsb edib. Məncə o, “Sosial şəbəkələrdən gədə-güdələr də istifadə edir” demək istəyib. Yaxşı olar ki, müğənni yalnışlığa yol verdiyini etiraf edib, səhvini düzəltsin. Yəqin onun da xoşuna gəlməz ki, kimsə şou-biznesdən danışarkən, “Bu sahədə ancaq gədə-güdələr cəmləşib” desin. O da ola bilər ki, Vasif Məhərrəmlinin dünyanın dəyişməsindən, sosial şəbəkələrin çağdaş dövrümüzdə mühüm fəaliyyət kompenentinə çevrilməsindən xəbəri yoxdur. Bilmir ki, sosial şəbəkələrdən siyasi liderlər, dövlət adamları, ictimai xadimlər, dünyaca məşhur sənət adamları, alimlər də istifadə edir. Əgər doğrudan da Məhərrəmlinin bütün bunlardan xəbəri yoxdursa, onda biz buna görə ancaq təəssüflənə bilərik”.

“Ortaya çıxarılası bir mahnısı yoxdur, özü də…”

Yazıçı Əsəd Qaraqaplan: “Hər gədə-güdənin dediyi ilə yaşasaq, həyata elə yanaşsaq, daha nə oldu ki? Məncə, belələrinə ümumiyyətlə, cavab verməmək lazımdır. Qoy o dar düşüncələrində qalsınlar. Bir də özü Feysbuka girib nə edəcək? Ortaya çıxarılası bir mahnısı və ifası da yoxdur ki, deyəsən budur. Vasifdi də, danışır özü üçün”.

“Onlar haqda bu da azdır”

Qiraətçi, şair Xəzər Süleymanlı: “Vasif Məhərrəmlini yaxın bildiyim adamların vasitəsilə az da olsa, tanıyıram. İnanmıram ki, o fikri hər kəsə aid etsin. Nəzərə alsaq ki, onun özü də, ailə üzvləri də, dost-tanışları da aktiv sosial şəbəkə istifadəçiləridir, inanmaq çətindir. Çox güman bəzi istifadəçiləri nəzərdə tutur ki, onlar da yeri gəldi-gəlmədi hər mövzuya müdaxilə edir, kimliyindən asılı olmadan, insanları təhqir edirlər. Belə adamlar haqda gədə-güdə ifadəsi hələ azdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər